Kurska 1 milyard dollara yaxın ziyan dəydiyi bildirilir
Yayımlandı: 11 Sentyabr 2024 15:37
150 mindən çox insanın bölgədən çıxdığı deyilir
Ukraynanın Rusiyanın əsasən, kənd təsərrüfatı ilə məşğul olan Kursk bölgəsinə hücumundan dəyən iqtisadi zərərin təxminən 1 milyard dollar olduğu bildirilir. Həmçinin hücumdan bəri 150 000-dən çox insanın bölgədən təxliyə edildiyi deyilir.
Bu barədə məlumatı vilayət qubernatoru verib.
Ukrayna avqustun 6-da İkinci Dünya Müharibəsindən bu yana Rusiyaya qarşı ən böyük xarici hücumu həyata keçirib. Minlərlə hərbçi ilə sərhəddən keçərək, Kursk bölgəsinə daxil olub.
Kursk bölgəsi əsasən, taxıl istehsalı ilə tanınır. Ötən il ümumi taxıl ehtiyatında payı 4 faiz olub.
Bölgə qubernatoru Aleksey Smirnov Rusiyanın Kənd Təsərrüfatı Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə açıq yayımlanan görüşündə deyib ki, regionda federal fövqəladə vəziyyət və antiterror əməliyyatı rejiminin tətbiqi iqtisadiyyata əhəmiyyətli təsir göstərib.
Smirnov deyib ki, “təxmini zərər on milyardlarla rubl təşkil edib və artmaqdadır”.
Onun sözlərinə görə, 160 min hektar sahədə taxıl biçini başa çatmayıb, 500 min ton yağlı bitkilər və 700 min ton şəkər çuğunduru zədələnib və ya Rusiyadan daşınıb.
Qubernatorun rəqəmlərinə görə, hazırda Ukrayna qüvvələri tərəfindən işğal olunmuş ərazilərdəki anbarlarda 300 min tondan çox taxıl qalıb.
Smirnov 350.000 başdan çox donuz və iribuynuzlu mal-qaranın öldüyünü bildirib.
Sentyabrın 11-də rusiyayönlü müharibə blogerləri və yüksək rütbəli rus komandiri Rusiya qüvvələrinin Kurskda Ukrayna qoşunlarına qarşı əks-hücum əməliyyatına başladığını bildirib.