Komandasız rejim

Qaranlıq Məqam

 Bakir Həsənbəyli

  Həmişə biz yazırdıq. İndi özləri deyirlər. Həm də biri digərinə. Bu ya qulağın alışmasıdır, ya da fərqinə varma. Birincidən fərqli olaraq, ikinci vəziyyətin yaranması çox normaldır. İnsan kim olduğunun və nə etdiyinin fərqinə varırsa, deməli, düşünməyə başlayır. Düşünürsə, deməli, başı var.

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun Təhsil Nazirliyinin adına “elm” sözünü də əlavə etmək təklifi anormallıq hesab edilib. Normalda bu təklifdə heç bir anormallıq-filan yoxdur. Amma biz Əhliman həkimdən çox bilməyəcəyik ki? Adam həm həkimdir, həm də həkimlərə Ziya Məmmədov taksiçilərə lisenziyza verdiyi kimi diplom verən qurumun rəhbəri – Azərbaycan Tibb Universitetinin rektoru. Digər bir tərəfdən, Abel müəllimi Əhliman müəllimdən yaxşı tanıdığımızı iddia etməyimiz elə onların vəziyyətinə düşməyimiz kimi bir şey olardı. Onda şərh edək, lakin  qarışmayaq. Ən maraqlı cəhət isə hər iki rektorun deputat olmalarıdır. Deməli, bugünkü Milli Məclisin qeyri-ciddi bir qurum olması ilə bağlı gəldiyimiz qənaət özünü doğruldur.

Əslində, bu iki məmurun, alimin, deputatın bir-birinə kafa tutması, hər kəsin özünü daha ağıllı hesab etməsi deyil. Çünki bu iqtidarda təmsil olunan hər kəsin düşüncə tərzi eynidir. Bu rejimin baş naziri ilə “JEK” müdiri eyni cür düşünür. Çünki qurduqlarının mahiyyəti budur. Hər kəs eyni pultla idarə olunur. Hər kəsə bir əmr verilib – düşünmə, icra et. Qısqanclığın, aqressiyanın, qəbul edə bilməmənin kökündə də elə bu durur.

Bir müddət öncə çalışdığım dövlət qurumunda mənəviyyatı 0-ın altında olan guya rəhbər olacaq birisi – müavini onun yanında telefonla danışdığına görə lap Kür kimi kükrədi. Hər birimiz – həmin təşkilatın rəhbərləri olaraq durmuşduq. Burada qeyri-adi heç nə yox idi. Adam sadəcə telefonuna gələn zəngə cavab vermişdi, hamısı bu qədər. “Sənə Baş nazirmi zəng etmişdi? Məcbur idinmi cavab verəsən?” və s. Adam söyləndikcə daha da kükrəyir, kükrədikcə bütün sədləri keçir və həddini aşırdı. Bir dılğır idarənin rəhbəri ölkənin Baş nazirini ələ salırdı. Özünü çox ali şəxsiyyət hesab edirdi. Çünki adam özünü tanıyırdı. Bilirdi ki, bu ağılla, tərbiyəsizliklə və nəhayət, kütlüklə bu qədər sərvəti qazanıbsa, deməli…

Deməli nə? Adam daha kimisə aldırarmı? Əlbəttə, aldırmaz. Hər kəs öz sahəsində prezidentdir. Kimsənin sözü kimsənin boğazından keçmir. Bu rejimin mahiyyəti illərdir onun komanda olmasına mane olur. Bunları birləşdirən xofdur, qorxudur. Komanda təfəkkürləri yoxdur. Əli Həsənovun çıxıb ağıllı-ağllı “iqtidar komandası”-filan söyləmsi sadəcə cəfəngiyyatdır. Adam özü də fərqindədir. Komanda olmaq üçün əvvəla, prinsiplər müəyyənləşdirilməlidir. Rüşvət yığmaq nə vaxtdan prinsip olub? Və ya rüşvətxor olmaq üçün komandamı lazımdır?

Zirəddinlik etmək istəmirəm, amma mən bunların aqibətini çox pis görürəm, qardaş. Bunlar irili-xırdalı səddam hüseynlərdir. Bir nəfər belə bunları müdafiə etməyəcək. Kimsə bunlar uğrunda vuruşmayacaq. İllərlə aşağıladıqları təpələrinə minəcək. Süfrələrində sülənənlər üzlərinə duracaq. Heç olmasa, Səddam bir müddət də olsa gizlənməyə it yuvası tapdı. Bunlar bu məmləkətin itinə də zülm ediblər, pişiyinə də. İt niyə yuvasını güzəştə getsin ki? Bu günlərinə baxma, Günəşə hürənlər indi pula hürürlər. Vay o gündən ki, Günəş buludun arxasında ola, pula lüzum qalmaya.

“Xural” qəzeti,

il 9, sayı: 061 (471), 16 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button