Kremldən çağırış: “Qərbə Cənubi Qafqazdan “rədd olun” deməliyik”
Yayımlandı: 7 Oktyabr 2024 18:17
Zaxarova region ölkələrini birgə fəaliyyətə çağırıb
Rusiya Xarici İşlər Nazirliyi növbəti dəfə Qərbi Cənubi Qafqazda təxribat törətməkdə ittiham edib.
Bu barədə oktyabrın 7-də nazirliyin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova yerli jurnalistlərə danışıb.
Onun sözlərinə görə, Qərb Cənubi Qafqazda təxribat törətməyə çalışır.
Mariya Zaxarova region ölkələrini bu cəhdlərlə mübarizə aparmağa çağırıb:
“Kollektiv Qərb ölkələrinin, NATO blokunun özünün problemli “bulanıq suda balıq tutmaq” arzusunu görürük. Qərbin xaosu idarə etmək istəyi ilə əlaqədar dünyanın müxtəlif nöqtələrində gedən ümumi sabitsizliyinin bizim regionumuza sıçramaması üçün əlimizdən gələni etməliyik”.
“Bu bölgə çox dözümlüdür, çoxlu münaqişələrdən, hətta müxtəlif millətlərdən olan insanların qəlbində yara izləri olan qanlı, amansız müharibələrdən keçib. Burada sülhü qorumaq üçün birlikdə çox səy göstərmişik. Biz hər şeyi etməliyik ki, bu növbəti hiyləgərlərə və manipulyatorlara, belə demək mümkünsə, onların idarə olunan xaos siyasətini inkişaf etdirməyə imkan verməyək”, – deyə Zaxarova bildirib.
“Qoynunda bıçaq daşıyanlara “regionumuzdan rədd olun” deməliyik”,– deyə o bildirib.
Oktyabrın 4-də Rusiya Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Qərbi Cənubi Qafqazda sabitlikdə maraqlı olmamaqda ittiham etmişdi.
Aleksandr Bortnikov Astanada MDB təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının iclasında bildirmişdi ki, Qərb guya Yerevan və Bakı arasında münasibətlərin nizamlanmasına kömək etmək üçün NATO ölkələrinin “sülhməramlı” kontingentini Cənubi Qafqzda yerləşdirməyə çalışır:
“Amerikalılar və avropalılar Cənubi Qafqazda sabitliyin bərqərar olmasında maraqlı deyillər. Yerevanı Bakı ilə danışıqların uzanmasına meylləndirən Qərb Azərbaycan-Ermənistan nizamlanması prosesinə rəhbərlik etməyə və regionda Birləşmiş Millətlər Təşkilatının, əslində isə NATO-nun himayəsi altında öz “sülhməramlı” kontingentinin yerləşdirilməsinə nail olmağa çalışır”.