Kollec müəllimləri direktorları rüşvətdə ittiham etdi!

«MədəniMaarif və İqtisadiyyat kolleclərində rüşvət yığılır»

 Şamaxı rayon Mədəni-Maarif və İqtisadiyyat kolleclərinin bir qrup müəllimi adından prezident İlham Əliyevə, Baş prokuror Zakir Qaralova, Təhsil naziri Misir Mərdanova, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadəyə müraciət ünvanlanıb. Bir nüsxəsi də «Xural» qəzetinin redaksiyasına göndərilən məktubda dəhşət saçan məqamlar var.

Rumşah İsmayılov, Həlimə Musayeva, Ağarza Bayramov, Qürbət Əziz və Hacıağa Hacıyevin imzasıyla daxil olan məktubda bildirilir: «Bu il Şamaxı şəhər İqtisadiyyat Kollecinə testdən kənar 35 nəfər, Mədəni-Maarif Kollecinə isə testdən kənar 60 nəfər tələbə qəbul olundu. Hər iki kollecdə tələbələrin hər birindən 6000 (altı min) manat rüşvət toplandı. Rüşvəti İqtisadiyyat Kollecinin direktoru Vaqif İsgəndərov və Mədəni-Maarif Kollecinin direktoru Rauf Əliyev yığdılar».

Ümumilikdə İqtisadiyyat Kollecində 210.000, Mədəni-Maarif Kollecində isə 360.000 manat rüşvət toplandığını bildirən müəllimlər daha sonra rüşvətlə qəbul olunan tələbələrin digər «xərclərini» də yazırlar: «Kollecdə qeydiyyatdan keçmək üçün hər tələbə 40, katibənin siyahısına düşmək üçün 5, təhsil ödənişi üçün 1000 manat ödədilər və bütün bu pullar direktora təhfil verildi. İqtisadiyyat Kollecində pulları direktorun bacısı qızı yığır, o, katibə işləyir».

Müəllimlər yaş məhdudiyyəti ilə bağlı qanunun da direktorlara rüşvət yığımı üçün əlavə imkan verdiyini qeyd edirlər: «İqtisadiyyat Kollecinin direktoru Vaqif İsgəndərov yaşı 70-i keçmiş İmram müəllimdən 1000 manat, Nabat müəllimdən isə 900 manat rüşvət alaraq onların yenidən Kollecdə işləmələrinə şərait yaratdı».

 Məleykə Abbaszadənin Çuxuryurddakı villasını kim tikir?

Şikayətçilər hər iki kollec direktorunun yığılan pullardan rüşvət verdiyi yerlər barədə danışdıqlarını da deyirlər: «Kollec direktorları deyir ki, alınan rüşvətin 40 faizi Məleykə Abbaszadəyə, 40 faizi Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədova verilib. Qalan 20 faiz isə direktorların payına düşüb.

İqtisadiyyat Kollecinin direktoru Vaqif İsgəndərov deyir ki, Məleykə Abbaszadənin Çuxuryurd qəsəbəsindəki 3 mərtəbəli villasının tikintisinə 300 min manat xərcləyib. Bu məbləğ Mədəni-Maarif Kollecinin direktoru Rauf Əliyevdə 400 min manatdır».

Məktubda yazılanlara qarşı tərəfin münasibətini öyrənmək üçün hər iki kollecə telefon açdıq. Ancaq nə İqtisadiyyat (02026 – 5-11-59/ 5-25-46), nə də Mədəni-Maarif (02026 – 5-30-21/5-70-05) kolleclərindən gün boyu zənglərimizə cavab verən olmadı.

Şamaxıdakı özəl mənbələrdən isə öyrəndik ki, adıgedən müəllimlər doğrudan da kolleclərdə işləyirlər. Mənbəmizin sözünə görə, hətta şikayət məktubunun müəlliflərindən biri kimi qeyd olunan Ağarza Bayramov kollecdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsini daşıyır.

Qarşı tərəfin və yazıda adı çəkilənlərin mövqeyini dərc etməyə hazırıq.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 055 (464), 09 oktyabr 2011

Əlaqəli məqalələr

1 şərh

  1. Orada bir ad var Qürbət Əziz, bu adam Şamaxıda rüşvət, yaltaqlıq, vicdansızlıq simboludur. Ondan hər cür əxalaqsızlıq murdarlıq gözlənilir. Oradan da pul uman bu adam işverənlik edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button