Lenin və İran mollaları

seymur baycanSeymur Baycan

Akademik Bəkir Nəbiyevin nəvəsinin ölümünə səbəb olan və ölkədə böyük rezonans yaradan dəhşətli yol qəzasını törədən “qəhrəman”ın, Nicat Ruzigar oğlu Məmmədovun 19 yaşı var. Deyilənlərə inansaq, o, hadisəni dayısına məxsus “Mercedes C–class” markalı avtomobildə törədib. Tay-tuşlarının arasında “Qarğa Nicat” ləqəbi ilə tanınan Nicat Məmmədovun fotolarına www.qafqazinfo.az saytında baxdım. Adam hind filmlərinin mənfi qəhrəmanlarına oxşayır. Fotolardan bəlli olur ki, 19 yaşlı Nicat dəbdəbəli həyat yaşamağa meyllidir. Şəhərin mərkəzində, insanların sıx hərəkət etdiyi küçələrdə maşını maksimum sürətlə idarə etmək, onun dəbdəbəli həyat tərzinin tərkib hissəsi imiş. Nəticə isə artıq hamıya məlumdur. Gənc bir insan dayandığı yerdə “Qarğa Nicat”ın dəbdəbəli həyat tərzinin qurbanına çevrildi.

Bu hadisədən cəmi bir həftə əvvəl Bakının Nəsimi rayonunda 16 yaşlı Aydın İlqar oğlu Aydınlı atasna məxsus 90 FZ 100 dövlət nişanlı “Range Rover” markalı avtomobillə Cavadxan küçəsində 2 yaşlı Altay Rəhimovu vurub öldürmüşdü. Elə həmin gün Bakı şəhər sakini Ramin Sadıqov idarə etdiyi “Range Rover” markalı 10 GF 010 dövlət nişanlı avtomobillə 6 yaşlı Nərgiz Rüstəmovanı vurub öldürmüşdü. Məsələ təxminən aydındır. Gəlin ondan başlayaq ki, 16 yaşlı bir yeniyetmə 100 min dollarlıq maşın sürürsə bu artıq anormal haldır. Biz bahalı maşınlarda gəzən yeniyetmələri tez-tez görürük. Onlar isə bahalı və hündür maşınların salonlarından bizləri, piyadaları, adi adamları görmürlər. Onlar üçün biz sadəcə və sadəcə bir maneəyik. İstədikləri vaxt üstümüzdə maşınla keçə bilərlər. Elə belə. Əylənmək üçün. Cəzasızlıq mühiti onlar üçün hər bir şəraiti yaradıb. İş o yerə çatıb ki, şəhərdə “avtoş dönərxanası” adlanan dönərxana var. Yığışırlar ora, adama bir-iki dönər yeyib, düşürlər şəhərin canına. Hər şey yol polisinin gözü qarşısında baş verir. Kimdir bu adamlar? 100 min dollarlıq maşınları hansı pullarla alırlar?

Əgər ölkəyə ağ və yaşıl almanı başqa-başqa adamlar gətirirsə, bütün malların satışı, bütün obyektlər, gəlir sahələri nəzarət altındadırsa, deməli, o pullar düz yolla qazanılmayıb. 16 yaşlı bir yeniyetmənin 100 min dollar qiymətində maşın sürməsi artıq cinayətdir. O yeniyetmənin yol hərəkəti qaydalarına riayət etməsini gözləmək əbləhlikdir. O yeniyetmə atasının, qohumlarının hər şeyə qadir olmasına, bütün problemləri həll etmək gücündə olmasına, yuxarılarla əlaqələrinin möhkəm olmasına ürəkdən inanır. Əgər ölkədə rəsmi olaraq bir nəfər milyoner yoxdursa, deməli, ölkədə normal biznes mühiti yoxdur. Böyük miqdarda pulu yalnız və yalnız hansısa qruplaşmaya yaxın olmaqla, hansısa qruplaşmanın nəzarətində olmaqla qazanmaq mümkündür. Bunların ataları bizim dərimizi, cibimizi soyur. Balaları isə atalarının hədiyyə etdikləri bahalı maşınlarla üstümüzdən keçirlər. Milyonların sağa-sola səpələndiyi ölkədə bir adam çıxıb demir ki, mən milyonerəm. Bu pulu filan işi görərək qazanmışam. Amma toyda, yasda öz milyonlarını nümayiş etdirməkdən hədsiz zövq alırlar. Bahalı, böyük ölçülü, çox yanacaq işlədən maşınlardan istifadə etmək görməmişliyin, geriliyin bir tərəfidir. Təsadüfi deyil ki, tanka bənzəyən maşınlardan daha çox ərəb ölkələrində və postsovet məkanında istifadə edirlər. Bu başqa yazının mövzusudur. Vətəndaş mövqeyi olmayan bir çox adamlar bilərəkdən deyirlər ki, guya dövlət başçısının ölkədə baş verənlərdən xəbəri yoxdur. Ətrafı onu aldadır. Ona düzgün informasiya vermirlər – “Özü yaxşıdır ətrafı pisdir”. Lap tutaq ki dövlət başçısının baş verənlərdən xəbəri yoxdur. Bu, lap pisdir. Niyə xəbəri yoxdur? Axı demək olar ki, bütün ölkə qəzetləri bir həftədə baş verən qəzalar haqda yazdı. Yox, əgər xəbəri varsa və nəsə bir tədbir görmürsə, bu da pisdir. Deməli, adi vətəndaşların bu ölkədə heç bir hüququ yoxdur. 100 minlik maşın sürən yeniyetmə yol keçən vətəndaşla ürəyi istədiyi formada rəftar edə bilər. Yəqin onlar bizim hər bir təhqirə, alçaldıcı hərəkətə dözəcəyimizə tam əmin olublar. Adamların evini uçururlar, yol kəsirlər, susuz qoyurlar, nə bilim mahnı yarışması keçirirlər. Üstəlik, bizdən bütün problemləri unudub, mövcud hakimiyyəti sevmək tələb olunur. Yəni biz Azərbaycanın “regionun lider dövləti” olması nağılına inanmalı və 16 yaşılı bir yeniyetəminin 100 min dollarlıq maşın sürməsinə sevinməli, 16 yaşlı bir yeniyetmənin qəza törətməsini adi bir hadisə kimi qəbul etməliyik. Qoy onlar bizim dözümümüzə inansınlar, amma bir şeyi unutmasınlar ki, inqilabın düsturu yoxdur. Tolstoyun Anna Karenina əsəri bu sözlərlə başlayır.: “Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələr isə hərəsi bir cür bədbəxtdir”. Belə bir paralel apara bilərik; bütün diktatorlar aşağı-yuxarı bir-birilərinə bənzəyirlər, amma onların hakimiyyətdən getməsi fərqli olur. Diktatorlar hakimiyyətdən gedən diktatorun səhvini təkrarlamamaqla hakimiyyətin əbədiliyini təmin etdiklərini düşünürlər. Əbəs yerə. Yuxarıda da qeyd etdiyim kimi inqilabın düsturu yoxdur. Bir göysatanın özünü yandırmasının bu boyda hadisələrin baş verməsinə səbəb olacağını, qığılcım rolu oynayacağını kim bilə bilərdi? Əgər bilsəydilər, həmin göysatanın nəslini qızıla tutardılar. Mən demirəm, sabah Azərbaycanda bir göysatan özünü yandırsa inqilab baş verəcək. Amma mən onu qəti bilirəm ki, bu özbaşınalığın, bu harınlaşmağın, bu ədalətsizliyin sonu yaxşı heç nə vəd etmir. Bu gün Azərbaycanda baş verən proseslərin sonu çox pis nəticələnəcək. 16 yaşlı bir yeniyetmə 100 min dollarlıq maşınla adamların üstündən keçirsə, bir başqası uşağını məktəbə göndərmək üçün məktəb ləvazimatları ala bilmirsə, bunun sonu mütləq olmalıdır. Heç kim narahat olmasın.

 xxx

 Təxminən bir ay əvvəl gənc və perspektivli bəstəkar Firudin Allahverdi ilə bulvarda gəzişirdik. “Azneft” meydanı tərəfdən 30-40 maşın dənizin üstündən çəkilmiş yolla “Yaxtklub”a tərəf gedirdi. Mənim maşınlardan başım çıxmır. Maşınların bahalı olmasını fəhmlə duydum. Firudindən soruşdum. Dedi ki, o maşınların ən ucuzunun qiyməti 100 min dollardır. Sükan arxasında yeniyetmələr oturmuşdu. Maşınlardan birini ölkənin məşhur oliqarxlarından biri – Kəmaləddin Heydərovun özü idarə edirdi. Çox şən görünürdülər. Yəqin kluba əylənməyə gedirdilər. Mən onlara diqqətlə baxdım. Və həmin anda Leninə, İran mollalarına haqq qazandırdım.

“Xural” qəzeti, il 9, sayı: 035 (443), 11-17 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button