Konstitusiyanın 32-ci maddəsinə təklif olunan əlavələr MHŞT standartlarına ziddir

Qubad İbadoğlu Konstitusiyaya təklif olunan dəyişikliklərdən yazıb. Konkret 32-ci “Şəxsi toxunulmazlıq hüququ” maddəsinə 3 bəndin əlavə olunmasından bəhs edən ekspert bunun beynəlxalq standartlara zidd olduğunu vurğulayıb. Qubad İbadoğlunun facebook statusunu xural.com təqdim edir:

Konstitusiyaya təklif olunan dəyişikliklərdən biri də 32-ci “Şəxsi toxunulmazlıq hüququ” maddəsinə 3 bəndin əlavə olunmasıdır. Konstitusiyanın bu maddəsi əvvəlki variantda hər kəsin şəxsi toxunulmazlıq hüququna təminat verirdi. Hazırda təklif olunan yeni redaksiyada 32-ci maddəyə aşağıdakı məzmunda VI, VII və VIII hissələrin əlavə edilməsi planlaşdırılır.
“VI. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır.
VII. Məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərtilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz.
VIII. Fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir.”.
İlk növbədə onu qeyd edim ki, Konstitusiyanın 32-ci maddəsinə təklif olunan VI-VIII hissələr əslində qanunlara edilmiş dəyişikliklər mülkiyyət sahibləri və dövlət şirkətlərinn fəaliyyətindən faydalananlarla bağlı məlumatlara çıxış imkanlarının məhdudlaşdırılmasına yönəlib. 2012-ci ildə mövcud qanunvericilikdə aparılan dəyişikliklərlə Azərbaycanda kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar yasaqlanıb. Bununla bağlı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Kommersiya sirri haqqında” qanunlara müvafiq dəyişikliklər edilib. Hazırda konfedensial hesab olunan bu məlumatlara çıxışın qapalı olması bir tərəfdən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə, eləcə də korrupsiyaya qarşı mübarizə imkanlarını məhdudlaşdırır, digər tərəfdən isə Azərbaycanın beynəlxalq miqyasda götürdüyü öhdəliklərlə ziddiyyət təşkil edir. Belə ki, Azərbaycanın da qoşulduğu Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MHŞT) beynəlxalq idarə heyətinin Limada keçirilən 25 fevral 2016-cı il tarixli iclasında qəbul edilmiş qərarda göstərilir ki, üzv ölkələr mülkiyyət sahibliyinin açıqlanması ilə bağlı Yol Xəritəsi hazırlamalı və 2020-ci ilədək bu sahədə milli qanunvericilikdə olan bütün hüquqi baryerləri aradan qaldırmaqla, həmin ildən bu təşəbbüsü məcburi olaraq tətbiq etməlidir. Hətta MHŞT üzrə Çoxtərəfli Qrupun 29 iyun 2016-ci il tarixli iclasında Beyker və Makkenzie şirkəti benefisiar sahiblik məlumatlarının açıqlanmasına dair Yol Xəritəsini hazırlayacaq şirkət olaraq seçilib. Belə olan halda Konstitusiyanın 32-ci maddəsinə təklif olunan əlavələr MHŞT-nin benefisiar sahiblik məlumatlarının açıqlanmasına dair tələbinin Azərbaycanda tətbiqində baryer yaradacaq. Nəticədə dövlət şirkətlərində payı olanlar, həmin şirkətlərin fəaliyyətindən bəhrələnənlərə dair məlumatların əldə edilməsi mümkün olmayacaq. Aydındır ki, bu əlavələr məhz mülkiyyət sahiblərinin və ondan faydalananların mənafeyinə xidmət edir və beynəlxalq təşəbbüslərlə əksdir.
Eyni zamanda 32-ci maddəyə təklif olunan əlavələr Konstitusiyanın 50-ci «Məlumat azadlığı» maddəsi ilə də ziddiyyət təşkil edəcək. Çünki həmin maddənin I hissəsində deyilir ki, hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Eyni zamanda Konstitusiyanın 155-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz. Beləliklə, Konstitusiyanın 32-ci maddəsinə təklif olunan VI-VIII hissələr qəbuledilməzdir.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button