Lamiyəyə sifarişli azadlıq!

evez 2Əvəz Zeynallı

Ədalət bərpa olundu. Lamiyə azadlığa buraxıldı. Allah bütün məhkumların qapısını açsın. Məhkumluq ağırdır və Azərbaycan həbsxanalarında çox günahsız insan yatır. Bu gün də çox təsirli keçdi məhkəmə. Həm Lamiyə, həm də vəkili Fəxrəddin Mehdiyev parlaq və inandırıcı çıxışlar etdilər. Zərərçəkən də şikayətçi olmadığını dedi. Zərərçəkənin vəkili inanılmaz dərəcədə aqressiv, kin dolu və hikkəli idi, ancaq bu, heç bir işə yaramadı. Hökm əvvəlcədən hazırlanmışdı, çünki hakimlərin müşavirə otağında az qalmalarına baxmayaraq, hökm uzun və əsaslandırılmış idi. Necə deyərlər, Lamiyəni sifarişlə içəridə saxladıqları, cəzasını sifarişlə artırdıqları kimi, sifarişlə də buraxdılar. Görünür, məsələ birbaşa ən yuxarı dairəyə çatdırılıb və tapşırıq da oradan verilib.

Təəssüfedici odur ki, bu məhkəmə qərarını da “məhkəmənin ədaləti” hesab etmək olmaz. Çünki bizim ölkədə məhkəmə yoxdur. Ədalət də sifarişlə və zorla olmalıdır. Təxminən belə – Lamiyədə olduğu kimi… Sən həbsə düşməlisən, həbsdə olduğun müddətin – 10 ağır ilin bitməsinə baxmayaraq, “tualetdə icazəsiz siqaret çəkmək” üstündə (dünyada siqaret çəkməyin qadağan olunmadığı bircə yer varsa, o da tualetdir) sənə daha 6 il iş verməlidirlər, hansısa məmur səni içəridə öldürməyi qarşısına məqsəd qoymalıdır, sən həyata olan bütün ümidlərini itirməlisən və… bir ölkənin Penitensiar Xidmətini rəzil edib, burada Ana olmaq qərarına gəlməlisən, puldan-paradan verib bir kişi ilə təcridxanada otaq almalısan, ondan uşağa qalmalısan və o uşağı Penitensiar Xidmətin hər şeyi bilən və hər şeyi görən rəislərinin nəzərindən qaçırmalısan və doğmalısan… Yalnız bundan sonra bütün ölkə ayağa qalxmalı, məsələ birinciyə qədər ucalmalı və məhkəmə… səni azadlığa buraxmalıdır. Gör nə qədər məşəqqətli və çətin yoldur. Adam öldürmək qədər çətin!

Bu ölkədə ədalət işləməlidir. Ta… başından işləməlidir. Hələ Lamiyə orta məktəbdə oxuduğu zamandan işləməlidir ədalət. Dövlət, cəmiyyət kimsəsiz və zəif insanları qorumalıdır. Ki, onlar böyüyüb cinayət törətməsin… Onları cinayətkar etmək olmaz. Bu hadisə də göstərdi ki, Lamiyə mahiyyətcə cinayətkar deyil. Ola da bilməz. O zaman dövlətin və onun zor aparatının da işi mahiyyətcə cinayətkar olanlarla olmalıdır. Mərdi qova-qova namərd etmək olmamalıdır dövlətin və onun məmurlarının işi.

Görəcəyim, uğrunda kampaniya başladacağım işlərdən biri həll olundu. Ədalət zorən də olsa, qismən yerini tutdu. İndi gərəkdir ki, bundan sonrakı həyat tərzi ilə Lamiyə onun haqqında əksini danışan insanların doğru olmadığını sübut etsin və normal yaşayaraq balasını da normal adam kimi böyütsün. Onun gələcək davranışları hüquq sistemimizə və onu müdafiə edənlərə də təsir göstərəcək…

Gələcəyin uğurlu olsun, Sahibin anası Lamiyə!

Azərbaycan Sizə dar gəlməsin!

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button