Lukaşenko Belarusun müharibəyə hazırlaşdığını deyir

Yayımlandı: 3 Aprel 2024 12:05

“Biz müharibəyə hazırlaşırıq, mən bu barədə açıq deyirəm”

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin döyüşmək istəmədiyini, ancaq müharibəyə də hazırlaşdığını bildirib.

Bu barədə Lukaşenko Qrodnoya işgüzar səfəri zamanı deyib.

Heç kim bizim döyüşmək istədiyimizə inanmasın. Biz müharibəyə hazırlaşırıq, mən bu barədə açıq deyirəm. “Sülh istəyirsənsə, müharibəyə hazırlaş” – bunu mən deməmişəm. Amma çox düzgün deyilib”, – deyə Lukaşenko bildirib.

Prezidentin sözlərinə görə, Belarusda müvafiq bölmələr hazırlanır, qoşunlara müxtəlif növ silah və texnika verilir:

“Dost olmayan ölkələrdən kimsə bizi tənqid edirsə, bilin ki, düzgün iş görürük. Əgər orada bizi tərifləməyə başlasalar, bu, fəlakətdir”.

O, Belarusun heç kimi təhdid etmədiyini vurğulayıb:

Kimisə hədələmirik, başqasının da torpağını istəmirik. Allah eləməsin ki, biz bunu edək”.

Avropa Parlamenti Aleksandr Lukaşenkonu Rusiya qoşunlarının Ukraynaya genişmiqyaslı müdaxiləsində iştirak etməkdə, rus qoşunlarını sursat və texnika ilə təmin etməkdə və ukraynalı uşaqları zorla deportasiya etməkdə ittiham edir.

Ancaq Aleksandr Lukaşenko bildirib ki, Belarus hakimiyyəti Rusiya qoşunlarının Ukraynaya yeni hücumu üçün öz ərazilərini verməyə hazırdır.

O həmçinin Ukraynanın Belarusa hücum edəcəyi təqdirdə müharibəyə getməyə hazır olduğunu iddia edib.

Bu bəyanatlar fonunda Ukrayna Belarusla sərhədini möhkəmləndirib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı dəfələrlə bəyan edib ki, Belarusla döyüşmək niyyətində deyil.

Rusiya və Belarus 2023-cü ildə Rusiyanın taktiki nüvə silahlarının Belarus ərazisində yerləşdirilməsi ilə bağlı razılığa gəliblər.

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Moskva öz hərəkətləri ilə Nüvə Silahlarının Yayılmaması Müqaviləsini pozmayacaq, çünki bu silahları Belarusa ötürməyəcək, ancaq yerləşdirəcək.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button