Lüksemburq Bakını bütün hərbi əsirləri azad etməyə çağırır

Lüksemburq Bakını bütün hərbi əsirləri dərhal azad etməyə və bütün itkin düşmüş şəxslər haqqında hərtərəfli məlumat verməyə çağırır.

Bu barədə Lüksemburq Deputatlar Palatasının spikeri Klod Vizler mayın 22-də Ermənistan Milli Assambleyasında çıxış edərkən bildirib.

“Ədalət və bəşəriyyət bu insanların gecikmədən azad olunmasını, ailələrin layiq olduqları cavabları almalarını tələb edir”, – Vizler deyib.

Lüksemburq Deputatlar Palatasının sədri Ermənistan-Azərbaycan sülh danışıqlarının uğurla nəticələnəcəyinə ümid etdiyini bildirib. Bununla belə, Avropa rəsmisinin fikrincə, davamlı sülhə gedən yolda dürüst və konstruktiv dialoqun inkişaf edə biləcəyi forumun yaradılması vacibdir. Ona görə də onlar hərbi əsirlərin azad olunmasına çağırırlar.

Altı gün əvvəl Lüksemburq Deputatlar Palatası analoji çağırış ilə qətnamə qəbul etmişdi. Sənəddə Almatı Bəyannaməsi (1991) ilə region ölkələrinin ərazi bütövlüyünün tanındığı vurğulanıb, Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və regionda diplomatik münasibətlərin normallaşdırılması istiqamətində iş təqdir olunub. Lüksemburq qanunvericiləri habelə Ermənistanın demokratik tərəqqisini, Roma Statutunun ratifikasiyasını alqışlayıblar, yeni tərəfdaşlıq proqramı vasitəsilə Avropa İttifaqı-Ermənistan əlaqələrinin dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

Ermənistan hüquq müdafiəçilərinin məlumatına görə, hazırda Azərbaycanda Qarabağ separatçılarının keçmiş rəhbərləri də daxil olmaqla 23 erməni əsilli şəxs saxlanılır.

Azərbaycan Milli Məclisi öz növbəsində bəyan edib ki, Lüksemburq Deputatlar Palatası sədrinin “qərəzli” fikirlərini kəskin şəkildə qınayır, müdaxilə cəhdləri sülh prosesində uğurlu nəticələrin əldə olunmasını əngəlləyir.

” …Onlar regionda baş verən prosesləri sərbəst şəkildə təhrif etməkdən, hətta Azərbaycana qarşı hansısa tələblər irəli sürməkdən çəkinmirlər”, – Azərbaycan parlamentinin bəyanatında vurğulanır.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button