Komitə sədrinin bahalı xidməti avtomobil almasına aydınlıq gətirilib

Bu günlərdə sosial şəbəkələrdə dövlət qurumlarının aldığı xidməti avbtomobillərlə bağlı geniş müzakirələr açılmaqdadır. Belə qurumlardan biri də Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsidir. Sosial şəbəkə istifadəçiləri dövlət satınalmalarına dair reyestr məlumatlarına istinadən komitənin sədri Rövşən Rzayevin özünə bahalı xidməti avtomobil aldığını  bildirirlər.

Reyestr məlumatlarından aydın olur ki, Komitə 180 min manata yaxın dəyəri olan BMW 740 Lİ avtomobilini əldə edib. Ötən ilin aprel seçkilərindən sonra Komitə sədri təyin olunan və rəhbərlik etdiyi qurumda ciddi dəyişikliklərə nail olan R.Rzayevin belə bahalı avtomobil alması sosial şəbəkə istifadəçiləri tərəfindən mənfi qarşılanıb.

Komitənin İctimaiyyətlə əlaqələr şöbəsindən musavat.com-a verilən məlumatda bildirilir ki, son günlər bəzi elektron kütləvi informasiya vasitələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin xidməti avtomobili ilə əlaqədar məlumat yayaraq, ictimaiyyətdə yanlış təsəvvür yaratmağa cəhd göstərirlər: “Bununla əlaqədar olaraq bildiririk ki, ötən il dövlət başçısının apardığı struktur islahatları və mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlərin təyinatı çərçivəsində Baş nazirin müavininin eyni zamanda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin səlahiyyətlərini yerinə yetirməsinə xitam verilmiş, Dövlət Komitəsinə yeni sədr təyin edilmişdir. Bu zaman xidməti avtomobilin Baş nazirin müavininin istifadəsində qalması və yeni təyin edilmiş sədrin xidməti avtomobillə təmin olunmasına zərurət yaranması nəzərə alınaraq, yeni avtonəqliyyat vasitəsinin alınması üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən mövcud qaydada dövlət vəsaiti ayrılmışdır. Xidməti avtomobilin alınması mövcud qanunvericilik əsasında həyata keçirilmişdir”.

Alınan avtomobilin markasına gəlincə, şöbədən bildirildiyinə görə, xidməti avtomobilin markası seçilərkən onun respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının istifadəsində olan avtonəqliyyat vasitələrinin markasına uyğunluğu əsas götürülüb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button