“Kredit borcunu ödəyə bilməyənlərə hədə xarakterli zənglər edilir…”

Əliməmməd Nuriyev

Son vaxtlar banklardan kredit borcunu ödəyə bilməyən vətəndaşlara hədə xarakterli zənglər edilir. Zəng edən bank əməkdaşları bildirirlər ki, borclarını ödəmədikləri təqdirdə iş yerlərinə şikayət olunacaq. Eyni zamanda, rəsmi iş yeri olmayan borclular isə həbs ediləcəklər.

Bəs, görəsən, bankaların belə zəngləri hüquqi baxımdan nə dərəcədə doğrudur?

Tanınmış hüquqşünas, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev moderator.az-ın məsələylə bağlı ona ünvanladığı suala aydınlıq gətirib.

Ə.Nuriyev bildirib ki, bankla müştəri məsələləri hər zaman müəyyən problemlərlə müşayiət olunub və bu hal son vaxtlar daha da intensivləşib:

“Xüsusilə də müştərilər tərəfindən borcun vaxtında qaytarılmaması, faizlərin ödənilməməsi məsələlərində. Çox təəssüf ki, Azərbaycan bankları daha çox kreditlər hesabına fəaliyyət göstərirlər, halbuki digər formalardan istifadə etməklə də dah çox gəlir əldə edə bilirlər. Banklar təkcə vətəndaşlara verilən kreditlər hesabına fəaliyyət göstərməməlidir, bu, ancaq bankların gəlir gətirən sahələrindən biri olmalıdır. Çox təəssüf ki, banklarımız yalnız bu tip primitiv fəaliyyətə üstünlük verirlər və bu da bankla vətəndaş arasında problemlərin yaranmasına gətirib çıxarır. Xüsusilə də ikinci devalvasiyadan sonra banklarla müştərilər arasında problemlər getdikcə dərinləşir. Müştərinin kreditini ödəyə bilmək imkanları məhdudlaşıb. Digər tərəfdən, dolların məzənnəsi manata nisbətən daha da möhkəmlənib. Müştərilərin əksəriyyəti krediti dollarla götürdüyü üçün bugünkü məzənnəyə uyğun ödənişə məcbur olduğundan, kreditləri qaytarmaq imkanları məhdudlaşıb. Belə olan halda da banklar çalışacaqlar ki, müştərilər kreditləri geri qaytarsınlar və müştərilərə də bu səbəblə müxtəlif zənglər olunur”.

Hüquqşünas daha sonra qeyd edib ki, bankların müştərilərə hədə-qorxu gəlməyə ixtiyarı yoxdur:

“Bankdan gələn zəngin ilk növbədə xarakteri müəyyən olunmalıdır. Əgər zəng sadəcə xəbərdarlıq xarakteri daşıyırsa, müştərilər borclarını ödəməyə dəvət olunurlarsa, bu, normal yanaşmadır. Yox, əgər hədə-qorxu gəlirlərsə, bankların bunu etməyə ixtiyarları yoxdur. Banklar yalnız həmin müştəriləri məhkəməyə verə və məhkəmə vasitəsi ilə kreditlərin geri qaytarılmasını təmin edə bilərlər. Banklar ona görə məhkəməyə müraciət etmirlər ki, məhkəməyə müraciət edildikdə kreditin faizi dayanır. Onlar da çalışırlar ki, müştəriləri daha çox borca salsınlar, faizlər daha da çoxalsın və vətəndaşın daha çox əmlakını ələ keçirsinlər. Banklardan açıq-aşkar hədə-qorxu tipli zənglər olduqda isə müştərilər hüquq-mühafizə orqanlara müraciət edə bilərlər. Banklardan olunan zənglər müştərinin təhlükəsizliyi ilə bağlıdırsa, fiziki və psixoloji zor təsir etməyi özündə ehtiva edirsə, bu zaman məsələnin cinayət hüququ müstəvisində araşdırlması zərurəti yaranır”. 

Ə.Nuriyev sonda onu da vurğulayıb ki, indiki vəziyyətdə banklar borcunu ödəyə bilməyən müştərilərə hədə-qorxu gəlməyə yox, əlverişli şərtlər təklif etməyə çalışmalıdırlar:

“Banklar müştərilərə belə zənglər etməkdənsə, problemli kreditlərin həll edilməsi ilə bağlı müştərinin vəziyyətini də nəzərdə tutan əlverişli yollar tapmalıdırlar. Məsələn, bu zaman müştəriylə əlavə müqavilə bağlanılmasını, müştərilərə möhlət verilməsini təklif edə və yaxud da kreditin ödənilməsi şərtlərinə dəyişikliklər edə, faziləri müəyyən qədər azalda bilərlər. Bu məsələdə müştərinin daha çox stimullaşdırılmasına  ehtiyac var. Hesab edirəm ki, banklar müştəriləri anlayışla qarşılamalıdır, kreditlərin geri qaytarılması barədə düşünməlidirlər, nəinki imkanı olmayan müştərinin üstünə getməlidirlər. Artıq bu vəziyyət sübut etdi ki, bəzi hallarda banklar kredit verdikdə müştərinin ödəmə imkanlarını yoxlamayıblar. Bəzi hallarda kreditlər zəmanətsiz, təminatsız verilib, ona görə də indi bu vəziyyətə düşüblər. Bankların müştəriləri narahat etməsində bir məqsəd də müştərilərin qoyduqları girovların üzərində sərəncam vermək hüququnu ələ keçirməyə çalışmalarıdır. Düşünürlər ki, belə etsələr, müştəri də ya əmlakını dəyər-dəyməzə satıb, banka olan borcunu ödəyəcək və ya da girov qoyulan əmlakı tez zamanda bankın mülkiyyətinə keçirəcək”. 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button