Korrupsiya qalmaqalında Tale Heydərovun adı hallanır

Tale Heydərov

Rüşvət olaraq verilmiş 10 milyonun 8 milyonu İsveç bankından hansı hesaba köçürülüb?

 Artıq rəsmi olaraq Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovla bağlı araşdırmalar başlayıb. Beynəlxalq Həvəskar Boks Assosiasiyası 9 milyon dollarlıq rüşvət iddiası ilə bağlı ayrıca komissiya yaratdı; ABŞ xüsusi xidmət orqanları da bu olayla maraqlanacaq. Bu barədə dünən verilən rəsmi informasiyalarda deyilirdi ki, qalmaqalla bağlı araşdırmalar aparılacaq. Artıq üçüncü gündür ki, dünya mediası fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) tərəfindən peşəkar boks yarışlarının təşkili üçün təsis olunmuş “World Series Boxing”in (WSB) təmsilçisinə 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycan yığmasına iki qızıl medal verilməsi üçün 10 milyon dollar rüşvət verdiyi barədə qalmaqaldan bəhs edir.

Həmçinin AİBA prezidenti də açıqlama verərək araşdırmaların aparılacağı barədə məlumatlar verirlər. Federasiya prezidenti Çinq-Kuo Vu açıqlamasında yaranan qalmaqlla bağlı bunları deyib. Əlavə edək ki, Vu əslində federasiyada zaman-zaman korrupsiyaya görə cəzalandırılanların olduğunu da inkar etməyib: «Mən AİBA-nın ünvanına korrupsiya xarakterli ittihamlarla barışa bilmərəm. Mən bizim təşkilatda korrupsiyaya qarşı ciddi mübarizə aparıram. Dörd il ərzində mən 4 vitse-prezidenti, baş katibi, İcraiyyə Komitəsinin 6 üzvünü və 2 komissiya üzvünü işdən azad etmişəm. AİBA bu məsələnin təhqiqatı üzrə komitə yaratmışdır və bu komitənin bütün üzvləri peşəkarlardır. BBC ilk növbədə real faktlar təqdim etməlidir. Hər bir ölkədə bu qəbildən olan ittihamları hüquqşünaslar təhqiq etməlidir. Biz təhqiqatın nəticələrini gözləyəcək, sonra isə cəza tədbirləri görəcəyik».

Dünən apardığımız araşdırmalar zamanı məlum oldu ki, BBC yaxın günlərdə yayılan bu informasiyalarla bağlı açıqlama verəcək. BBC rəhbərliyi bəyan edir ki, onlara daxil olan məlumatlar kifayət qədər dəqiqdir və yeni faktlar açıqlayacaqlar. Maraqlıdır ki, bu informasiyalarda adı hallanan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kredit formasında İsveçrəyə pul köçürdüyü söylənilir. Məlumat verilir ki, əslində bu qalmaqalla bağlı bir sıra yeni faktlar da var.

Dünən redaksiyamıza BBC-də yayımlanan məlumatla bağlı başqa bir informasiya da daxil olub. Məlumatda bildirilir ki, əslində yaşanan qalmaqalla bağlı Kəmaləddin Heydərovun adı təsadüfən çəkilməyib. Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, 2012-ci ildə Yay Olimpiya Oyunlarının keçirilcəyi məkan kifayət qədər diqqəti cəlb edir. Belə ki, boks qalmaqalı ilə bağlı adıçəkilən «fövqəlnazir»in oğlu Avropa-Azərbaycan Cəmiyyətinin (The European Azerbaijan Society, TEAS) rəhbəridir. TEAS 2008-ci ildən fəaliyyətə başlayıb, 2005-ci ildən isə London-Azərbaycan  Cəmiyyəti kimi fəaliyyət göstərib. Təşkilatın sədri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovdur. T.Heydərov həm də «Gilan Avropa»nın prezidenti, «Jalə» şirələrinin Avropada reklam siyasətini yürüdən şəxsdir. İki gündür ki, biz əlimizdə olan informasiyaları dəqiqləşdirmək üçün Avropa-Azərbaycan Cəmiyyətinin rəsmi telefonlarına (Londondakı Tel: +44 (0) 207 104 2246) və e-mial ünvanlarına müraciət edirik, amma cavab verən yoxdur. Qeyd edək ki, apardığımız araşdırmalar nəticəsində The European Azerbaijan Society11-12 StJames’s SquareLondon, SW1Y 4LB ünvanında yerləşən cəmiyyətin bank hesablarını da dəqiqləşdirməyə çalışdıq. Məlum oldu ki, Londonda yerləşməsinə baxmayaraq, bu təşkilatın bank hesabının olduğu ölkə kimi Böyük Britaniya Krallığı göstərilməyib. Lakin hələlik tam dəqiqləşdirə bilmədiyimiz məlumatlara görə, Tale Heydərovun təşkilatı İsveçdə yerləşən bir bank hesabı ilə fəaliyyət göstərir. Təbii ki, bank sirri olduğundan bizim bu təşkilatın hesabına nə qədər pul köçürüldüyü və nə qədər pulun başqa hesablara köçürülməsi barədə heç bir məlumat əldə edə bilmədik. Lakin araşdırmalar nəticəsində BBC-nin məlum informasiyasında AİBA-nın hesabına Azərbaycandan İsveç bankı vasitəsilə 10 milyon dolların ötürülməsi diqqətimizi çəkdi.

Bu araşdırma zamanı biz əslində 8 milyon manatın hara sərf edildiyini öyrənmək istəyirdik. Çünki bu günlərdə Azərbaycan Boks Federasiyasının prezidenti Ağacan Əbiyev mətbuata açıqlamasında bildirib ki, əslində, Azərbaycan AİBA-ya 2 milyon dollar pul ödəyib. A.Əbiyev bu 2 milyon dolların üzvlük haqqı olaraq ödənildiyini bildirib. Deməli, 10 milyonun 2 milyonu üzvlük haqqı olaraq leqal şəkildə ödənilibsə, 8 milyonluq kredit adı altında İsveç bankına, oradan isə AİBA-nın hesabına köçürülən pulun taleyini müəyyən etmək lazımdır.

Bu barədə bizimlə söhbət edən Avropada mühacirət həyatı yaşayan jurnalist həmkarlarımızdan biri bildirdi ki, əslində baş verən qamqalla bağlı Tale Heydərovun hədəfə gətirilməsi planı və bununla da Kəmaləddin Heydərovun siyasi səhnədən çıxarılması planı üzərində işlənilir. Məlumatlara əsasən, beynəlxalq skandala çevrilən bu hadisə ilə bağlı konkret və əlavə faktlar açıqlanarsa, o zaman AİBA-nın ən azından Kəmaləddin Heydərovla əlbir olan tərəfdaşlarını ağır cəza gözləyə bilər. Hər halda İsveç bankından pulun ödənilməsi və bu pulların 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıqların görülməsi kifayət qədər diqqətimizi çəkdi. Mövzu ilə bağlı yazıda adıçəkilən tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 043 (451), 26 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button