Lənkəran meşələrini qəpik-quruşa “Beta” şirkətinə verdilər, ağaclar kütləvi qırıldı

Lənkəranın Haftoni kəndinin ərazisində meşə sahəsinin çay plantasiyası salmaq üçün “Beta” şirkətinə uzunmüddətli icarəyə verilməsi və orada ağacların kütləvi qırılması ekoloqların etirazına səbəb olub. Bu günlərdə bir qrup ekofəal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qarşısında etiraz aksiyası keçirib. “Ecofront” təşkilatının rəhbəri Cavid Qara bu haqda virtualaz.org-a bildirib.

Onun sözlərinə görə, etirazçılar nazir Muxtar Babayevlə və ya digər vəzifəli şəxslərlə görüş tələb etsələr də pandemiyanı bəhanə edərək fəalları nazirliyə buraxmayıblar.

“Ecofront” təşkilatının rəhbəri Cavid Qara

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Haftoni kəndinin yaxınlığında yerləşən meşə fondu torpaqlarının 45 hektarını “Beta” şirkətinə uzunmüddətli icarəyə verib. Şirkət isə bu ərazidə ağacları kütləvi şəkildə qırıb və çay plantasiyası salmağa başlayıb. Bu məsələ sosial şəbəkələrdə və KİV-lərdə etiraza səbəb olub. Nazirlik isə iddia edib ki, icarəyə verilən ərazidə ağaclar yox, hansısa kol-koslar təmizlənir. “Ağacların kəsilməsindən söhbət gedə bilməz. Bu rayonda sahə kol-kosdan və qurumuş ağaclardan təmizlənir”,-nazirliyin nümayəndəsi Namiq Xıdırov belə demişdi. (Hərçənd iri ağacların kəsildiyini əks etdirən fotolar var).

Ekofəallar isə Haftoni meşələrində  ağacların qırılmasına son qoyulanadək etirazları davam etdirmək niyyətindədirlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button