Lənkəran universitetinin möhtəşəm düşməni!

Aydın Canıyev

“Xural”ın Lənkəran Bürosunun rəhbəri

Lənkəran – “arıq eşşəyin oylağı”?

BU, ZARAFAT DEYİL: Bir gün iki oğlunu vaxtsız itirmiş Fətiağa kişidən soruşanda ki, vəziyyət nətəhərdi, hər şeyə laqeyd bu “ərəsey uşaqlarına” qəbristanlığı göstərərək sakitcə deyir: “nə vecinizə, oturubsunuz orada, biz də bura marşrut açmışıq, gündə iki dəfə gəlirik”.

Fətiağa əminin sözü olmasın, Bakıda oturan dostlarımın nə vecinə ki… biz burada hara və nə üçün reys etməyə marşrut açmışıq!!! Özü də nə çəkirik… hələ bir irad da tuturlar!!!

 

Dədəle, dur, qaçaq, şeyxin yeznəsi …-… gəlir!!!

 

Həyatda içimi qıran nəsnələrin heç biri mənə aid olmayıb!!! Elə saçımı ağardan, dost ola biləcəklərimlə düşmən edən, varımı puça çıxaran nə olubsa… TƏƏSSÜBKEŞLİYİMDƏN olub – hələ də anlaya bilmirəm, niyə mən öz həyatımı bunlara görə ağırlaşdırdım? Amma həm də bilirəm – bütün bunlar mənim əzizlərimin yaşadığı məkanda baş verdiyi üçün etiraz edirəm. Güçüm çatmır çatmasın – mən Allah, ya da ki Prezident deyiləm. Allah mənə haqsızlığa, əclaflığa, zinakarlığa və s. naqisliklərə etiraz etməyimi buyurub – Qurani-Kərimə bir də baxsınlar bu ifadəmə dodaq büzənlər. Deməli, belə:

Hörmətli şeyxin hörmətinə zərrə qədər də xələl gətirməyən bir fakt: 9 bacılı şeyx Allahşükür Paşazadənin bacılarından hansınınsa birinin qızının əridi: Səbrəddin Həbibov. O tərəfdən də onda şeyxdən Leninin qəbrinə şikayət yazan, indi şeyxin yanında olan Əflatun Həbibovun qardaşıdı. Bu tərəfdən də Lənkəran şəhər icra hakimiyyətinin başçısı Tofiq İbrahimovun Şağlaser kəndi üzrə nümayəndəsidi.

Beləsi neyləməlidi və yaxud da neyləyə bilər?

Düşünməyin!!! Sizin başınızın “razmeri” deyil tapasınız!!! Beləsi ilk növbədə kəndin sahə müvəkkili ilə kəndin tən ortasında əlbəyaxa olur ki, filan fahişə mənlikdi!!!

İkincisi, musiqi məktəbinin müəlliməsi K. Ilə işbirliyi yaparaq, hər dəfə daha cavanüzən sifarişində buluna-buluna gəlir və NƏ YAXŞI Kİ, XAÇMAZLI Aydın (narkobiznesdə müavin işləyir) bunun qabağını alır. O da necə olur, tanış olun: Aydın müəllim (Lənkəranda işlədiyinə və yaşadığı binanın qeyrətini çəkdiyinə görə təşəkkürlər qeyrətli adamların adından bu xaçmazlı balasına – mən onu nə görmüşəm, nə də familiyasını bilirəm) görür ki, məhəllədə nabələd adamlar peyda olub. O saat həmkarlarını çağırır, operativ əməliyyat nəticəsində üzə çıxır ki, Səbrəddin lümbələnlüt ağnayır, müştərisinin “17 yaşı… olsun” sifarişini qonşu rayonlardan birinin pedaqoji məktəbinin tələbələri hesabına həll edən musiqi məktəbinin “mamaroza” müəlliməsi K.-nın ehtiyat naminə “heç olmasa qapını bağlayaq” təklifinə də “mən şeyxin yeznəsiyəm, mənə heç nə edə bilməzlər” demarşındadı…

Şöbəyə aparılan S.Həbibov oradan… çox maraqlıdı ki, 4 saatdan sonra yanbızında qayış qızartıları cəzası ilə buraxılır. S.Həbibovun yaxalanması əməliyyatına şahidlik edən icra haklimiyyətinin anası arvadından, arvadı anasından məhkəməyə şikayət edən məsləhətçisi də Səbrəddinin “xahişi” ilə olayı başçıya çatdırmır. Amma kimsə… Tofiq İbrahimova hazır əməliyyat çəkilişi kasetini təqdim edir.

Lənkəran Şəhər İcra Hakimiyyətinin Başçısı Tofiq İbrahimovla Şağlaser kəndi üzrə nümayəndəsi S.Həbibovun insidentlə bağlı görüşünün nəticəsi: “Səbrəddin, mən kasetə baxdım, get, kef elə, kişi adamsan”.

Mən inanıram ki, sevimli Tofiq İbrahimov belə söz deyər. Odey, İltifat Əhmədov hələ də yerindədi. Heç oğlunu da çıxarmayıb işdən. Yəqin ki, Tofiq müəllim İltifat Əhmədova da deyib ki, əccəb eləmisən, əlinin içindən gəlib məni dolamısan, qanunlara tüpürmüsən, pulları həzm-rabedən keçirmisən və s. və i…

YERİ GƏLMİŞKƏN: Bu fikir S.Həbibov tərəfindən rayonda yayılıb – harada və nə vaxt, kimlərin yanında – adları çəkilənlərlə məhkəmədə görüşməyə hazıram!

Tofiq İbrahimovu başa düşmək olar – bilir ki, bunlar vəzifə hesabına kef çəkməyi bacaranlardı (bizə baxmayın – 15 ildi hökumətdə işləmirik, 15 dəfə telefon, 15 dənə nömrə, 15 ədəd də arvad dəyişmişik).

Amma şeyxi başa düşmürəm. Gərək ki, şeyx Səbrəddinlə görüşəndə onunla əl tutmaya, tutdusa 40 dəfə qüsullana. Səbrəddin Həbibov da şeyxlə harada görüşsə yaxşıdı? Yas mərasimində…

Qüsullan, şeyx, qüsullan – 40 dəfə!

O ki qaldı S.Həbibov məsələsinə və şeyxin adını hallandırmağıma, fikrimi aydın yazıram: ta 90-cı illərin axırına qədər “sovetski”yə girmək olmurdu qızla bir yerdə. İndi, müstəqillik dönəmində, dini azadlığın və təbliğatın tüğyan etdiyi ərəfədə şeyxin (a kişilər, ŞEYXİNNNNNNN!!!) toxum-tayfası pil əməllərə rəvac verir. Valideynlərinin uyuduğu torpaqda, bacılarının və onların övladlarının yaşadığı rayonda öz şəcərəsinin üzvləri ən iyrənc işlərlə məşğuldu. “Sovetski cayılları” qədər də zəhmi-zabitəsi olmayan birisinin şeyx olmaq haqqımı var? Özünün oxuduğu Quranla özünün başa düşdüyü formada izah eləsin, anlayaram. Fəqət bilirəm ki… şeyx bunlardan xəbərdardı və rəvac verənin ən böyüyüdü!

Şeyxin hörmətinə zərrə qədər də xələl gətirməyən ikinci fakt:

Lənkərana axund qoyub: Hacı Sədi. Bu adamdan bir vaxtlar Velədi kəndindən olan Mirəsgər adlı birisi ta Allaha yazırdı… Şeyxin məsləhəti ilə Sədi gəlir Velədiyə Mirəsgərin qapısına, ayaqlarını qucaqlayır. Bu fəndi şeyxin Sədiyə öyrətdiyini bilən Mirəsgər təpiklə Sədinin çiynindən vurur və həyətdən qovur.

Allahşükür Paşazadə bu adamı – 13 yaşında qızın həyatını pozanı doğulduğu rayona axund təyin edir!

Sizcə, bu faktı biləndən sonra mən nə deməliyəm və nə yazmalıyam?!

Kim şeyxə baş əyir əysin, ayaqqabılarını cütləyir cütləsin, bir süfrədə oturmağı şərəf bilir bilsin!!!

Hələ qardaşı Cavanşir Paşazadə. “Mədəniyyət” sözünü düz yaza bilməyən bu adam haralardadı, Azərbaycan bilir, lakin Lənkəranda ocağını söndürdüyü ailələrdən bir Allahın xəbəri var göydə, bir də şeyxin xəbəri var yerdə. Qalanları “at özgənin, … özgənin” misalıyla yaxalarını kənara çəkir. Amma hamı da unudur: qar yağanda bütün damlara eyni yağır.

Şeyxlə bu göftgunun davamı quyamətə qədər var – çünki işləkləri o qədərdi! Biz (yəni mən və mənim kimilər) bu dünyada var hərisi olmadıq, Yaradanın yanında tərəzimizi fikirləşdik. İnanıram ki, orada hətta şeyxə çox hörmətli cənab Prezident də kömək edə bilməz!

Dədənin qəbrinə təzək?

 

Bilmirəm, belə bir faktın olması şəriətlə nə dərəcədə uyuşur. Yazıram. Mümkün sayılarsa, üstündən keçilsin.

Deməli: Axşam saatlarıdı. Girdəni kəndindən Ləvəngiyə piyada gəlirəm. Bir də görürəm ki, qəbiristanlıqdan bir… iki… üç… beş… on… inək çıxır. Qəbirlərin arasından hoppana-hoppana, batıra-batıra… Dəfələrlə şahid olmuşam!!!

Yoldan keçənlərdən bir kimsə də – nə piyada, nə də süvari – dillənmir ki, adam, dədələrin qəbrinə təzək qoymaq təzə dəb düşüb?

Şeyxin doğulduğu, Sədinin də axund olduğu rayonda qəbiristanlıqda inək otlayar da… siz istəyirdiniz molla görəsiniz “Yasin” oxuyan?

Ay-hay!

Vəzifəni ver “yeraz”a, naxçıvanlıya…

 

Lənkəran Dövlət Universiteti hay-qırğınla yaranan və müstəqilliyin ilk töhfələrindəndir. Astarada açılması nəzərdə tutulan bu Universitet görkəmli alim Hacıbaba Əzimovun təəssübkeşliyi səbəbindən, Astaranın ovaxtkı icra başçısı Əsgər Məmmədovun vəzifə istəyi qarşılığında Astarada yox, Lənkəranda bina olub. LDU-nun ilk illəri əyalət universiteti və universitet şəhəri statusu olmazın ləzzət və eyforiya yaradırdı. Amma və lakin… çox az sonra hər şeyin içinə “ləvəngi” qoyulmağın xoşlandığı Lənkəranda universitetin də içi “ləvəngiləndi”.

Hacıbaba Əzimovun vaxtında Ulu Öndərə beyət edib baş əyməməsi – bu qədər Lənkərana uğur gətirmiş bir alimin uzaqgörməzliyi sayəsində heç oldu. Mirzə müəllimin vaxtında universitet bir o qədər də adiləşmədi. Axtarıb Asəf İsgəndərovu tapdılar.

Bir yazımda  yazmışdım: Lənkəranlıya (yəni ki cənub bölgəsini təmsil edənlərə) vəzifə vermək olmaz. Ona görə ki, özünü hörmətdən salar, dözüləsidi, vəzifəni hörmətdən salar, naxçıvanlı, “yeraz” gələr, mintənəyə mindirər, ancaq lənkəranlının hörmətdən saldığı Lənkəranı day Allah da hörmətə mindirə bilməz!!!

Asəf İsgəndərov leriklidi. Gələn kimi süpürgəçini də dəyişib lerikli qoyub – 2002-ci ildə yazdığımda soruşmuşdum: Asəf müəllim, o lerikli süpürgəçi lənkəranlı süpürgəçinin süpürdüyü süpürgə ilə süpürməzmi oraları?

Asəf İsgəndərov elə bilir lerikliləri hörmətə mindirir. Əsla!

Asəf İsgəndərovun nəzərinə: Lerikdə bir kolxoza sədrliyi ilə Rəsul Musayev bütün Leriki bütün Azərbaycana sevdirdi.

Əyyub İsgəndərov cücə fabriki ilə bütün SSRİ-yə sevdirdi Leriki.

Lerikdən Lənkəranacan olan 56 km. yolda elə birisini tapmazsan ki, Talıb Məmmədova rəhmət oxumasın.

Ataxan Şiriyevin şücaətləri bu gün də kişilər oturan məclisdə danışılır.

Sənsə… hələ də rektor olmağın nə səlahiyyətlərini bilirsən, nə də nüfuzunu, verdiyi imkan və üstünlükləri…

Səndə rektor zəhmini ifadə edən “təyin edilsin” zərbi yoxdu, Sən hələ də “həvalə edilsin” səviyyəsindəsən!

Sən hələ də anlamırsan ki, ölkə başçısı idmanın inkişafını istəyir, bu sahəyə xüsusi diqqət və qayğı göstərir, sənsə idman kafedrasını ləğv edirsən – MƏNİ QINAYANLAR, göstərin elə bir ali təhsil ocağı ki, orada idman kafedrası olmasın? Sənə alim deyənin, sənə ağıllı deyənin… ölçü meyarına daha söz ola bilməz – Lənkəran üçün və universitet üçün Səndən möhtəşəm düşmən tapmaq olmaz.

Regional Elm Mərkəzinin də rəhbərliyini ələ keçirib, o bölümə də ayrılan vəsaiti mənimsəməklə qazandığının yalnız və yalnız kimlərəsə “hambal-oğru” ayaması olduğunun fərqində deyilsən – axı hamı bilir ki, Sən bu cəsarətin yiyəsi deyilsən ki, bu qədər böyük maxinasıyalara imza atasan. Sənin bərbadlığın Səndən asılı olanları da iyrənc şəkildə həyata keçirməyindi.

Kamran gəlir ərizə yazır işdən getmək haqqında, buraxmırsan ki, qal! Niyə?! Axı niyə hesab edirsən ki, dərə xəlvətdi, Sən də… rektor?

Axı Səndən sonra (lap iyirmi il) bu universitetə ayrı rektor gələ bilər və Lənkərana da ayrı icra başçısı – Dilrübə Camalova kimi birisi. Bu universitet və bu Lənkəran bir daha Dilrübə Camalova kimilərinə rəhmət oxuyacaq. Sən Lerikin kolxoz sədrləri, fabrik müdirləri ağlında və nüfuzunda olmadığının niyə fərqinə varmırsan? Sənin korafəhmliyin axı gələcəyimizi Rəsul, Əyyub, Talıb, Ataxan, Həmzə kimi kişilərdən məhrum edir!

Anlamırsan Sən? İndi Lerikin “Xanış dövrü”dü?

Lənkərandan olan şeyx anlamır!

Lerikdən olan rektor anlamır!

Həm Lənkəranın, həm Lerikin deputatı anlamır!

Deməli, 1992-ci ildə polis rəisi Rəşid Məmmədov düz deyibmiş: “Lənkəran “arıq eşşəyin oylağıdı””.

Onda indi bəyənilmyən cəbhəçilər iki günə Rəşid Məmmədovun əmrini elə onun dostu olan daxili işlər naziri İsgəndər Həmidova dəyişdirtdilər.

Deyilən sözü düz anlamaq lazımdı – Rəşid Məmmədovun başa düşüldüyü qədər başa düşülsəm, təəssüf edərəm. İncimərəm!

Çünki vəzifədə nə qədər olmasa da, hələ naxçıvanlı var, polisdə həmişə olduğu kimi indi də Aydın, Fazil Əliyev, Əlihüseyn Kazımov, Elman Kazımov, Etibar , Rafiq Abbasov, Əflatun Həsənov, Cəbrayıl Vəliyev, Heydərli Heydər, Əlifağa Kazımov… timsalında qeyrətin həm də qanun qədər ali olduğunu sərgiləyən insanlar var!

İ.S. Növbəti yazı Astara təhsilindən olacaq. Ölkədə ən axırıncı yerdə olduğunu bəyan etdiyi Astara təhsilinin cavabdehinə Misir Mərdanov nəyə görə “Tərəqqi” medalı verdirib?

Xural” qəzeti,

İl: 9, sayı: 031 (439),14-20 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button