Ləyaqətin qiyməti

Babalıq

Çox artıb hücumlar bu gün “Xural”a,
Gah Vüqar Səfərli, gah Nuşbala.

Əsgərov Agabəy, Mehtiyev Ramiz,
Məqsəd çökdürməkdir “Xural”ı təmiz.

Düzü, tanımıram mən heç onları,
Çünki atmamışam mamusu, arı.

Mənim tanıdığım – Mübariz, Fərid,
Çingiz tək yüzlərlə, minlərlə igid.

Salatın, Dilarə, Mehriban xanım,
Vətən övladına qurbandır canım!

Bəli, bizim “Xural” düşüb hədəfə,
Silistə çəkilib düz… neçə dəfə.

İllərlə yolunda quyu qazıblar,
Hitlerin suçunu ona yazıblar.

Sona çatmayıbdır hələ proses,
Hələ də istintaq aparır “SS”…

Üç ildir ilişib bir paslı mıxça,
İddia qaldırıb Nuşba xanımça.

Heyf, Nikolayın gümüş sikkəsi,
Sürtülüb, pozulub yazı hissəsi.

“Yazı”nı, “quşu”nu ayırd etmirəm,
O səbəbdən çox dərinə getmirəm…

Elə o sırada Ağabəy hampa,
Yəqin, arxalanıb möhür-ştampa.

İş açdı xüsusi, mülki qaydada,
Yox yerdən bir minlik qazandı o da…

Min manat elə də çox deyil fərli,
KİVDF başqanı Vüqar Səfərli.

Dedi: – Ləyaqətim olunub təhqir,
Onun da qiyməti düz onca mindir.

On minlik şərəfi süpür tök çaya,
Nərimanovdakı İnkvizisiya.

Beş yüzə endirdi həmin şərəfi,
Bu da ləyaqətin astar tərəfi.

Sonradan-sonraya Apellasiya,
Gərçi qiymətindən eyləyib həya.

On dəfə qaldırdı o ləyaqəti,
Demək, bu qədərmiş onun qiyməti…

Deyirdim, bununla bitər məsələ,
Böyürdən cik vurdu bixəbər lələ.

“İlham-Fərizə”yə öncə daş atdı,
Keşiş Valentinin səmtinə yatdı.

“Sitatın sonu”ndan iş aşkar idi,
Kişi, doğrudan da sənətkar idi.

Halaldı, ustaca Məclisə girdi,
“Xural”ın üstünə o da çəmkirdi…

Yəni “ləyaqət”lər bu qədər çoxmuş?
On mindən yuxarı qiyməti yoxmuş?

Məmur tayfasında fərqlər çox olar,
Amma ləyaqətdə bərabərlik var.

On min kardinaldır, on min də abbat,
İnan, ya inanma – budur hesabat.

Daha şərəfi də pulla sayırıq,
Olmayan bir şeyə qiymət qoyuruq.

Məndənsə qareyə budur göndəriş
Hacı Seyid Əzim Şirvani demiş:

“Səy edin, ey güruhi-niksifat,
Ta bizim “Əkinçi” etməsin vəfat”.

“Xural” qəzeti
il: 9, sayı: 008(418), 13-19 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button