Lukaşenkonu və uşaqlarını öldürmək planı restoranda…

...“Müxalif generallarla” müzakirə edilib

Rusiya Federal Təhlükəsizlik Xidməti Belarus prezidenti Aleksandr Lukaşenkoya qarşı planlaşdırıldığı iddia edilən sui-qəsd və Minskdə dövlət çevrilişi planının bəzi təfərrüatlarını açıqlayıb. Bildirilir ki, FTX Belarusdan olan tərəfdaşlarından daxil olan informasiya əsasında “radikal müxalifətçilər Zenkoviç və Fedotanın” izinə düşüb. Məlum olub ki, onlar çevriliş və sui-qəsd planının detallarını öz aralarında, messencerlərdə müzakirə ediblər. Və qərara alıblar ki, konspirasiya tədbirlərindən istifadə edərək Moskvada “Belarus silahlı qüvvələrinin müxalif mövqeli generalları” ilə şəxsən görüşsünlər.

 

FTX-nin iddiasına görə, Zenkoviç Moskvaya Polşa və ABŞ-da məsləhətləşmələrdən sonra gəlib. “Generallarla” planlaşdırılmış görüş Moskvadakı restoranlardan birinin kabinetində baş tutub. FTX həmin görüşün gizli videoçəkilişindən kadrları da yayıb, orada Zenkoviç və Feduta əslində xüsusi xidmət agenti olduğu təxmin edilən “müxalif mövqeli generallarla” dövlət çevrilişi və sui-qəsd barədə danışırlar. “Bir nömrəli vəzifə əsas şəxsin aradan götürülməsidir”,-görüş iştirakçıları deyir.

 

FTX Fedutanı saxlayarkən..

“Görüşün gedişində qəsdçilər “belaruslu generallara” deyiblər ki, onların planının həyata keçirilməsi üçün respublikanın praktiki olaraq bütün rəhbər şəxslərinin fiziki məhvi gərəkdir. Onlar hərbi çevriliş planını ətraflı təsəvvür ediblər, bura Minskdə radio və telemərkəzin ələ keçirilməsi, xalqa müraciət edilməsi, paytaxta girişin hakimiyyətə loyal OMON və daxili qoşun hissələrinə bağlanması daxildir. Habelə güc strukturlarının və hüquq-mühafizə orqanlarının hərəkətini çətinləşdirmək üçün Belarusun enerjisistemini də söndürmək planlaşdırılırdı. Təxmin edilirdi ki, fəal fazanı “gizli bazalarda” yerləşdirilmiş hansısa silahlı qruplaşmalar (“partizanlar”) başladacaqlar”,-FTX bildirir.

 

Məlumatda daha sonra deyilir ki, planının son məqsədi “prezidentin aradan götürülməsi yolu ilə konstitusion quruluşun dəyişdirilməsi, ölkəyə rəhbərliyin “Milli barışıq komitəsi”nə keçməsi olub. Guya plana əsasən Zenkoviç Belarus parlamentini və hüquq sistemini kurasiya edəcəkdi, Feduta isə siyasi islahatlar və ideoloji işlə məşğul olmalı idi. “Onlar Rusiya təhlükəsizlik orqanları tərəfindən saxlanılıb və həmin restorandakı görüşün sənədləşdirilməsindən sonra belaruslu tərəfdaşlarına verilib”,-FTX dünən axşam yaydığı məlumatında bildirir.

Tanınmış belaruslu müxalif fəal, ədəbiyyatşünas və politoloq, siyasi texnoloq olan Aleksandr Feduta Moskvada olarkən aprelin 11-də onunla əlaqə kəsilmişdi. Həmin gün Belarus xüsusi xidmət orqanları Moskvada əvvəllər tanınmış siyasi xadim olan, “Belarus Xalq Cəbhəsi” partiyasının fəalı, 2007-ci ildən ABŞ-da yaşayan Yuri Zenkoviçi həbs edib. Habelə aprelin 12-də məlum olub ki, “Belarus Xalq Cəbhəsi” partiyasının fəalı Qriqori Kostusov da saxlanılıb. Ertəsi gün KQB bildirib ki, Kostusov və Feduta cinayət törətməkdə şübhəli bilinirək saxlanılıblar, lakin həmin cinayətin nədən ibarət olduğu açıqlanmayıb.

Fedutanın Moskvada “yoxa çıxması” barədə onun həyat yoldaşı Marina Şibko məlumat vermişdi. Bildirmişdi ki, ərini axtarmaq üçün Moskvaya gedir. Feduta 1994-cü ildə Lukaşenkonun komandasında işləyib, prezident seçkilərindən sonra onun mətbuat katibi işləyib, amma bir il sonra istefa verib və müxalifətə keçib. 2020-ci il prezident seçkilərində və ondan sonrakı siyasi hadisələrdə, etirazlarda iştirak etməyib. Həmin vaxt onun Kiyevdə işlədiyi bildirilir. Son aylarda isə işlə bağlı müntəzəm olaraq Moskvaya gedib-gəldiyi bildirilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button