Mədəniyyət Nazirliyinin yayım vəsiqəsi senzurası etirazlara səbəb olub

“Filmlərə yayım hüququnun verilməsi böyük bir maneəyə çevrilir”

Azərbaycanda kino sahəsi üzrə fəaliyyət göstərən bir qrup sənət adamı Mədəniyyət Nazirliyinin fəaliyyətinə etiraz olaraq birgə bəyanat yayıb.

Bəyanatda bildirilir ki, peşə fəaliyyətlərini icra etmələrinə bürokratik və iqtisadi maneələr yaradılır.

Bunlardan biri kimi də Mədəniyyət Nazirliyinin kinoteatrlarda və kinozallarda nümayiş olunacaq filmlərlə bağlı lisenziyanın tətbiq olunması göstərilib.

Nazirlər Kabinetinin 2006-cı il tarixli “Filmlərin Yayımı və Nümayişi qaydaları” qərarına əsasən, hər bir filmi Azərbaycandakı kinozallarda, kinoteatrlarda göstərmək üçün mütləq şəkildə yayım vərəqəsi – lisenziya almaq məcburidir.

Bəyanatda isə qeyd olunur ki, Mədəniyyət Nazirliyi yayım vərəqəsini sözügedən qərara istinadən tələb etsə də, bunu qanuna zidd formada icra edir:

“Qanunda göstərilir ki, Azərbaycanda istehsal edilmiş və ölkə ərazisində nümayişi nəzərdə tutulan filmlərin müəlliflərinin və ya hüquqi sahiblərinin Mədəniyyət Nazirliyinə filmlərində “pornoqrafik, dini, milli, irqi düşmənçiliyə yönələn” kadrların olmadığı barədə məlumat verməsi kifayətdir”.

“Qanuna əsasən, ancaq yaş kateqoriyası verilə bilər, senzura tətbiq edilə bilməz. Bütün bunlar sadə görünsə də, Mədəniyyət Nazirliyi tərəfindən Ekspert Şurası yaradılıb və bu şura filmlərə yayım vərəqəsi vermək adı ilə ciddi nəzarət mexanizmi qurub, başqa sözlə, senzura tətbiq edir. Mədəniyyət Nazirliyinin təsis etdiyi “Ekspert Şurası” tərəfindən filmlərə yayım hüququnun verilməsi böyük bir maneəyə çevrilir”, – bəyanatda deyilir.

Qeyd olunur ki, Ekspert Şurasının fəaliyyəti Nazirlər Kabinetinin 2006-cı il tarixli “Filmlərin Yayımı və Nümayişi Qaydaları” ilə bağlı qərarına ziddir:

Kinematoqrafçının yaradıcı prosesinə hər hansısa Ekspert Şurasının nəzarət etməsi absurddur. Nazirliyin belə qanundankənar fəaliyyətləri kino işçilərinin yaradıcı azadlığını əlindən alır”.

Foto: Mədəniyyət Nazirliyi

Bəyanatda qeyd olunur ki, Mədəniyyət Nazirliyi Azərbaycanda kino fəaliyyəti ilə məşğul olan insanlara “çəkiliş icazəsi” qaydası tətbiq etməyə başlayıb:

“Beynəlxalq praktikada “çəkiliş icazəsi”ni sadələşdirmiş şəkildə, bir portal vasitəsilə almaq mümkün olduğu halda ölkəmizdə buna da ciddi bürokratik maneələr yaradılır. Bir sözlə, Mədəniyyət Nazirliyi deyir ki, bu ölkədə heç kim onların nəzarəti və icazəsi olmadan heç bir film istehsal edə və ya istehsal edibsə, bu filmi tamaşaçılara təqdim edə bilməz. Biz kino adamları olaraq çox güclü təzyiqə, senzuraya məruz qaldığımızı düşünürük. Ümumiyyətlə, artıq uzun müddətdir ki, kino sahəsində son dərəcə ciddi xaos hökm sürür, məmurlar tərəfindən az qala düşmən münasibəti sərgilənir, kinomuz sanki bilərəkdən inkişafa yox, geriyə sürüklənir”.

“Bu şərtlərdə kino mühitində heç bir yaradıcı və iqtisadi azadlıqdan söhbət gedə bilməz və fəaliyyət göstərməyimiz, demək olar ki, qeyri-mümkündür. Bu, sənətin və sənətçinin kinodan uzaqlaşmasına, yaradıcılığın tamamilə yox olmasına gətirib çıxaracaq. Belə davam edərsə, heç kim heç bir halda bizim ölkədə kinonun varlığına inanmayacaq və azərbaycanlı kinematoqrafçılar dünya kinematoqrafiyasından təcrid olunacaq. Biz bu bəyanatla bütün bunlara səssiz qalmadığımızı bildirir, həmçinin ictimaiyyəti mövcud vəziyyətə laqeyd qalmamağa səsləyirik”, – bəyanatda deyilir.

Bəyanatda həmçinin tələblər açıqlanıb:

1. Azərbaycan Respublikasının qanunlarına zidd olan faktiki senzura və yaradılan bütün süni maneələr aradan qaldırılsın.
2. Filmlərin yayımında Nazirlər Kabinetinin hazırkı qərarı əsas götürülsün. Yayım vəsiqəsi sadələşdirilmiş formada və Ekspert Şurası olmadan, Nazirlər Kabinetinin qərarına əsasən verilsin.
3. Kino qanununun işləkliyinin təmini məqsədilə müzakirə mühiti formalaşdırılsın və bu qərarlar yerli kinematoqrafçılarla müzakirə edilərək həyata keçirilsin.

Bəyanatı imzalayanların tam siyahısı ilə buradan tanış ola bilərsiniz.

Azərbaycan Kinorejissorlar Gildiyası da məsələ ilə əlaqədar bəyanat yayıb.

Foto: Azərbaycan Kinorejissorlar Gildiyası

Qurum məsul şəxsləri kinematorqafik əsərin yaradılmasında (çəkilişə icazə), nümayişində (yayım vəsiqəsi) və digər istiqamətlərində, yaradıcılıq fəaliyyətini məhdudlaşdıracaq və senzura ehtimalını yarada biləcək bütün addımlardan çəkinməyə çağırır.

Mədəniyyət Nazirliyindən Meydan TV-yə bildirilib ki, məsələ ilə əlaqədar ictimaiyyətə açıqlama veriləcək.

Daha öncə rejissor Elvin Adıgözəl Meydan TV-yə bildirmişdi ki, Mədəniyyət Nazirliyi Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) və “Cinema Plus” kinoteatrlar şəbəkəsinin rəhbəri Zaur Darabzadəyə filmlərin nümayişi ilə əlaqədar sərt xəbərdarlıq edib.

Mədəniyyət Nazirliyinin belə addım atmasına səbəb AKİ-nin “Cinema Plus” kinoteatrlar şəbəkəsi ilə birgə əməkdaşlıq çərçivəsində nümayiş etdirdiyi filmlərə görə nazirlikdən yayım icazəsi almaması olub.

Mədəniyyət sahəsi üzrə ekspert, Prodüserlər Gildiyasının sədri Fikrin Bektaşi Meydan TV-yə demişdi ki, filmlərə yayım vəsiqəsinin verilməsi üçün müstəqil komissiya yaradılmalı və onlar da filmləri qiymətləndirməlidirlər.

Fikrin Bektaşi, Foto: Arxiv

“Mədəniyyət Nazirliyi filmlərə lisenziyanın verilməsi funksiyasını əldə saxlamaqla təbii ki, inhisarçı bir mövqedən çıxış edir. Bəzi hallarda bu, təbii ki, müəyyən bir qərəzə gətirib çıxarır. Burada balanslı və şəffaf mexanizm olarsa, meyar əsasında, yayım vəsiqəsi verilərsə, o zaman təbii ki, problem olmaz. Mövcud vəziyyətdə mən bilmirəm ki, təqdim olunan filmlərə kimlər baxır? Kim qərar verir? Ümumiyyətlə, Kino Agentliyində kino peşəkarı varmı ki, hansısa filmə yaş kateqoriyası müəyyən edə bilsin”, – Fikrin Bektaşi bildirmişdi.

2023-cü ilin noyabrında Mədəniyyət Nazirliyi tərəfindən kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert Şurası yaradılıb.

Bu da kino ictimaiyyəti arasında ciddi narazılıqlara səbəb olub.

Bildirilib ki, Bədii Şuranı yaratmaqla Mədəniyyət Nazirliyi senzuranı rəsmiləşdirmiş olub.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button