Kreditlərin daraltdığı iqtisadiyyat

Məhəmməd Talıblı

Müstəqil iqtisadçı

 

Dünyaca məşhur olan Edmund Conwayın dəyərli bir fikri var: ”Krediler daralınca, ekonomi durur.” Bu düşüncədən yola çıxaraq ölkədəki iqtisadi artımın sürətlə aşağı düşmə səbəblərindən birini də bu amildə görə bilərik. Kommersiya banklarının kredit resurslarından istifadə səviyyəsi xeyli aşağı düşüb. Azərbaycanda kommersiya bankları etdikləri 2 ifratın fərqində deyillər. Biri böhrandan qabaq az qala helipkotlerlə bütün ailələrə (2,4 mln. nəfər) kredit paylaması (verməsi yox, bəli, məhz paylaması!) idi. Digəri isə hazırda kredit torbasınnın ağzını yığaraq yürütdüyü konservativ bank siyasətidir.
Birinci halda ”köpük” iqtisadiyyatın əlamətləri açıq sezildi. Gəlirlərə adekvat olmayan kreditlə bahalı avtomobillər, mənzillər və digər istehlak malları satın alınmışdı. Ödəmə qabiliyyəti azalan kimi məcmu tələb də zəiflədi.
İndi isə digər ifrat sayılacaq bir siyasət – müştəriləri, xüsusilə biznes kreditlərinin xeyli məhdudlaşdırılması hesabına sahibkarların resursa çıxış imkanlarının xeyli azaldılmasıdır. Borc alanı və satanı bir araya gətirən bank institutları bu vəziyyətdə biznesi kreditsiz qoymaqla özlərini iqtisadiyyatın ”nəfəsboğucusuna” çevirirlər. Banklar bu nisbi sükunətdə ən pis halda ”gələcəkdə qazana biləcəklərini” itirirlər. Dövlət isə yaxın gələcəkdə iqtisadiyyatın bütöv halda bundan daha çox itirəcəyinin fərqində olmalıdır. Məhz yaranmış mövcud situasiyaya görə, dövlət kredit bazarına sadəcə seyrçi kimi baxmalı deyil. Xüsusilə, Mərkəzi Bank və Maliyə Bazarına Nəzarət Palatası özünün monetar alətlərindən istifadə edib, iqtisadiyyatda əvvəlki hərarətini təmin etmək üçün effektiv tədbirlərə başlamalıdır.
Başa düşdük! Təkcə bizdə yox, bütün dünya ölkələrində Mərkəzi Bankların əsas məqsədi iqtisadiyyatları ani düşüşlərdən və çıxışlardan qorumaqdır. Amma bu ifrat amplitudalardan qaçaraq Mərkəzi Bank bazarda tənzimləmə alətlərini dişsiz etməli də deyil. Əks halda Mərkəzi Bankın bu davranışı bizlərə döyüş meydanında yanacağı qurtarmış zirehli texnikanın ortada qalmasını xatırladacaq. Məhz bu vəziyyətdə Mərkəzi Bankın destimulizasiyası kredit bazarındakı iştirakçıları uzunmüddətli qəbiristanlıq sakitçiliyinə qərq etmək kimi bir şeydir. Biz iqtisadiyyatda devalvasiya ehtimalına görə qəbiristanlıq sakitçiliyini qorumaq, yoxsa iqtisadi dinamizmin güclənməsi fonunda monetar proseslərə yön verməliyik? Dövlətin monetar qurumları bu fundamental suala özünün preventiv addımları ilə aydınlıq gətirsə, yaxşı olar.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button