Leyla və Arif Yunuslara Azərbaycan 40 min avro ödəyəcək-AİHM

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iyulun 16-da Azərbaycanlı hüquq müdafiəçiləri Leyla və Arif Yunusun işi üzrə qərarını elan edib.

Niderlandda siyasi mühacirətdə yaşayan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və bu QHT-nin departament direktoru Arif Yunus Azərbaycanda məhkəməyə qədər həbsdə saxlanılmalarından şikayət veriblər.

Yunuslar 2014-cü ildə Azərbaycandan gedərkən Bakı hava limanında saxlanılıblar. Onların ofisində və mənzilində axtarış aparılıb. Bu zaman A.Yunusun səhhətində problem yaranıb və o, xəstəxanaya aparılıb.

Azərbaycan məhkəmələri Leyla və Arif Yunusun bu əməllərin qanunsuzluğu ilə bağlı şikayətlərinə məhəl qoymayıb. Bundan sonra, 2014-cü ilin avqustunda Yunuslar fırıldaqçılıq, vergi ödənişindən yayınma və mənimsəmə ittihamı ilə həbs ediliblər.

Ermənistanın xeyrinə casusluq ittihamı ayrıca icraata götürülüb, amma davam etdirilməyib.

Bir il sonra Leyla və Arif Yunus müvafiq olaraq 8,5 və 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

AİHM onların Avropa Konvensiyasının 5-ci (azadlıq, toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması), 8-ci (şəxsi həyat) 13-cü (səmərəli hüquq vasitələri hüququ), 34-cü (fərdi müraciət hüququ) maddələrində, habelə, 1 saylı Protokolun 1-ci (mülkiyyət hüququ), 4 saylı Protokolun 2-ci (hərəkət azadlığı) maddələrində Avropa Konvensiyasının 18-ci (hüquqların məhdudlaşdırılmasından istifadə hüdudları) maddəsində təminat verilən hüquqlarının pozulduğu qənaətinə gəlib.

Strasburq Məhkəməsi Azərbaycan hökumətinin Yunusların hər birinə 20 min avro pul təzminatı, habelə məhkəmə xərcləri üçün 11 438 avro ödəməsi barədə qərar verib.

Ərizəçilər təqib olunmalarının səbəbinin fəal vətəndaş mövqeləri və hökuməti tənqid etmələri olduğunu hesab edirdilər. AİHM onların dəlilləri ilə razılaşıb və 18-ci (hüquqların məhdudlaşdırılmasından istifadə hüdudları) maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulduğunu təsdiq edib.

Yunusların onlara qarşı cinayət işinin mahiyyəti ilə bağlı daha bir ərizəsi AİHM-nin icraatındadır.

 

Turan.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button