Ləyaqətlə yaşamaq və Ləyaqətlə ölmək

 Bu fraza bu gün İTV-də gedən bir verilişin reklamında idi. Əslində, tam başlıq «Biz ləyaqətlə yaşadığımız kimi ləyaqətlə ölməyi də haqq edirik» idi.

Mən bizim televiziyalara baxmıram. Lakin mətbəxdə olan ekran təbii olaraq evin xanımının tam ixtiyarındadır. Bax elə mətbəx televizorunda gedən bir verilişin reklam fasiləsində bunu eşitdim. Doğrudan da ola bilər ki, kimlərsə bu gün Azərbaycanda özünün ləyaqətlə yaşadığını düşünsün. Amma görək ləyaqətlə yaşamaq nə deməıkdir? Axı, ləyaqətin özü nə deməkdir?

Ləyaqətlə yaşamaq – halal yaşamaqdır; ləyaqətlə yaşamaq – haqsızlığa dözməməkdir; ləyaqətlə yaşamaq – başqalarının haqqını yeməməkdir; oğurluq etməmək, rüşvət almamaq, Allahın qullarının haqqını yeməmək, özünə rəva bilmədiyini başqalarına qıymamaqdır…

Ləyaqətlə yaşayan insan haqsızlığa dözməz, düzə düz, əyriyə əyri deyər. Ləyaqətlə yaşayan insan oğruya, rüşvətxora, şərəfsizə salam verməyi özünə əskiklik sayar – bu rüşvətxorlar, oğrular, şərəfsizlər kim olurlar-olsunlar, onlar nə vəzifə tuturlar-tutsunlar. Ləyaqətlə yaşayan insan heç vaxt öz ölümü haqda fikirləşməz, çünki ləyaqətlə yaşayan adam ölməzdir. Bu ölməzliyi ona yaşadığı həyat tərzi vermişdir.

Baxın, hamımız tarixdən azmı ləyaqətli adamlar tanıyırıq? Min illərdir dünyalarını dəyişməsinə baxmayaraq, onlar hələ də yaşayırlar. Onların həyat yaranandan bəri yaşadıqları həyat tərzi bu gün bizə ləyaqət kəlməsinin mənasını verib. Ki, ləyaqətli insan nədir və o necə yaşamalıdır.

Mən inanıram ki, bu gün Azərbaycanda ləyaqətli insanlar ola bilərlər, çünki bu gün yaşadığımız sistem insanın ləyaqətli yaşamasına imkan verirmi? Amma var ləyaqətli insanlar, onlar azlıqda olsalar da, öz ləyaqətlərini satmayıb! Onlar bu rejimin zindanlarından, aclıqdan, fiziki məhvlərindən qorxmayaraq öz ləyaqətlərini saxlayıblar. Bax, ləyaqəti, ləyaqətli yaşamağı biz məhkəmə salonlarından, müttəhim kürsülərindən eşidirik. Biz ləyaqətli insanları kübar məclislərində deyil, bankir, məmur kabinetlərində (əslində, elə ikisi də eyni məna kəsb edir) deyil, məhkəmə salonlarında olan barmaqlıqlar ardında gördük. O insanlar sübut etdilər ki, ləyaqətli yaşayanlar heç nədən qorxmurlar, çünki onlar üçün ölüm yoxdur. Ola bilər ki, kimlərsə onları cismani öldürsünlər, lakin ruhən onlar həmişə yaşayacaqlar. Ləyaqətlilik pul ilə, vəzifə ilə, titullarla, orden medallarla ölçülmür və yeganə ölçü vahididir ki, yaranması peyqəmbərlərə, yaşadılması isə insanlara aiddir. Bu hansısa bir dinin, hansısa bir millətin deyil, bu, bütün insanlığındır! Hamı bunu qəbul edir, amma deyəsən…

Bilməyənlər üçün ləyaqətliliyin bəzi şərtlərini deyim:

Öldürmə!

Haram yemə!

Yetim və dul malı yemə!

Zina etmə!

Özünə qıymadığını qonşuna qıyma!

Yalan danışma!

“Xural” qəzeti,

il 9, sayı: 056 (465), 10 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button