Lider Azərbaycan

Yayımlandı: 11 İyun 2024 11:53

Zərdüşt Əlizadə

Tarix və siyasət oyundur, onun saysız rəngləri və bu rənglərin çalarları var

Sərlövhəni oxuyub çaşmayın, sizin həqir bəndəniz yal xatirinə hakimiyyətə mədhiyyə oxuyanların sırasına qoşulmayıb. Ədalətli olmağa çalışıram, Qarabağı qaytardıqlarına görə afərin deyirəm, xalqı soyduqlarına görə qınayıram. Azərbaycan qanuni ərazisini imperialist dövlətlərin qurduğu tələdən xilas etmiş yeganə sabiq sovet respublikasıdır və bu baxımdan həqiqətən lider dövlətdir.

Foto: Meydan TV

Digər eyni bəlaya mübtəla dövlətlərin heç biri uğur qazanmayıb, belə getsə, heç qazanmayacaqlar da. Ola bilsin hətta ərazisində münaqişə ocağı qalanacaq dövlətlərin sayı artacaq. İndi hamı təşviş və qorxu ilə başını itirmiş və hamını nüvə silahı ilə hədələyən Rusiyaya baxır. Elə bil meymun əlində qumbara tutub, heç kəs əminliklə bu meymunun gələcək hərəkətləri barədə nə isə deyə bilmir.

İkinci liderlik sahəsi təbii sərvətlərin gətirdiyi nəhəng gəlirlərin xərclənməsinə aiddir. Bu sahədə Azərbaycan hakim siyasi sinfi digər taylarına nisbətən müəyyən uğurlar qazanıb, azı Zaha Hədidə möhtəşəm bir layihə sifariş etməyə qabiliyyəti çatıb. Ölkəmizi ziyarət edən insanların əksəriyyəti Bakını bəyənir, şəhərin təmizliyini qeyd edir. Daha heç kim dərinə gedib bu gəlirlərin ölkə gələcəyi üçün vacib olan layihələrə deyil, zahiri bəzək məqsədlərinə xərclənməsini vurğulamır. Bu sahədə liderlik şübhəsiz deyil, tam yeni paytaxt ucaltmış Qazaxıstan və Aşqabadı ağ mərmərə bürümüş Türkmənistan liderlərinin də birinciliyə iddia etmək hüququ çatır.

Üçüncü liderlik sahəsi bütün sabiq sovet məkanı üçün əyani dərs vəsaiti kimi əvəzsiz əhəməyyət daşıyır. Bu, sabit siyasi sistem quruculuğudur. Türkmənistanda da əhali siyasi sistemdən tam təcrid olunub, qəbristan sabitliyinə tay olan bir sabitlik yaranıb. Tacikistanda da qanlı vətəndaş müharibəsindən sonra hakimiyyətə yiyələnmiş Emaməli Rəhmon əvvəl yağlı vəzifələri yerliləri ilə, bundan sonra onları çıxarıb qohumları ilə, sonra isə onları da çıxarıb yalnız öz ailəsinin üzvləri ilə doldurandan sonra oxşar sabit siyasi sistem formalaşıb.
Özbəkistan Azərbaycana, Azərbaycan Özbəkistana nümunə sayıla bilər. Həm Özbəkistanda, həm Qazaxıstanda müstəqillik illərində cəmi iki prezident olub, lakin onlar bir ailənin üzvü deyillər və bizə çatammazlar. Azərbaycan siyasi fikri birinci və ikinci prezidentləri tarixin təsadüfi səhvi sayır və əsl tarixi Ulu öndərdən başlayır. Qırğızıstana gəlincə, oradakı siyasi dəyişikliklər Azərbaycanın da aid olduğu sovet müsəlman respublikaları üçün əsla başucalığı gətirməyən anormallıq sayılmalıdır.

Sözümün canı odur ki, Azərbaycan MDB məkanı üçün əyani dərs vəsaitidir. Bizdən ən çox öyrənən ölkə Rusiyadır. Bu başıbəlalı ölkədə son 30 ildə Saltıkov-Şedrinin “Qlupovo şəhərinin tarixi” əsəri sanki səhnələşdirilmişdir. Dahi yazıçının təsvir etdiyi bütün rəhbər tipləri rus xalqının başında dəlləkliyi öyrənib. İstəyən gedib oxuya bilər, peşman olmaz. Dahi əsərdir, lakin rus xalqı onu qanmayıb. Qansaydı, eyni tələlərə düşməzdi, eyni bəlalara mübtəla olmazdı.

Rusiya nəyi Azərbaycandan öyrənib?  DTK podpolkovniki Vladimir Putin nəyi DTK general-mayoru Heydər Əliyevdən əxz edib?

Əvvəla, insaf xatirinə demək lazımdır ki, Heydər Əliyev nə qədər siyasi istedad sahibi olsa da, onun bilik və bacarıqları DTK-da öyrəndiklərindən kənara çıxmayıb. Müxalifətin başına öz casusunu salmaq? Bu, məgər Heydər Əliyevin kəşfidir? DTK dərsliyinin ikici fəslinin dördüncü bölməsində bu sadə əməliyyat tam təfsilatı ilə təsvir edilib və 1989-cu ilin iyulun 16-da AXC konfransında Əbülfəz Əliyevin sədrliyə sırınması əməliyyatı zamanı heç bir yeni üsul kəşf edilməyib: saxtakarlıq, zorakılıq və həyasızlıq! Hər şey təlimatlara uyğun həyata keçirilib.

DTK-nın ana xəttinə qarşı çıxanların çıxdaş edilməsi əməliyyatı məgər onun kəşfidir? Əsla yox. İnformasiya-psixoloji xüsusi əməliyyat (İPSO) sizin həqir bəndənizə qarşı yalnız və yalnız DTK təlimatlarına uyğun keçirildi və “hakimiyyətin nomenklaturadan alınıb xalqa verilməsi” xam fikrinin zındıq daşıyıcısı 1990-cı ilin yanvar ayının 7-də təşkilatdan uzaqlaşdırıldı.

MDB məkanında bu əməliyyatı birinci Azərbaycan keçirdi. Rusiya bu əməliyyata Putin gələndən sonra başladı. Partiya liderləri bir-bir satın alındı. Birinci satılan KPRF-in lideri Gennadiy Zyuqanov oldu. Ardıyca başqaları düzüldü, hətta satılmaq uğrunda ciddi mübarizə getdi.
İndi Rusiyanın siyasi mənzərəsi Azərbaycanı xatırladır. Eyni səhra, eyni quraqlıq, eyni siyasi saksaullar və kaktuslar.

Bundan sonra DTK-nın “Azərbaycanın ləkələnməsi və cəzalandırılması” əməliyyatı işə düşdü və parlaq şəkildə 13 yanvar erməni talanı və 20 Yanvar qırğını şəklində həyata keçdi.
Lakin! Bu təlimatlara uyğun iş qurmaq hər oğulun işi deyil. Belə olsaydı, DTK-nın uğurlu işlərinin faizi 100% olardı. Belə deyil axı! Ümumilikdə DTK-nın uğur faizi olsa-olsa, Stefensonun buxar maşını kimi, cəmi 10%-ə çatır. Odur ki, Azərbaycanın müasir tarixində Ulu öndər istedadını dananlar tam haqsızdırlar. Uzaqdan da olsa, o, bütün hərəkatı öz əlaltıları vasitəsilə əla idarə edirdi və onun işinin faydalı əmsalı, əgər nəticəyə baxsaq, 100%-ə yaxındır.
Əlaltıların bir hissəsi baqi dünyada, bir hissəsi fani dünyada əməllərinin əcrini dadırlar.

Hakimiyyəti əlinə alandan sonra səhnədə O, və yalnız O, mövcud idi. Kim dövlət kimi kəsərli silahı onun kimi səmərəli işlədə bilərdi? Heç kim! Çuvak Əbdürrəhman Vəzirovmu? Ağciyər Ayaz Mütəllibovmu? Uybala Əbülfəz Əliyevmi? Əlbəttə yox. Məhz dövlət kimi təsirli aləti əlinə almış Ulu öndər ardıcıl olaraq ürəyində hakimiyyət şövqünü yaşadan cəbhəçiləri, sonra Surət Hüseynovu, sonra Rövşən Cavadovu, sonda isə Rəsul Quliyevi çıxdaş etdi.

Növbə çatdı ideal dövlət təsəvvürünə kölgə salan siyasi partiyalara və vətəndaş cəmiyyətinə. Partiyalar ilə iş asan idi. Oraya toplaşmış düşüncəsi dayaz, iştahası böyük məxluqatın hərəsi tamarzısı olduğu gerçək və ya ilğım mükafatı aldı və elan etdiyi məqsədləri camaatın gözü önündə tula payına dəyişib sıfırlandı. Eyni üsulla jurnalistləri, sonra vətəndaş cəmiyyəti fəallarını zərərsizləşdirdilər. Sınmayanlara və satılmayanlara qarşı İPSO əməliyyatı keçirildi və onlar da ofsayda salındılar.
Siyasi meydan tam təmizləndi  Satılmışlar deputat mandatı alıb konstruktivləşdilər, satılmayanlar isə məhbəsə yollandılar.

MDB məkanında bu əməliyyatı birinci Azərbaycan keçirdi. Rusiya bu əməliyyata Putin gələndən sonra başladı. Partiya liderləri bir-bir satın alındı. Birinci satılan KPRF-in lideri Gennadiy Zyuqanov oldu. Ardıyca başqaları düzüldü, hətta satılmaq uğrunda ciddi mübarizə getdi.
İndi Rusiyanın siyasi mənzərəsi Azərbaycanı xatırladır. Eyni səhra, eyni quraqlıq, eyni siyasi saksaullar və kaktuslar.

Möhtərəm oxucu, sizin həqir bəndəniz heç bir dərin ümumiləşdirmə aparmadan sadəcə hadisələrin səthi təsvirini verdi. İstəsəniz, dərinə baş vurub dərin nəticələri özünüz çıxarın. Fərqli və ya gözdən qaçmış oxşar cəhətləri göstərin.
Tarix və siyasət oyundur, onun saysız rəngləri və bu rənglərin çalarları var. Özünüz tapın bu çalarları.
Maraqlı məşğələdir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button