Mədəniyyət xadimləri deputatın maliyyə ilə bağlı təklifini dəstəklədilər

Yayımlandı: 31 May 2024 16:43

Kinoya ayrılan pulun miqdarı artırılmalıdır”

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa hesab edir ki, büdcədən mədəniyyətə ayrılan pullar azdır.

O, Milli Məclisdə çıxışı zamanı deyib ki, bu sahə üçün ayrılan pullar artırılmalıdır.

2024-cü ilin dövlət büdcəsindən mədəniyyət və incəsənət sahəsinə ümumilikdə 198 milyon manat ayrılıb.

Foto: Meydan TV

“Mədəniyyət sferasında çalışan insanların böyük əksəriyyəti çox aşağı əməkhaqqı alır. Vəsaitin az olması da bu cür yaradıcı potensialın ölkədə aşağı düşməsinə gətirib çıxarır”, – Fazil Mustafa bildirib.

Ekspertlər isə hesab edirlər ki, ayrılan maliyyənin həcmindən vacib onun səmərəli və düzgün xərclənməsidir.

“Vəsait artırılmalı və sektor rüşvət hallarından təmizlənməlidir”

Teatr tənqidçisi Dağlar Yusif Meydan TV-yə deyir ki, mədəniyyətə ayrılan maliyyənin artırılması təklifinin tərəfdarıdır:

Foto: Dağlar Yusifin şəxsi arxivindən

“Amma burada əsas məsələ ayrılan pulların sərfiyyatıdır. Bunun üçün də istifadə mexanizmi təkmilləşdirilməli, rüşvətxorluq halları olarsa, qarşısı alınmalıdır. Tutalım, əgər kimlərsə həmin pulları yeyirsə, bu o demək deyil ki, mədəniyyətə ayrılan pullar artırılmamalıdır. Əksinə, vəsait artırılmalı və sektor rüşvət hallarından təmizlənməlidir. Beləcə, sistem şəffaflaşarsa ki, – bu proses getməkdədir – maliyyə artımının mədəniyyətin inkişafına gözgörəsi müsbət təsiri ola bilər”.

“Fazil Mustafanın fikirlərini tamamilə dəstəkləyirik”

Kinorejssor, prodüsser Əli İsa Cabbarov Meydan TV-yə bildirib ki, kinoya ayrılan pulun miqdarı artırılmalıdır:

Foto: Əli İsa Cabbarovun şəxsi arxivindən

“Özbəkistan və Qazaxıstanın kino vəziyyəti ilə paralellər aparsaq, Fazil Mustafanın fikirlərini tamamilə dəstəkləyirik. Konkret olaraq kinoda vəsaitin artırılması məsləhətdir. Təkcə mədəniyyət deyil, təhsilə də investisiya qoyulması önəmlidir. Büdcədə mədəniyyət və təhsilin payı nə qədər çox olsa bir o qədər effektiv olacaq. Təbii ki, kinoya ayrılan pulların həcminin artması ilə yanaşı, idarəçiliyin səmərəliliyinin artması vacibdir”.

Mədəniyyət sektorunda yeyintilər…

Hesablama Palatasının 2022-cü ildə yaydığı hesabatında bildirilirdi ki, Mədəniyyət Nazirliyində 2020-2022-ci illəri əhatə edən yoxlamalar zamanı ciddi maliyyə pozuntuları aşkarlanıb.

Palata tövsiyə edirdi ki, nöqsana yol verən məsul şəxslər məsuliyyətə cəlb olunsunlar.

Hesabatdan bir həftə sonra, 2022-ci il noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirdi.

Əməliyyat zamanı mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev, nazirliyin Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov saxlanıldı.

Onlara Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələrilə ittiham irəli sürülüb.

2022-ci il dekabrın 22-də isə Prezident İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri vəzifəsindən çıxarıb, yerinə Adil Kərimlini qoyub.

Hesablama Palatası
Foto: Hesablama Palatası

Anar Kərimovun vəzifəsindən azad edilməsinə səbəb kimi Mədəniyyət Nazirliyində baş verən korrupsiya hallarının olduğu iddia edilib.

Hesablama Palatasının 2023-cü ildə Nazirlik və Agentlikdə apardığı yoxlamadan sonra yeyinti halları aşkarlandığı üçün sənədlər prokurorluğa göndərilib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa isə Meydan TV-yə açıqlamasında demişdi ki, yeyinti hallarının  qanunvericiliklə bilavasitə əlaqələndirilməsi doğru deyil:

 “Bu, səhlənkarlıqla, eyni zamanda qeyri-peşəkarlıqla bağlı olan məsələdir. Qanunvericiliklə bağlı hansısa məsələ olanda, qanunda əlavə və düzəlişlər edərək gerçəkləşdiririk”.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button