Korrupsiyaya Qarşı Mübarizə İdarəsində korrupsiya

Qurumun «Qaynar xətti»ni rüşvət yuvasına çevirənlər kimlərdir?

Bir iş adamının başına gələn hadisə haqqında XuralTAC-a maraqlı bir məlumat daxil olub. Məlumatda Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş verən korrupsiyadan bəhs olunur. İddia olunur ki, qurumun «Qaynar xətti» korrupsiya predmetinə çevrilib. Burada əməlli-başlı rüşvət mexanizmi qurulub və bu mexanizm ölkənin bir çox əhəmiyyətli təşkilatlarında sınaqdan çıxarılan mexanizmin eynisidir. XuralTAC-ı bilgiləndirən mənbənin dediklərinə inansaq, proses belə baş verir. Əvvəlcə quruma daxil olan ərizə və şikayətlər xüsusi olaraq araşdırılmadan qarşı tərəf xəbərdar edilir və İdarəyə dəvət edilir. «Bəzi şirkətlər və dövlət qurumları var ki, bunun üçün qurumun əlaqədar səlahiyyət sahibinə külli miqdarda pul ödənir. Bu pul şikayətlərdən və yazılan məktublardan vaxtında xəbərdar olunmaq üçün verilir. Belə «anlaşmalara» sahib olan bəzi iş adamlarının digərlərinə nisbətən üstünlükləri var. Onlardan məktub, ərizə, zəng daxil olan kimi İdarəyə çağrılıb «xəbərdar» edilir və məsələyə «aydınlıq» gətirilir» – deyən mənbə bu üsulun illərdir Prezident Administrasiyasında tətbiq olunduğu və «uğurla» sınaqdan çıxdığını bildirir.

«Ona görə də bəzi şikayətlərdən xəbər çıxmır. Çünki bunun əvəzində ödənən külli miqdarda paralar var. İndi bu para Korrupsiyaya Qarşı Mübarizə İdarəsində dönür və burada ağlasığmaz məbləğlərdən söhbət gedir. Bu yaxınlarda bir iş adamının haqqında daxil olan 3-cü telefon zənginə görə 4.000 manat alındığı faktı var və iş adamına bildiriblər ki, növbəti telefon zəngi onun həbsi ilə yekunlaşacaq» – bunu da adının çəkilməsini istəməyən mənbəmiz deyir.

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 013(421), 03-09 aprel 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button