Küçə faşizmi…

adasa“Kim sevirsə idmanı – bir, iki, üç, dörd…” – ötən əsrdə zümzümə edərdilər.

Bizim əsrimizdə bu misradakı rəqəmlər təpik, şillə və güllənin sayına çevrilib. Yox, hələ ki ölkə Martin Skorsezenin xrestomatik “Nyu-Yorkun bandaları”ndakı səhnələri izləmir. Yaxud Fernandu Melyeryeşin çox güclü “Tanrının şəhəri” filmindəki – Braziliya favellərində gedən gündəlik müharibənin sosial realizm üslubundakı epizodlarının totallığına da çatmamışıq.

Ancaq proseslər həmin yöndə gedir. Və Viktor Tsoyun adınca söyləmək istəyirsən: “Xəstəyik hamımız, ana…”

Rasim Əliyevi qətlə yetirənlərin beyin qırışlarından məhrum, əvəzində isə özünə və haqlı olduqlarına ifrat inanan personajlar olduğuna çoxlarınınmı şübhəsi var?! Ancaq onlar unikal deyillər. Hətta deyərdim ki, orta statistikdirlər.

Bu nəsil üçün Sex Pistolsun mahnısındakı şüar müvafiq gəlir: “No Future!”.

Bəli, gələcək yoxdur! Onların nə sabaha tuşlanmış pozitiv məqsədi, nə insanlıqla kəsişən ideyası, nə savadı, nə mədəniyyəti var. Əvəzindəsə onlarda qətiyyətli əminlik var ki, bunların heç birinin olmaması daha normaldır. Axı gözlərini açandan onların gördükləri hər yerdən süzülüb gələn aqressiya, “insan insana canavardır” prinsipi, özünütəsdiqin neqativ formalarıdır.

Bura əlavə edin: tar-mar olmuş elm və təhsil, valideynlərin qəpik-quruş uğrunda amansız və fasiləsiz çarpışmaları, mədəniyyətin reqressi, insani dəyərlərin qətli…

Qalır nə? Yalnız o ki, bu ümidsizliyi, savadsızlığın və mədəniyyətsizliyin gətirdiyi vəhşiləşməni özünütəsdiqin ən eybəcər üsullarına əl ataraq sublimasiya etmək. İş yox, savad yox, perspektiv yox. Əvəzində isə daxildə qalan seçilmək, yarınmaq, qazanmaq, təqlid etmək yanğısı var.

Kriminal şəraiti çox yerdən qat-qat sakit olan Bakıda onlar yerli seriallara baxırlar – bu seriallarda isə onların prototipləri bahalı maşınlarda əllərində tapança sağa-sola atəş açır, başqalarını şil-küt edir, mafiyaya qulluqda pul qazanır, hələ üstəlik həmin realda olmayan ekran personajlarına ətrafdakı obıvatellər qorxu qarışıq pərəstiş də edirlər.

TV yeni və eybəcər reallıq yaradır. Bu reallıq əvvəldə yalnız ekrandadır. Sonra isə həyata enir.

Bu yeni nəslin gördükləri nə olub ki? Onlara hansı həyat proqramı, yaşam qaydaları təlqin olunub? Sabah yoxdur, bu gün isə əzməsən əziləcəksən.

Və beləliklə, “türmə mahnıları”nı dinləyən, mininci sort seriallara baxan, qoluzorluluğun maddi dividentlərini (və hətta hakimiyyətə gərəkliliyini) görən bu subkultura daşıyıcıları gecənin ac çaqqalları kimi sürülərdə toplaşırlar.

Onlar həmin çaqqallar qədər də qorxaqdır – əks halda zəif vücudlu jurnalistin üstünə sürü ilə yeriməzdilər. Ancaq birlikdə olmaqları onlara illüzor güc verir. Onların beyin qırışlarının azlığı aqressivliklərinin ifratlığı ilə kompensasiya olunur – döyürlər, öldürürlər, ancaq sonrasını fikirləşməyə ağılları çatmır.

Jurnalist ölməsəydi belə, bu məsələ böyüyəsi idi, caniləri tutası idilər – ancaq onlar bu variantı da hesablaya bilmirlər. Çünki nəyə görəsə onlara elə gəlir ki, bu millətin mənafeyinə xidmət edir, bu dövlətin proqramını yerinə yetirirlər, deməli, onlara indulgensiya düşür.

Bəs necə?! Onlar yunanların qarşısında acıq verən, əl hərəkətləri ilə mədəniyyətsizliyini cəsarət nümunəsi sayan idmançının “şərəf”ini qoruyublar! O idmançı isə öz hərəkəti ilə bu millətin “şərəf”ini qoruyubmuş – jurnalist Rasim Əliyevin isə bundan xəbəri yoxmuş…

Dayıoğlu ayağı ilə qol vurur, bibioğlu isə ayağı ilə təpik. Və bu iki ayaq hərəkətlərinin arasında 31 yaşlı gəncin məhv edilən taleyi sıxışıb qalır. Şər o qədər banallaşır ki, çoxdan kloakaya çevrilmiş sosial şəbəkələrdə qurbanlığı söyüb cəlladlara qahmar çıxanların sayı yetərincə olur.

Həyat çoxdan dəyərsizləşib, indi isə ölüm zarafata və ələsalma mənbəyinə çevrilir. Və bunu həyatları da, ölümləri də qara qəpiyə dəyməyənlər edir. Özləri yaşamırlar, ölməyə də qorxurlar – ancaq başqalarının həyatı da, ölümü də onlar üçün bir heçdir.

60-cı illərdəki gənclər qiyamı vaxtı Marqaret Mid ilk dəfə olaraq gəncliyin “sosial buldozer” funksiyasından yazdı. Yəni gənclik əvvəlki nəsillə hesablaşmamaq, öz layihələrini, öz utopiyasını gerçəkləşdirmək qətiyyətindədir. Ancaq bu “sosial buldozer” mütərəqqi də ola bilər, reqressiv də.

İndi biz o reqressiv buldozerlə üz-üzəyik. Dövlətin sosial və gənclər siyasəti ona gətirib çıxardı ki, gənclik tarixin irəliyə aparanı yox, “peyin”i roluna iddia edə bilər. Bütün dəyərlər və bütlər ayaq altındadır, yeniləri yoxdur. Qalır yalnız ifrat mənfi və mənfur davranış formalarının reallaşdırılması. Vəssalam – oyun sona yaxınlaşır. Braziliya favellərindəki sinfi məzmunlu müharibə kandardadır.

***

Rasim Əliyevin qətli yeniyetmələrin bandalarının törətdiyi ilk küçə faşizmi nümunəsi deyil. Sonuncu da olmayacaq. Əvvəlkilər əksərən kriminal xronikanın fasiləsiz axınında itib-batıb, bu dəfə isə hadisə ona görə rezonans doğurub ki, iki ictimailəşmiş sahənin (futbolun və jurnalistikanın) kəsişməsində baş verib.

Hökumətin idmana “dövlət qayğısı” bu sahənin nümayəndələrinə özlərinə az qala elita kimi baxmaq vurğunluğu verib. Onlar özlərini dövlət siyasətinin strateji əhəmiyyətli qolu saymağa başlayıblar. Bütün məntiqi nəticələri ilə…

Nədir “dövlətin gənclər siyasəti”? Bu, hakim partiya ətrafında yaradılan gənclər təşkilatlarıdır ki, maliyyələşirlər və gələcək kadr resursu kimi nəzərdə tutulurlar. Bu, çeşidli ictimai təşkilatlardır ki, maliyyə müqabilində təşviqat və təbliğat missiyasını yerinə yetirirlər. Bu, gənc bürokratlardır ki, peşəkar kimi lazımdırlar və başlarını qaldırmasalar, karyera qura bilərlər.

Və bu, idmançılardır ki, təkcə idman qələbələrinə can atmırlar, həm də “qorxutma əməliyyatları”nın, piket-mitinq dağıtma aksiyalarının, müxtəlif “razborkalar”ın nüvəsini təşkil edirlər. Onlar bəzən cızıqdan çıxır, özfəaliyyətlə məşğul olurlar – belə olanda onları cəzalandırmaq da olar – əvəzləyicilər çoxdur.

Və məhz belələri sonralar “Ölüm eskadronları”nın özəyini təşkil edirlər (misallar o qədərdir ki). Vəssalam – bu da gənclər siyasəti.

Belələri qaydasız döyüşə və seriallara baxır, Qodara və Kosta-Qavrasa yox. Belələri zövqsüz və “kriminal” musiqilər dinləyir – rok onlar üçün çox ağır və mənasızdır. Belələri kriminal xronika oxuyur, Kamyunu və Cek Londonu yox. Və belələri ümumiyyətlə oxumağı bacarmasa, daha çox işin xeyrinə olar – təhsil sistemi onlara bu işdə əvəzsiz yardımçıdır.

Və bu gələcək küçə bandalarında toplaşanların ağlından da keçmir ki, bu gün-sabah hamısı elə bu gənclər siyasətinin altında qalıb xurd-xəşil olacaqlar…

Məmməd Süleymanov

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button