Lukaşenko ağır xəstə siyasi məhbusları azadlığa buraxmağı planlaşdırır

Yayımlandı: 3 İyul 2024 15:08

Belarus lideri bunu hakimiyyətin humanizmi ilə əlaqələndirir, politoloq isə əksini deyir

Belarusun avtoritar lideri Aleksandr Lukaşenko tezliklə ağır xəstə olan siyasi məhbusları, ilk öncə onkoloji xəstəliklərdən əziyyət çəkənləri azadlığa buraxacağını deyib.

O qeyd edib ki, hakimiyyət humanist və insani davranmalıdır.

Məlumatı “Azadlıq” radiosu yayıb.

Eyni zamanda, Belarus rəhbəri deyib ki, ağır xəstə məhbuslar 2020-ci ildə ölkəni “dağıdıb məhv ediblər” və qaça bilməyiblər.

Belaruslu politoloq Dmitri Bolkunets isə məsələyə fərqli yanaşır.

O hesab edir ki, Lukaşenko, sadəcə, siyasi məhbusların buraxılması və Belarus-Polşa sərhədində miqrasiya müharibəsinin dayandırılması ilə bağlı “ultimatum” alıb.

Politoloqun fikrincə, bu, iyulun 3-də Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti ilə bağlıdır:

“Lukaşenko Belarusun bu birliyə daxil olacağına ümid edir”.

2020-ci ildə Belarusda nələr yaşanıb?

2020-ci ilin avqustunda Belarusda prezident seçkisinin nəticələrinə kütləvi küçə etirazları başlanıb.

Lukaşenko seçkinin qalibi elan edilib, vəzifə müddətini daha 6 il uzadıb.

Etirazçılar onun istefasını, yeni seçkilər keçirilməsini tələb ediblər. Onlar hakimiyyəti görünməmiş saxtakarlıqda, müxalifətin mitinqlərinin iştirakçılarına qəddar münasibətdə suçlayıblar.

Hüquq müdafiəçiləri etirazların yatırdılması zamanı azı səkkiz nəfərin öldürüldüyünü, 30 mindən çox belaruslunun repressiya və işgəncələrə məruz qaldığını bildirirlər.

Hakimiyyət isə opponentlərinə qarşı minə yaxın cinayət işi açıb, müxalifət liderləri daxil olmaqla yüzlərlə adam uzunmüddətli həbsə məhkum edilib.

Kütləvi repressiyalardan sonra küçə etirazları faktiki bitib.

Belarusun “Vesna” hüquq-müdafiə təşkilatının məlumatına görə, 2024-cü il mayın sonunadək ölkədə azı 254 siyasi məhbusun səhhəti xüsusi risk altında olub.

Onlardan 16-sı əlilliyi olan şəxslərdir, 91-i ağır vəziyyətdədir, 65-nin yaşı 60-dan yuxarıdır və onların da çoxunun sağlıq problemləri var.

10 nəfərin isə psixi pozuntularının olduğu deyilir.

Bildirilir ki, 29 yaşlı Pavel Kuçinski xərçəngin 4-cü mərhələsindədir. O, internetdəki şərhlərinə görə 4 il 9 aylıq azadlıqdan məhrum edilib, cəzasını sərt rejimli koloniyada çəkir.

20 il həbs cəzasına məhkum edilmiş 61 yaşlı Qalina Derbışa da xərçəng diaqnozu qoyulub.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button