Lerikdə “Xural” xofu…

İcra başçısı rayonda mənəvi terror mühiti yaradıb…

Lerik həm gözəl, həm də olduqca maraqlı bir yerdir. Hal-hazırda Lerikdə aparılan arxeoloji qazıntılar bu ərazilərdə insanların çox-çox qədim zamanlardan yaşadığını sübut edir, bunlarla işim yox, qoy qazsınlar. Mənim ümumiyyətlə heç vaxt heç kəslə işim olmayıb. Amma…

 Lerikin icra hakimiyyəti…

 Mən bir neçə il idi ki, Əvəz Zeynallı ilə Lerikdə olub, Lerikin ziyalıları ilə görüş keçirmək barədə “məsləhətləşmələr” aparırdım, amma həmişə də bir problem çıxırdı ki, biz bu görüşü heç vaxt təyin edə bilmirdik. Və nəhayət, biz Lerikdə iyul ayının 25-də görüş keçirmək qərarına gəldik. Əvəz məllim sağ olsun, qanunlara hörmət edən bir baş redaktor kimi Lerikin hörmətli icra başçısına bu görüşün vaxtı və məqsədi barədə məktub da yazdı, mən əlimdə məktub üz tutdum Lerikə, daha doğrusu, Lerikin dünya standartlarını da vurub keçən icra hakimiyyətinin binasına. Mühafizəçi polisə məqsədimi bildirdim, o da “lazımi” şəxslərə zəng etdi, məni qəbul elədilər, məktuba baxdılar, sifətlərinin cizgiləri “rezki” dəyişdi, sanki əllərində neytron bombası tutmuşdular. Nə isə, fikir vermədim, çünki məqsədimiz nəcib idi və bu səlahiyyət sahiblərinin də səmimiyyətlərinə inanırdım. Uzun-uzadı ötür-ötürdən sonra məktubu verdilər şöbə müdiri Əlipənah məllimə, Əlipanah məllim icra başçısının Lerikdə olmamasını əsas gətirərək görüşü ertələməyi xahiş etdi. Mən, təbii ki, baş redaktorla bu ertələməni müzakirə etdim və baş redaktor “olsun, nə vaxt deyərlər, onda da keçirərik” cavabını verdi və biz də Lerikin olduqca hörmətli, olduqca alicənab icra başçısı həzrətlərinin nə vaxt Lerikə gəlib, öz mübarək nəzərlərini bizim məktuba salacağı günü gözlədik, başçı isə Lerikə gəlmək istəmirdi. Nə isə, yenə də üz tutdum Lerikin icra hakimiyyətinə, köhnə dostum Əlipənah məllimin hüzuruna. Əlipənah məllim məni çox xoş qarşıladı, orucluq ayı olmasaydı, yəgin ki, çaydan-maydan da təklif edərdi, etmədi, amma bir şad xəbər verdi. Əlipənah məllim bildirdi ki, 1-ci gün başçı həzrətləri Lerikə gələcək və Prezidentin icra aparatının rəhbəri ilə bu görüşü müzakirə edib, bizim vasitəmizlə Sizə məlumat verəcək. Ramiz Mehdiyevin adını eşitcək dalağım sancdı. Dalağım sancdı ki, bizim Lerik sevdamız gözümüzdə qalacaq, amma yenə də beynimin dərinliklərində Ramiz məllimin böyük intellekt sahibi olmasını əsas gətirib, bu görüşə əngəl olmayacağını düşündüm. Beyin ilə dalağın mübahisəsindən dalağ qalib çıxdı, yəni möhtərəm akademikin elə də az möhtərəm olmayan icra başçısı ““Xural”ın Lerikdə heç bir görüşü olmamalıdır!” kimi dahiyanə bir tapşırıq verdi. Başçının tapşırığını mənə çatdıranda, mən də dinc qalmayıb “biz sizin razılığınız olmadan da Lerikdə görüş keçirəcəyik” kimi gic-gici bir söz işlətdim, kaş o sözü deyən yerdə dilim quruyaydı, kaş o sözü deyən yerdə Lerikin zati-aliləri olan icra başçısının həzrət-Abbas qapazından da ağır olan qapazı dəyəydi mənim başıma, kaş o qələti elədiyim yerdə möhtərəm akademikin akademiyasının üzlük daşları töküləydi başıma, amma mən o qələti artıq eləmişdim və mənim bu qələtimi ciddiyə alan zati-aliləri olan icra başçısı dərhal “aidiyyatı qurumlara” “Rafiq haqqında məlumat yığın” tapşırığını verir və mənim Lerikdəki qohumlarım telefon vasitəsilə “gələcəkdə baş verə biləcək faciə” barədə məlumatlandırılırlar, hətta bir qohumuma mənim avtomobilimin dövlət nömrə nişanını öyrənmək də tapşırılır. Həmən qohumun “ə qardaş, qoy rahat yaşayaq da” xahişini nəzərə aldım və bildirdim ki, biz “Xural” olaraq Lerikdə ərəb üsyanı etməkdən vaz keçdik. Sonra oturub fikirləşdim ki, möhtərəm başçı haqlı olaraq narahat olur, cənub zonası inqilaba meylli zonadır, Sovet-İran sərhəddini ilk dəfə harada sökdülər? Cəlilabadda! Sovet hökumətini ilk dəfə harada yıxdılar? Lənkəranda! İndi Əvəz Zeynallı da cənubdan başlamaq istəyir və buna görə də ayıq-sayıq olan aidiyyatı qurumlar Əvəz Zeynallının “Oxucuları ilə görüş” adlı maskasını cırıb, onun Lerikdə planlaşdırdığı üsyanın qarşısını almalı idilər, ya yox?..

Mən o qərardayam ki, Lerik səlahiyyətliləri “Xural”ı haqq olaraq Lerikə buraxmaq istəmirlər. Niyə? Bax bu sual çox maraqlıdır, “Xural” hara gedir, haqqı yazır, haqqı deyir, bu Lerikə lazımdır? Təbii ki, yox! Görüşə imkan versəydilər, mən qarant olardım ki, “Xural” Lerikdəki əyər-əskikləri yazmazdı, indi mən necə ictimaiyyətdən gizlədim ki, Lerikdə internet YOXDUR, adı var, hətta son model internet kabellərinin alınması üçün büdcədən para da ayrılıb, amma kabel “kitayski” çıxıb. Mən necə deməyim ki, Lənkəran-Lerik yolunun qırağında tikilən “çayqırağı istirahət mərkəzləri” əhalinin pay torpaqlarının hesabına ərsəyə gəlir və öz yerlərini tələb edən sakinlərə, döyüldükdən sonra, elə “hoppanıb-düşmək” qalır. Hansını gizlədim? Xırda kəndlərin keçmiş bələdiyyə sədrlərini şərləyərək alınmış 1000 manatlarımı? Bəlkə Andurma kəndinin “Kanadi” deyilən ərazisində arxasız kəndlini qorxuzaraq, əlindən, Bakıdakı vəzifəli şəxslər üçün, alınmış torpağın alınma səbəbinimi? Və ya 40-50 minə satılmış torpaqların 50-60 manata “qəbz”ləşməsinimi?..

Hörmətli zati-aliləri olan başçı, məsləhət olmasın, elə-belə yazıram, Lerikdəki əyər-əskikləri gizlətmək üçün, Lerikin sərhəddində Sovet qoşunlarının qoyduğu “sərhəd postunu” bərpa edə bilsəniz, əlaçı olar, kimi istəsəniz Lerikə buraxarsınız, kimi istəməsəniz, yox. Hə, yadımdan çıxmamış, mənim qohumlarımı incitməyin, Sizi nə maraqlandırırsa elə məndən soruşun, məndən soruşmaq istəmirsinizsə, onda Sumqayıtdakı aidiyyatı qurumlardan soruşun, çünkü mən lerikli olsam da, Sumqayıtda doğulub boya-başa çatmışam, Lerikdə mənim haqqımda məlumat nə gəzir? Heç tökülmüş maşınımın nömrəsini də bilmirlər. Ey-hey, qul təfəkkürü ilə yaşayanların qarşısında xan kimi görsənmək istəyən “zatı…-aliləri…”

Rafiq Cəlilov

 Redaksiyadan:

Lerik icra hakimiyyətinin bu pərvasız hərəkətlərinin cavabını qəzet olaraq verəcəyik. Kimin nə həddi var ki, Oxucularla bizim görüşümüzü əngəlləsin? Və icra başçısının əməkdaşımızın başına açdığı oyunların hesabını əlaqədar qurumlar da araşdırmağa başlamalıdır!..

Xural” qəzeti,

İl: 9, sayı: 034 (442), 04 – 10  sentyabr 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button