Kül başına Fransa, gör, nə günə qaldın!

Fransaya sözün həqiqi mənasında yazığım gəlir: gör, bu ölkə nə günə düşdü ki, Azərbaycan hakimiyyəti onu “ifadə azadlığını pozmaqda” günahlandırır.
Amma elə dünən Fransa Senatının qəbul etdiyi “erməni soyqırımını inkar qanunu”na etiraz bildirmək, fundamental azadlıqların beşiyi olan ölkədə ifadə azadlığının məhdudlaşdırılmasına narazılığını görüntüləmək istəyən Azərbaycan vətəndaşları növbəti dəfə polisin dəyənəyinə tuş gəldi. Nə qədər məntiqsiz olmalısan ki, ifadə azadlığının boğulmasına etiraz səsin qulaqlara çatmamış əlinə dəyənək alıb öz xalqının təpəsinə döyəsən. Deməli, ifadə azadlığını məhdudlaşdıran Fransa Senatının qarşısına minlərlə adam toplaşır, saatlarla şüarlar qışqırır və fransız polisi sakitcə durub insanların iradələrini sərbəst ifadə etmələrinə şərait yaradır, ancaq Bakının göbəyində Azərbaycanın milli maraqlarına zidd olan qanuna görə Fransaya etiraz edəndə polis müdaxilə edir; Konstitusiyaya uyğun olaraq, narazı kəsim mitinq-yürüşlə bağlı Bakı meriyasına xəbərdarlıq göndərir, ancaq hakimiyyət bu məktubu götürmür…
Sən büdcədağıdan layihələri gerçəkləşdirmək üçün mülkiyyət hüquqlarını it gününə salıb, insanların evini başına uçurandan, xalqın sərvətini talayandan, seçkidə səsləri oğurlayandan, konstitusion haqları tapdayandan sonra Fransa Senatını hansı məntiqlə qınaya bilərsən?!
Az qala yadımdan çıxmışdı, bu hakimiyyət hansı addımında məntiqə və hüquqa əsaslanıb ki?!
Heydərovun milsiz soyad sevgisi
Ölkənin ən iri oliqarxlarından olan Kəmaləddin Heydərovun deputat atası Fəttah Heydərov milli soyadlara qarşı çıxıb. Sözünü də belə əsaslandırıb: “Bizim işimiz-gücümüz qurtarıbmı ki, indi də soyadları dəyişək”.
Belə görünür ki, hörmətli Heydərov deputatın funksiyasından xəbərsizdir. Deputat qanun qəbul eləməyib də, başqa nə iş görməlidir? Deputatların “işi-gücü” nədir ki?
Heydərovun nəzərinə: 2010-cu ildə 2503, 2011-ci ildə 3201 ailə soyadını milliləşdirib. Bu hesabla Azərbaycana neçə il lazımdır ki, bütün soyadlar milli olsun? Hər il on minlərlə nikah kəsildiyini və deməli, on minlərlə yeni ailənin yarandığını nəzərə alsaq, deməli, soyadlar heç vaxt tam milliləşməyəcək.
Ümumiyyətlə, bu hakimiyyət soyadların milliləşməsinə niyə düşmən kəsilib? Boyunduruq altında yaşadıqları “xoş” illərin nostalgiyasımı onlara soyadları milliləşdirməyə imkan vermir? Yoxsa, “oğruların milliyyəti olmur” deyimini əsas götürüb, onsuz da heç bir fərq görmədiklərindən bu “mənasız işə” vaxt sərf etmirlər?
Günahkar Orxan Kərimovun özüdür
Təhsil Nazirliyinin şöbə müdiri, hazırda rüşvətə görə həbsdə yatan Orxan Kərimovun taleyinə heç kim biganə deyil. Çünki o, böyük şair Əli Kərimin yadigarıdır və həssaslığı anlamaq olar.
Əli Kərimin həyat yoldaşı Elza xanımın ibadətlə məşğul olduğunu da sonuncu müsahibəsindən öyrəndim. Görünür, Orxan bəy təkcə şərəfli bir atanın yox, həm də əməlisaleh ananın övladıdır. Bəs, şərəfli atanın, əməlisaleh ananın övladı bilmirdimi ki, bu hakimiyyətdə idarəetmə sistemi rüşvət və korrupsiyanın üstündə qurulub? Axı, ədalətsizliyə, harama, yalana qarşı vuruşmaması nə Əli Kərimin adına, nə də Elza xanımın qıldığı namaza yaraşır! Sən niyə bu ədalətsiz sistemin dəyişməsi uğrunda mübarizə aparmaq əvəzinə, bu sistemin orta çinli məmuru adını daşımağa razı olursan? Özünü ŞƏR ordusunun əsgərinə çevirəndə bilmirdinmi ki, bir gün özün də ŞƏRlənəcəksən?
Halal, təmiz, rüşvətə nifrət edən heç bir şəxs bu hakimiyyətdə təmsil oluna bilməz. Ona görə də günah Orxan Kərimovun özündədir – hətta bu hakimiyyətdə yeganə rüşvət almayan şəxs olsa belə! Ədalətsizliyə etiraz etməmək, allahsızlığın və haramın içində olmaq Yezidə xidmətdir – vacib deyil ki, Həzrəti Hüseynə qılınc çalasan!

“Azadlıq” qəzeti

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button