Leyla Yunusun evi ilə bağlı bəyanat verildi

Azərbaycanın tanınmış hüquq müdafiəçiləri bəyanat qəbul ediblər. Bəyanatda deyilir:

 Biz Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri təəssüflə bildiririk ki, son illər ölkəmizdə mülkiyyət hüquqları kütləvi surətdə pozulmaqda davam edir. Belə ki, Bakı şəhəri icra hakimiyyəti başçısı Hacıbala Abutalıbovun birbaşa rəhbərliyi ilə son 2 il ərzində paytaxtın mərkəzində 400-ə yaxın çoxmənzilli ev sökülmüş, 20 mindən artıq insan öz mülkündən məhrum olmuşdur.

Ölkədə baş verən və kütləvilik daşıyan bu vəziyyət hüquq müdafiəçilərindən də yan keçməmiş, Şəmsi Bədəlbəyli küçəsində yerləşən, Sülh və Demokratiya İnstitutunun ofisi isə xüsusi amansızlıqla sökülmüşdür.

Xatırladaq ki, avqustun 11-də İnstitutun direktoru xanım Leyla Yunusa əvvəlcədən heç bir xəbərdarlıq verilmədən,  Bakı İnzibati İqtisad Məhkəməsinin 24 may 2011-ci il tarixli  qərarına məhəl qoymadan (məhkəmə qərarı olmadan binanın sökülməsinin yolverilməzdir) binanın sökülməsi ağır texnika vasitəsilə və sahiblərinə xəbərdarlıq edilmədən aparılıb. Ofis əməkdaşları və qonşuların verdiyi məlumata görə, söküntü işləri qəfildən, heç bir xəbərdarlıq olunmadan başladığı üçün ofis əməkdaşlarının həyatı təhlükə qarşısında olmuş, habelə  avadanlıqlar, əmlak məhv edilmiş və ya oğurlanmışdır.

Xatırladaq ki, ofisin sökülməsi ətrafında münaqişə aylardır davam etsə də, bu hadisənin qəfildən başverməsi göstərir ki, bu, SDİ-nin direktoru Leyla Yunusun hüquq müdafiəçilik fəaliyyəti ilə bağlıdır. Leyla Yunusa məxsus ofisin dağıdılması onun insan hüquqlarının müdafiəsi sahəsində çoxillik fəaliyyətinə, ölkədə baş verən korrupsiya halları ilə bağlı ifşaedici fəaliyyəti və bu mövzuda xarici mətbuatda yazıların dərcinə görə siyasi xarakter daşıyır.

Biz, Azərbaycan Vətəndaş Cəmiyyəti olaraq Sülh və Demokratiya İnstitutunun ofisinin sökülməsini pisləyir, Azərbaycan hakimiyyətinə aşağıdakı məsələlər ilə bağlı müraciət edirik:

  • Ölkədə insanların mülkiyyət hüquqlarının pozulmasına dərhal son qoyulmalı,  əhalinin öz  mülklərindən zorla çıxarılmasına və evlərin dağıdılmasına yol verməməlidir; 
  • Evlərin sökülməsi zamanı vətəndaşlara dəymiş maddi və mənəvi ziyana görə kompensasiya ödənilməlidir;
  • Sülh və Demokratiya İnstitutunun Şəmsi Bədəlbəyli 38 ünvanında yerləşən ofisinin sökülməsinə göstəriş verən və onu həyata keçirən şəxslər cinayət məsuliyyətinə cəlb  edilməlidir;
  • Sülh və Demokratiya İnstitutunun yerləşdiyi mənzilin sökülməsi ilə əlaqədar itkiyə məruz qalan şəxslərə, eyni zamanda həmin ofisdə yerləşən digər təşkilatlara dəymiş əmlak itkisi ziyanı ilə bağlı kompensasiya verilməlidir.

 

  • Arzu Abdullayeva, Helsinki Vətəndaş Assambleyası
  • Anar Məmmədli, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi
  • İntiqam Əliyev, Hüquq Maarifçiliyi Cəmiyyəti
  • Rəşid Hacılı, Media Hüququ İnstitutu
  • Rəsul Cəfərov, İnsan Hüquqları Klubu
  • Eynulla Fətullayev, İnsan Haqları Uğrunda İctimai Hərəkatı
  • Emin Hüseynov, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu
  • Leyla Əliyeva, Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzi
  • Zöhrab İsmayıl, Azad İqtisadiyyata Yardım İctimai Birliyi
  • İradə Cavadova, Hüquqi Maariflndirmə İctimai Birliyi
  • Eldar Namazov, Azərbaycan Naminə İctimai Forum
  • Sabit Bağırov, FAR-Center
  • Mirvari Qəhrəmanlı, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi
  • Şahvələd Çobanoğlu, Siyasi Azadlıqları Müdafiə Alyansı
  • Rövşən Hacıyev, Demokratik Jurnalistika Məktəbi
  • Əvəz Həsənov, Humanitar Tədqiqatlar Cəmiyyəti

 

Xural” qəzeti,

İl: 9, sayı: 033 (441),28 avqust – 03 sentyabr 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button