Lerikdə “Xural” xofu-2

 Rayonda “Xural”ın satışına qadağa qoyulub…

 07 sentyabr tarixində AzTV deyilən bir kanaldan bildirdilər ki, bəs sən demə Pakistanın hansısa “nüfuzlu” qəzeti Azərbaycanda dövlətin mətbuata göstərdiyi böyük dəstəkdən yazıb və sonra da bu dəstəyin dövlət başçısının “Mətbuata dövlət dəstəyi” Qanununun imzalanmasından sonra geniş vüsət aldığını bildirib. Görünür, “Pakistan qəzeti”, daha doğrusu, məqalə müəllifi Lerik xanı ilə tanış deyil, tanış olsaydı, bu məqaləni YAZMAZDI! Amma məqalə artıq yazılıb, hətta AzTV həmən məqaləni “dəstəvuz” edib, gözümüzə soxdu da (nədənsə AzTV Azərbaycanda baş alıb gedən rüşvətxorluq və korrupsiya faktlarını yazan xarici mətbuatı boykot etməkdən çəkinmir).

Hə, əziz Oxucu, bu pakistanlıların bəxtləri onda gətirib ki, onlar Lerikdə olmayıblar, olsaydılar…

 Lerik İB–“Xural”   2–0…

 Artıq Lerik, daha doğrusu, onun Xan təfəkkürlü icra başçısı “Xural”ın qapısından iki top keçirib, hər iki qolu Prezidentin İcra Aparatından təyin edilmiş 11 metrəlik cərimə zərbəsindən sonra vurublar, “Xain saldırıdan” sınmayan “Xural” yenidən meydana çıxıb, artıq Lerikin icra başçısına, onun vəkil əlaltılarına rəngi məlum piarın köməkliyi dəyməz, çünkü bizim gizlətməli heç nəyimiz olmadığı halda, sizlərin kifayət qədər “gizlinləriniz” var ki, sizin dilinizlə desək, “möhtərəm zati-aliləri” bu gizlinləri bilsə, vay sizin xanədanın halına. Oxucu deyə bilər ki, nə təhər oldu ki, “Xural” 2 top buraxdı? Bu fakt həm maraqlıdır, həm də utanc gətirici! Utanc ona görə gətirir ki, Lerik xanı bizim Lerik ziyalıları ilə görüşümüzü akademik Ramiz Mehdiyevin adı ilə manipulyasiya edib yasaqlayanda, dolayısı ilə, ola bilsin ki, möhtərəm akademikin dəstəyi ilə Prezidentin məlum fərmanını “məlum yerdə” işlədəndən sonra, “biz “Xural” adlı qəzeti tanımırıq, tanımaq da istəmirik” deyəndə qapımızdan ilk topu keçirdilər, düzdü biz də Lerikin möhtərəm xanı, üzr istəyirəm, başçısı haqqında yazdıq, yəni ki, hesabı bərabərləşdirdik, amma di gəl ki, oyunu icra aparatının göstərişi ilə idarə edən hakimlər bizim qolu öz adlarına çıxdılar! “Bu necə ola bilər” sualını vermək istəyən Oxucu tələsməsin, necəsini indi anladaram…

Hamı bilir ki,  “Xural” bazar günü işıq üzü görür, artıq səhər saatlarında respublikanın bütün rayonlarında köşklərdən “Xural” almaq olur, tək Lerikdən başqa, Lerikdə “Xural”ı ikinci gün səhər almaq olar, amma… Amması da odur ki, həmən sayda gərək Lerik haqqında yazı olmasın ki, qəzet köşklərə çıxsın, hə əziz Oxucu, başa düşdün də, necə oldu ki, bizim vurduğumuz topu elə bizim qapıya da saydılar, yəni ki, çox-çox hörmətli İB və ya İB-nın şöbə müdirləri sadəcə olaraq “Xural” qəzetini satışdan çıxarıblar! Bu “dərin düşüncə sahibləri” arxayındılar ki, sadə leriklilər istəsələr də “Xural” oxuya bilməyəcəklər, nöşün ki, keçən yazımda yazdığım kimi Lerikdə internet yoxdur, yaxın illərdə, əgər İB dəyişdirilməsə, olmayacaq da! İnterneti olmayan bir rayonda yeganə informasiya mənbəyi qəzetdir ki, möhtərəm xan həzrətləri öz səlahiyyətləri çərçivəsində Leriklilərin hansı qəzeti oxumalı olduqlarını təyin edir, yox möhtərəm İB heç kəsin konstisiyon hüquq və azadlıqlarını pozmur, o, sadəcə leriklilərin oxumalı olmadıqları qəzetləri satışa çıxmağa qoymur, sadə və etibarlı… Amma İB və onun əshabələri elə zənn edirlər ki, onlar qəzeti Lerikdə yasaqlayandan sonra Azərbaycanda heç kəs, o cümlədən adı ilə manipulyasiya edilən akademik Ramiz Mehdiyev cənabları da bizim qəzeti oxumur! Əhsən belə təfəkkürə, nə deyim…

Hə, yeri gəlmişkən, Lerik xanının həmyerlisi olan bir tanışım Lerikə qonaq gedib. Hər şeydən razı olan bu qonaq Lerikdə, daha doğrusu, avtovağzalda adi bir ayaqyolunun olmamasından gileyli idi. Görünür, leriklilərin ayaqyoluna ehtiyacları olmur, olsaydı yəqin ki, aylarla əhalini qəbul etməyən başçıdan “dünya standartlarına” uyğun, taxtadan, üstü açıq bir ayaqyolu tikilməsini xahiş edərdilər.

Nə isə, hörmətli başçı və onun təlimatına əsasən “biz “Xural” qəzeti ilə işləmək istəmirik” deyən Əlipənah adlı kadrosu, biz sülh istəyirdik, siz bizə dava açdınız. Davanın sonunda ya Allah bizə verər, ya da PA sizə. Hörmətli Lerik xənadanının xanları və bəyləri, mənim qohum və tanışlarımdan əl çəkin, onlar məni bu yoldan çəkindirə bilməzlər, amma mən sizlərə qanunların neçə bucaq olduğunu göstərəcəm, hansı yolla qohumlarınızı məsul vəzifələrə “itələdiyinizi”, hansı bizneslə məşğul olduğunuzu, Lerikə gələn və sizin dillə desək, “cüzi” maliyyəni hara və necə sərf etmənizi ARAŞDIRACAM.

 Rafiq Cəlilov

Lerik rayonu

“Xural” qəzeti,

 il 9, sayı: 035 (443), 11-17 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button