Ləğv olunan komitənin iki min işçisi maaşsız qalıb


Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi28.04.2015

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşları 2 aydın pullarını al bilmirlər

Bu il fevralın 5-də Prezidentin fərmanı ilə ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeçiliyində olmuş, hazırda da fəaliyyət gösətərən  4 təşkilatın əməkdaşları iki aydır əmək haqqı ala bilmir. 

Dövlət Yerquruluşu Layihə İnstitutu, Dövlət Aerogeodeziya Müəssisəsi, Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi və Bakı Kartoqrafiya Fabrikinin işçiləri yaranmış durumdan şikayətçidirlər. Onlar Ləğvetmə Komissiyasının tabeliyində bu gündək işləyirlər.
Əmək haqqının verilməməsinin səbəbi ilə maraqlananda onlara bildirilib ki, Maliyyə Nazirliyi bu təşkilatın işçiləri üçün dövlət büdcəsindən ayrılmış vəsaiti hesaba köçürmür. Həmin 4 struktur vahidində ümumilikdə 2000 nəfərə yaxın işçi çalışır.
«Bu işçilərin ailəsini nəzərə alsaq, bu rəqəm ən az iki dəfə artacaq. Dövrümüzdə insanın yaşaması üçün onun pulu mütləq olmalıdır. Yəni, pul həyat mənbəyi sayılır. Qida almaq və  kommunal xidmətləri ödəmək üçün pul lazımdır. Hələ xeyir-şər işlərini demirəm. Bazarda qiymətlər qalxıb. Banklara külli miqdarda borcumuz var. Qohum-əqrəbədən, dost-tanışdan  borc alıb, bankalardan götürdüyümüz krediti veririk. Amma biz nə vaxta qədər borc alıb kredit verə bilərik?
Bu ilin fevral və mart aylarından biz əmək haqqımızı ala bilmirik.  Biz düşünürdük ki, banklardan kreditlər götürüb sosial vəziyyətimizi yaxşılaşdıraq, bir sıra problemlərimizi həll edək. Amma vəziyyət daha da ağırlaşdı”, deyə Monitorinqi Elm-İstehsalat Mərkəzinin adının çəkilməsini istəməyən əməkdaşı bildirib.
Şikayətçinin sözlərinə görə, aprel ayının 5-ə qədər həmin 4 struktur Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Dövlət Sərhəd Xidməti arasında bölüşdürülməklə onların nəzdinə verilməsi nəzərdə tutulub. Bu bölgü üçün Ləğvetmə Komissiyasına iki ay müddət qoyulsa da, qurum sturukturların bölüşdürülməsini hələ də həyata keçirməyib.
Məsələ ilə bağlı olaraq ötən həftə Maliyyə Nazirliyinin mətbuat xidmətinə sorğu göndərilib. Sorğuya cavab olaraq bildirilib ki, şikayət nazirliyin müvafiq şöbəsində araşdırılmaqdadır.
R.İBRAHİMOV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button