“Məhbus sözü”ndə Şəmsiyyə Bəylərqızı: “İlham Əliyev mənə dedi ki, neçə ki, mən bu ölkənin prezidentiyəm…”-VİDEO

Qadınları döyürlər, karsa salırlar, sonra da üzərlərinə su tökürlər ki, ayılsınlar!

 

Şəmsiyyə Bəylər: “Məhkəmədən qabaq general mənə 10 il müddətinə həbs olunacağımı dedi…”

 

Azərbaycan və Rusiya Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü, Beynəlxalq Atatürk mükafatı təmsilçisi, Avropa Akademiyasının professoru, Avropa universitetinin fəxri doktoru, İtaliya Akademiyasının akademik üzvü, BMT-nin “Vicdan və Azadlıq” medalı təmsilçisi, BMT-nin “Sülh və Demokratiya” ödül təmsilçisi, Özbəkistanın fəxri vətəndaşı, Yaponiya və Kanadanın fəxri vətəndaşı Şəmsiyyə Bəylər ilə bu müsahibə son 7 ildə mətbuata verdiyi ilk müsahibədir. Son illərdə adı qalmaqallarla yadda qalan Şəmsiyyə xanımı ictimaiyyətdə həm də İranın Azərbaycandakı sabiq Fövqəladə və Səlahiyyətli səfiri Əfşar Süleymaninin həyat yoldaşı kimi xatırlayırlar. Ailə münaqişəsinin siyasi müstəviyə keçməsi onların övladlarının hələ kiçik yaşlarından gözlənilməz  həyat dərslərilə üz-üzə qalmasına səbəb olub. Övladına aliment verməkdən imtina edən sabiq fövqəlsəfirin Azərbaycan məhkəmələrinin qərarı ilə ölkədən çıxışına qadağa qoyulması məsələnin daha da böyüməsinə və nəticədə Şəmsiyyə Bəylər qızı Rzayevanın heç bir səbəb olmadan həbs olunmasına gətirib çıxarır. Ölkə prezidenti ilə iki dəfə görüşməsi də onu həbs təhlükəsindən uzaqlaşdıra bilmir. “Cənab prezident mənə dedi ki, “Nə qədər ki, mən varam səni Əfşar Süleymani məsələsinə görə həbs etməyəcəklər”. “Prezident mənə belə desə də, ondan bir qədər sonra ölkənin ən tanınmış generalları məni Əfşar Süleymaninin istəyi ilə həbs etdilər”, deyən Şəmsiyyə Bəylər müsahibədə çox ilginc məqamlara toxunub.

O, nə üçün həbs olundu? Onu həbs etdirən Əfşar Süleymani o qədərmi güclü adam idi? Əsassız açılan cinayət işində istintaqdan əvvəl hansı general ona “Oğlunun 14 yaşı olanda səni həbsdən azad edəcəklər” deyib və bununla da ona məhkəmə hökmü ilə 10 il cəza veriləcəyi xəbərdarlığını edib? 

Bu müsahibə ölkədə gedən siyasi proseslərin hansı müstəvidə aparıldığından dəqiqliyilə xəbər verir. Oxucularımıza, eləcə də tamaşaçılarımıza yadda qalan və maraq doğuran bir müsahibəni təqdim edirik. Şəmsiyyə Bəylər bu müsahibədə həm də “Qadın kalonu” adı ilə tanınan 4 saylı cəzaçəkmə müəssisəsində baş verən qanunsuzluqlar, qadın məhkumlara qarşı olan amansız münasibət, həbsxananı başına götürən antisanitariya, hər qadın üçün ayrılan 20 litr sudan artıq su verilməməsi, hətta hamamda ümumiyyətlə “duş”un olmaması və bunun da müxtəlif xəstəliklərə yol açmasından danışdı.

Yeri gəlmişkən, həbsxana həyatı yaşamış məhkum həmkarlarımızla, siyasi və vicdan məhbusları ilə “Məhbus Sözü”ndə tez-tez görüşünüzə gəlməyə çalışacağıq.

XuralTV-nin yeni layihəsi olan “Məhbus Sözü”nün ilk qonağı Şəmsiyyə Bəylərdir.

 

General “oğlunuzun 14 yaşında azadlığa çıxacaqsınız…” dedi

– Biz bu gün yeni bir verilişlə sizin görüşünüzə gəlmişik. Bundan sonra həbsxana həyatı yaşamış məhkum həmkarlarımızla, siyasi və vicdan məhbusları ilə “Məhbus sözü” verilişində görüşəcəyik. Bizim həmkarlarımızdan biri, ötən ayın 27-də prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığına qovuşan Şəmsiyyə Bəylərdir. Şəmsiyyə xanım uzun illər media sahəsində çalışıb. Vaxtilə “Xural” qəzetində yazıları dərc olunub.  Hüquq müdafiəçiliyi ilə məşğul olub. Amma cəmiyyətin çox hissəsi də məncə, bu haqda o qədər də məlumatlı deyil – uzun müddət də həbs həyatı yaşayıb. Biz indi Şəmsiyyə xanımla, “Niyə həbsxana həyatı yaşayıb?”, “Nə oldu? Niyə bu qədər uzun müddətə həbsxana həyatı yaşamalı oldu?”, – kimi suallar ətrafında danışacağıq. Şəmsiyyə xanım, xoş gəlmisiniz.

– Təşəkkür edirəm. Siz də xoş gəlmisiniz. Zatən həbsdən sonra mən də ilk dəfədir ki, sizi görürəm.

– Hə… Elə həbsxanalar bir az başımızı qatdı.

– Düzdür, orada görüşürdük. Amma azadlıqda görüşmək imkanı olmadı.

– Yəni “həbsxanada görüşdük” ifadəsini oxucular və tamaşaçılar bir az başa düşməzlər, zatən də heç kim başqa cür anlamasın – yəni həbsxanada vəkildən vəkilə çıxanda, dəhlizdə təsadüfən görüşlərimiz olub. Mənim hətta Şəmsiyyə xanımı ilk dəfə orada gördüyüm yadımdadır. Heyrət elədim, həbs olunduğunu bilmirdim. Bir də baxdım ki,  7-ci korpusun içindən Şəmsiyyə Bəylər gəlir. Buyurun, Şəmsiyyə xanım, niyə həbs olundunuz?

– Niyəsini bir az da dəqiq və təfsilatı ilə desək, 2012-ci ilin may ayında Apellyasiya məhkəməsinin Əfşar Süleymaninin aliment vermədiyi üçün Azərbaycanı tərk etməməsinə dair qanuni qüvvəyə minmiş qərarı var idi.

 

Əfşar Süleymaniyə ölkədən çıxmaq qadağası qoyuldu

 

– O qadağa Əfşar Süleymani ilə olan qovğanınmı nəticəsi idi, yoxsa işin içində başqa işlər də var idi?

– Qətiyyən. Məsələ yalnız Əfşar Süleymani idi və sadəcə başqa adamları da işə qatmaq istədilər, alınmadı. Əfşar Süleymaniyə məhkəmə qərarı ilə embarqo qoydular və o da Azərbaycana girdi, çıxa bimədi. Nəsimi rayon məhkəməsinin 2011-ci ilin oktyabr ayında qəbul olunmuş qətnaməsinə əsasən Əfşar Süleymaninin Azərbaycandan çıxışına qadağa qoydular. O da təbii ki, hiddət doğurdu. Dəfələrlə dövlət orqanları tərəfindən, Ədliyyə nazirliyi səviyyəsində, Daxili İşlər nazirliyinin rəhbərliyi səviyyəsində, Baş Prokurorluğun rəhbərliyi səviyyəsində, Nazirlər Kabineti səviyyəsində məni çağırdılar, bildirdilər ki, “bəlkə ərizəni geri götürəsiniz? Bəlkə embarqo ləğv olunsun və Əfşar Süleymaninin ölkədən çıxışı qanuniləşdirilsin? Hər bir halda ortada bir uşaq var, bunu etməyin”. Dedim, “uşağın olduğu zaman belə o düşünmədiyi halda mən qanuni yolla hərəkət etdim. Çünki o deyirdi ki, “mən qanun qarşısında cavab verməyə hazıram”. Mən də qanuni qaydada məhkəməyə vermişəm və məhkəmə qərar çıxarıb. Mən qərar çıxarmamışam ki…”  Əfşar Süleymanidən mənə təpkilər gəlirdi, amma real olaraq hərəkət yox idi. 2012-ci il uyunun 5-də rəhmətlik Məhəbbət Kazımovun qızının toyunda hörmətli millət vəkillərindən biri telefonuma baxıb dedi ki, “ay Şəmsiyyə xanım, Əfşar Süleymani sizə zəng eləyir”. Elə bildim zarafat edir, telefonu çevirmək istəyəndə baxdım ki, doğrudan da Əfşar Süleymani zəng eləyir. Dedim, “eşidirəm, toydayam, çıxandan sonra zəng edərəm”. Dedi, “embarqonu götürürsən?” Dedim, yox. Üç dəfə soruşdu, “götürürsən?” dedim, “yox!” Dedi, “mən sənin başına bir oyun açacam, sən ömründə belə bir oyun görməmisən”. Gecə telefon danışıqlarımız saatla davam elədi, biz danışdıq – 2-yə qədər, 2-dən sonra 4-ə qədər… Mesajlar yazdıq. Nəhayət, bundan üç gün keçmişdi ki, ayın 8-də Mirqafar Seyidov zəng elədi və dedi ki, gəlin, 15 dəqiqəyə qayıdarsınız.

 

Mirqafar Seyidov çox rahatca “Sizi həbs edirəm, bu, Əfşar Süleymaninin göstərişidir” dedi

 

– Onda Mirqafar müəllim hansı vəzifədə idi ki?

– Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin rəisi idi. Tahir müəllim də istintaqın rəisi idi. Getdim, dedilər ki, “general sizi qəbul eləyəcək”. General da qəbul elədi və çox da rahat qaydada dedi ki, “Sizi həbs edirəm! Nazirin göstərişidir. Əfşar Süleymani deyib”. Elə bununla da beş gün məni orada saxladılar – 15 dəqiqəliyinə gedən adam, qaldım.

– Xahiş edirəm ki, bu hissəni bir az təfərrüatı ilə anladasınız. Sizi birbaşa MCMİ-nin rəisi, general idarəyə dəvət eləyir…

– Bəli… “Banditizm”ə dəvət eləyir, ora 15 dəqiqəlik gedirəm və mən beş gün orada qalıram, sonra da Bakı İstintaq Təcridxanasına göndərirlər.

– Həbs necə həyata keçirildi?

– Belə rahat qaydada. Sizinlə necə rahat oturub danışırıqsa, onunla da elə oturmuşduq və dedi ki, “Şəmsiyyə xanım, sizi həbs edirəm. Bu, Əfşar Süleymaninin göstərişidir.” Bu yerə qədər dedim ki, evdə konsilium var. Anama baxmaq üçün həkimlər gəlməlidir. İcazə versəydiniz, mən evə gedərdim, o konsiliumda iştirak edərdim – istəyirsinizsə, əməkdaşlarınız da mənimlə gedə bilərlər – sonra da qayıdardım. Dedilər, “yox, artıq nazirə sizin həbs olunduğunuzu məruzə eləmişik, Siz həbs olunursunuz!” Sonra Mirqafar müəllim məndən soruşdu ki, “Şəmsiyyə xanım, oğlunuzun neçə yaşı var?” Dedim, 4. Dedi, “14 yaşında həbsxanadan çıxacaqsınız. Demirəm, bir-iki ay sizi tez buraxalar, amma oğlunuzun 14 yaşında azadlığa çıxacaqsınız.”

– Nə danışırsınız?

– Bəli.

– Yəni Mirqafar Seyidov ilk həbs olunduğunuzu elan eləyəndə, sizə həm də neçə il həbsdə qalacağınızı deyib?

– Bəli.

– Bu, bir skandaldır.

– Yadınızdadırmı, mən İstintaq Təcridxanasında sizə dedim ki, “Əvəz bəy, mənə 10 il iş verəcəklər”.  Yadınızdadırmı?

– Yadımdadır.

– Biz bunun ətrafında diskussiya elədik. Dediniz ki, “10 il ola bilməz. Şəmsiyyə xanım, qadına bu qədər də iş kəsməzlər”. Zatən mənim yanımda olanlar, otaq yoldaşlarım bilirdi. Mən gedəndə deyirdim ki, “mənə 10 il iş veriləcək. 10 il – Allah xeyir versin”. Hər dəfə məhkəməyə gedəndə deyirdim, Allah xeyir versin. Çünki artıq bilirdim ki, 10 il həbs olunacağam.

– Düz 10 il də aldınız?

– Bəli, birinci məhkəmə instansiyasında düz 10 il də aldım.

– Sonra da əlavələr oldu?

– Bəli, sonra da mobil telefondan istifadə etdiyimə görə – bu da qanunla yasaqdır – növbəti ittihama məruz qaldım. 1 il 3 ay 10 ilin üzərinə gəldilər. Ümumilikdə 11 il 3 ay oldu.

– Nəı qədərini qaldınız?

– 5576 gün – tam 7 il həbsdə oldum.

– Mən də 1158 gündür…

– Siz 3 il 2 ay qaldınız.

 

Müstəntiqlər mənim işimi aparmaqdan imtina etdilər

– 2 dəfə artıq. Yaxşı, istintaq zamanı hansı ittihamlar ortaya çıxdı? 10 ili sizə hansı işinizə görə verdilər?

– Mən ümumiyyətlə, bilmirəm ki, niyə 9 ay məni istintaq altında saxladılar. Bakı İstintaq Təcridxanasında qaldığım 9 ay müddətində yanıma nə müstəntiq gəlirdi, nə ittiham oxunurdu. Sadəcə vəkillər gəlirdi, onlarla görüşürdük. Ara-sıra onlarla söhbət edirdik. Yəni başqa heç bir istintaq hərəkəti aparılmırdı. Mənə cinayət işi açılanda Tahir müəllim – indi yəqin ki, dinləyər – bir neçə müstəntiqi yanına çağırdı, onlardan biri də Şahin müəllim idi, – Allah ona qəni-qəni rəhmət eləsin, əvvəl bu cinayət işinin başlanması haqqında rəddolunma qərarı vermişdi – o cinayət işini aparmaqdan imtina etdi ki, bu məsələdə cinayət tərkibi yoxdur. Musa adlı müstəntiq var idi, onu da çağırdılar, o da imtina etdi. Fəxrəddin müəllim də imtina etdi ki, “Körpəsi var, mənlik olmasın bu iş”.

– Yəni müstəntiqlər bir-bir işi aparmaqdan imtina elədilər?

– Bəli, sonda 23 yaşında Polis Akademiyasını təzə qurtarmış bir nəfəri istintaqçı kimi işə qoşdular. Moşu Paşayev adlı bir uşaq idi. Mən ona dedim ki, “Sizdən yaşca böyük olan və hüquq sahəsində müəyyən təcrübəsi olan bir adam kimi məsləhət görürəm ki, siz bu işi aparmayasınız. Bu iş əvvəl-axır çox başağrılarına səbəb olacaq. Yəni bunun motivi siz olmayın”. Sonradan sağ olsun, o da işdən uzaqlaşdırıldı, İsmayıl Əliyev adında Bakı şəhər Baş Polis İdarəsindən müstəntiq dəvət elədilər, MCMİ-nə gəldi. O, demək olar ki, 9-10 ayın son bir həftəsi ərzində mənim işimi apardı və istintaq bitdi. Əfşar Süleymaninin ifadəsi alındı, mənim və şahidlərimin ifadəsi alındı və bununla da istintaq başa çatdı. Digər cinayət işinə qoşulmaq istəyən adamlar oldu ki, onların da dedikləri öz əsasını tapmadı.

– Sizin cinayət işinizə başqa adamları da qoşdular?

– Bəli, qoşmaq istədilər, amma qoşa bilmədilər.

– Niyə? “Cinayət işi”ni rəngləndirmək üçün bunu edirdilər?

– Hə. Rəng qatmaq istədilər, o da alınmadı. Mən dirəndim, dirəniş göstərdim. Alınmadı, çünki əsas yox idi.

– İstintaq prosesi aparılarkən Əfşar Süleymani ilə görüşdünüzmü?

– Bəli, bəli…

– Heç üzləşdinizmi?

– Bakı İstintaq Təcridxanasının istintaq otağında çox bərbad bir vəziyyətdə görüşdük.

– Necə?

– Onu danışmayaq… Az qala əlbəyaxa olacaqdıq.

– Şəmsiyyə xanım, motiv nə idi? Əfşar Süleymani nə istəyirdi? Ortada pul məsələsimi var idi?

– Yox, ortada pul məsələsi yox idi. Ortada prinsip məsələsi var idi. Əfşar Süleymaniyə o pul da lazım deyildi. Siz də bilirsiniz ki, pul məsələsi deyildi, mən də bunu bilirəm, ictimaiyyət də bilir, bütün ağıllı adamlar da bilir, bizim ailəvi dostlarımız da bilir.

 

Əli İnsanova İspaniya Akademiyasında “toxunulmazlıq” statusu verdilər, sonra da həbs etdilər

 

– O vaxt şəxsi münasibətləriniz telekanala da çıxmışdı…

– Bəli, bəli, ANS-də müzakirə olundu. Digər kanallarda – ATV və başqa kanallarda da müzakirə olundu. Artıq ölkə ictimaiyyəti də məsələnin mahiyyətini bilirdi. Hamı bilirdi ki, bu bir prinsip məsələsi idi. Məni həbs eləyirlər və həbsimdən bir ay sonra mülki prosedur qayda pozğunluğunu törədən həmin adam bəraət alır. Əvəz bəy, siz də hüquqşünassınız. Bir işə qətnamə çıxaran və yaxud da hökm çıxaran hakim təkrar o işi apara bilərmi? Bilməz. Hakim Xumar Mərdanova təkrar qərar çıxardı. Əfşar Süleymaniyə embarqo qoyan bu hakim, yenidən işə baxaraq embarqonu götürdü. Mən bu xanımın adını çox hallandırmaq istəmirəm. Ona görə ki, o mənim çox hörmət elədiyim Zöhra xanım Abdullayevanın gəlinidir. Ona görə də bu mövzunu elə buradaca bağlayıram. Amma hər bir halda düşünürəm ki, Xumar xanım bunu özü eləmədi. Ona da yuxarıdan tapşırıq gəldi. Mən iyul ayında həbs olunuram. Avqustun 8-də artıq Əfşar Süleymaninin “embarqo”su üzərindən götürülür və o da rahatlıqla ölkəyə daxil olub, çıxa bilir.

– Bir ay sonra…

– Təxminən ay yarım sonra.

– Dediklərinizdən belə anlaşılır ki, bu məsələ elə əvvəldən başdan idarə olunub.

– Bəli, sifariş əsasında idarə olunub.

– Yəni Əfşar Süleymani bizim ölkəmizdə o qədərmi güclü adamdır?

– Mən sizə bir şey deyim. Yəni o qədər güclü olmasa da, gücsüz də deyil. Əslində, sadəcə məni heyrətləndirən bilirsinizmi nə idi? İki il ardıcıl olaraq dalbadal Avropa Akademiyası, Avropa universiteti, İtaliya Akademiyası, nə bilim…

– Hə, sizin çox sayda mükafatlarınız var idi.

– Hə. Beynəlxalq Atatürk mükafatı laureatı adını qazanmış və ardıcıl olaraq bir neçə önəmli mükafatlarla təltif olunmuşdum. Hərdən Sürət Hüseynovu xatırlayıram. Onu təmtəraqla baş nazir təyin etdilər, sonra da həbsə atdılar. Deyirdim, Əli İnsanova da İspaniya Akademiyasında “toxunulmazlıq” statusu verdilər. Orada akademiklərin hamısı bu statusu alır. Ona bu status veriləndən bir həftə sonra həbs olundu. Eyni qaydada mən də bütün bunları yaşadım. Azərbaycan dövləti bu insanlar haqqında təqdimat yazır və bu Akademiyalara göndərirlər. Onları mükafatlandırandan sonra tutub içəri salırlar. Özü də çox rahat qaydada.

– Mən yanlış xatırlamıramsa, bu  məlumatı biz xəbər olaraq da vermişdik. O vaxt bu mükafatlarla bağlı sizin cənab İlham Əliyevlə görüşünüz də olmuşdu…

– Bəli, görüşüm olmuşdu.

– Hətta Əfşar Süleymani məsələsilə bağlı da görüşünüz olmuşdu…

– Birinci dəfə Əfşar Süleymani məsələsilə bağlı görüşüm olmuşdu. “İntihara səsləyirəm – 45 ilin 45 səhvi” kitabımın nəşrindən sonra ikinci dəfə qəbul olunmuşdum.

– Yəni prezidentlə olan münasibətlərə baxmayaraq, sizi çox rahatlıqla həbs elədilər…

– Çox rahat qaydada həbs olundum. Hətta cənab prezident demişdi ki, “Şəmsiyyə xanım, neçə ki, mən bu ölkənin prezidentiyəm, siz Əfşar Süleymani məsələsilə bağlı həbs olunmayacaqsınız”. Əfşar Süleymanini öldürsəydim, başqa məsələ, amma bu məsələ ilə bağlı tutulmayacağımı söylədi. Məhz həmin məsələ ilə bağlı da tutuldum.

 

İlham Əliyev mənə dedi ki, neçə ki, mən bu ölkənin prezidentiyəm…

 

– Dediklərinizi sakit dinləyə bilmirəm. Yəni deyirsiniz cənab prezident sizə demişdi ki, “Şəmsiyyə xanım, neçə ki, mən bu ölkənin prezidentiyəm, siz Əfşar Süleymani məsələsilə bağlı həbs olunmayacaqsınız”.

– Bəli.

– Sağ olsun. 7 il həbsdə qaldınız?

– Bəli.

– Yenə sağ olsun. Bayaq da onu qeyd eləmək istəyirdim. Mən bilirəm ki, sizin ən müxtəlif nazirliklərdə, hətta nazirlər səviyyəsində müəyyən dostluqlarınız, tələbə yoldaşlarınız var. Hətta prezident səviyyəsində qəbul olunmusunuz. Yəni bütün bunlar sizin həbs olunmamağınıza kömək etmədimi ki, 7 ildən çox içəridə qaldınız?

– Baxın, mən Bakı İstintaq Təcridxanasında saxlanılanda dəfələrlə rəisin yanında görüşümə gələn, mənə kömək etmək istəyən adamlar olub. Amma nə yazıq ki, bunu edə bilməyiblər. Deyiblər ki, “bəlkə də adam öldürsəydin, səni buradan rahat qurtara bilərdik, amma bu məsələ ilə bağlı belədir ki, heç cür yaxın düşmək mümkün deyil”.

 

Həbsimin sifarişçisi bir nazirdir, yəqin məni dinləyir

 

– Şəmsiyyə xanım, o zaman sizin həbsinizin sifarişçisi kim olub? Əfşar Süleymani sizin həbs olunmağınızı kimdən xahiş edib?

– Hə, bu, çox maraqlıdır. Sifarişçi bir nazirdir, sağ olsun. Yəqin məni eşidər, dinləyər. O nazir ki, Əfşar Süleymaninin İrandakı evində mən onu ailə üzvləri ilə birlikdə qəbul eləmişəm, qarşısına yemək gətirmişəm. Mən çox adamlara zəng elədim. BTİ-dən üç nazirə zəng vurdum ki, mənim həbsimi sən sifariş eləmisən? Onlardan biri hətta mənə çox aqressiv cavab verdi ki, “Sən dəli olmusan, Şəmsiyyə. Sən mənim bacımın hüzüründə olmusan, 7 gün qulluğumuzda dayanmısan. Ola bilməz ki, mən sənin həbsinə qərar verəm. Yəni Əfşar Süleymani kimdir ki, ondan ötrü mən sənin həbsinə qərar verdirim? Mümkün olan şey deyil”. Dedim, o zaman bunun kim olduğunu öyrən və mənə de. Öyrəndi və mənə dedi. Bu, bir mənbə oldu. İkinci mənbə isə mənim qrup yoldaşımdır. Dediyim adam dövlət orqanında işləməsə də bütün ətrafı dövlət orqanı əməkdaşlarıdır, ona da zəng vurub dedim ki, “sən çox informasiyalı adamsan, mən xahiş edirəm ki, məni kimin həbs etdirdiyini öyrənəsən”. Öyrəndi və dedi. İkinci məlumat da birinci kimi öz təsdiqini tapdı.

 

Zakir Qaralov bir vəkil vasitəsilə mənə xəbər göndərdi ki, Şəmsiyyənin həbsinə mən qərar verməmişəm

– Eyni adamın adını çəkdi?

– Bəli. Üçüncü mənbə isə çox hötmətli Zakir Qaralov bir vəkil vasitəsilə mənə xəbər göndərdi ki, “Şəmsiyyənin həbsinə mən qərar verməmişəm. Sanksiyanın da verilməsində, istintaq müddətinin də uzadılmasında Rüstəm Usubovun imzası var”. Rüstəm müəllimə də çox təşəkkür edirəm. Çox böyük mötəbərlik nümayiş etdirdi. O instansiyalarda, o məqamlarda ki mən Rüstəm müəllimi müdafiə eləmişəm, çox təəssüf edirəm. Ən azı, digər müavin imza atardı, orada onun imzası olmazdı. Yəni Azərbaycan dövlətinin diplomatiya tarixində – Əfşar Süleymani tərəfindən vurulan zərbə və mənim bir yaradıcı insan olaraq həbs olunmağımda, üstəlik bir körpənin 7 il mahiyyətsiz olaraq anasız qalmasında Rüstəm Usubovun imzasını görəndə mənə ancaq təəssüflənmək qaldı.

– Mən də o imzaya alışmışam. Allah onun ömrünü uzun eləsin. Yəqin ki, Rüstəm Usubov daha çox yaşayıb, bəzi  şeyləri özü də görəcək. Mənə də maraqlıdır ki, sizin həbsinizin sifarişçisi kimdir?

– Sifarişçinin adını bəlkə nə zamansa deyəcəyəm sizə. Məhz sizə. Hal-hazırda nazirdir. Amma o adam Ramil Usubov deyil. Mən elə bilirdim ki, Ramil Usubovdur, amma Ramil Usubov deyil. Məsələyə aidiyyatı olmayan bir nazirdir. Əfşar Süleymanini o vaxt əzlaqsızlığa sövq eləyib, Azərbaycan xanımları ilə bir yatağa salan nazirdir.

– Şəmsiyyə xanım, elə şeylər danışırsınız ki, yenə Rüstəm Usubov bizi çağıracaq. Çox ciddi ittihamlardır.

– Mən real və ciddi olan şeyləri deyirəm. Əfşar Süleymani özü mənə danışmışdı ki, “məni evinə apardı və evində mənə bir xanım təklif elədi. Mən sadəcə 300 dollar qoyub, otaqdan çıxdım. Qorxdum ki, birdən çəkiliş olar”.

– Onu bizim nazir eləyib?

– Bəli.

– Əfşar Süleymani səfir olanda?

– Bəli.

– Allah… Allah…. Allah…

– Odla oynayıram?

 

Bu ölkədə siyasi məhbus kimi tanınmaq da monopoliyadadır

– Mən belə şok şeylər eşidəcəyimi gözləmirdim. İşin rəngindən görünür ki, sizin həbsiniz sifarişdir. Bütün hüquqlarınız tapdalanıb. İndi mənəvi, ananızın xəstə olması kimi tərəfləri demirəm. O zaman bu işi niyə siyasiləşdirmədiniz?

– Kim siyasiləşdirəcəkdi? Mənim həbsim o dövrə düşdü ki, cəmi 13 gündən sonra anam bildi, ürəyi partladı dünyasını dəyişdi. Kim var idi ki? Kim var idi ki, siyasiləşdirəydi?

– Ananızla yanaşı xalanız da var idi.

– Xalam anamdan 4 ay əvvəl dünyasını dəyişmişdi. Bir körpə uşağım var idi, o da əllərdə. Siyasiləşdirmə də monopoliyadır. Bu ölkədə siyasi məhbus kimi tanınmaq da monopoliyadadır. Bu ölkədə müxalifətə salam verirsən iqtidarın xatirinə dəyir, iqtidara salam verirsən müxalifətin xatirinə dəyir. Hər iki tərəf deyir ki, “bizdən olmayan ermənidir…” Bu siyasətlə, ümumiyyətlə, bu aparıcı tezislə hara qədər getmək olar, mən bilmirəm.

– Ən azı özünüz məsələnin siyasiləşməsini istəsəydiniz, siyasiləşərdi.

– Əgər istəsəydim kimə müraciət edəcəkdim, Əvəz bəy?

– Düzdür, mən həbsxanada idim, amma mənə deyə bilərdiniz.

– Orası da məndə qalsın.

– Niyə qalsın ki? Deyin. Söhbətlərimiz olanda da hökmü gözləyirdiniz…

– Açıq deyirəm, siz də buradasınız, mən də buradayam. Sizinlə uzun müddətdir dostluq münasibətlərimiz var. Ancaq mən inanmıram, inanmıram. Siyasi məhbus məsələsini ölkədə hər yerindən qalxan deyir ki, mən eləyirəm. Mənim müxalifət düşərgəsində və s. siyasi mənsubiyyətim yoxdur. Düzdür, mən hərəkatçı olmuşam. İctimai mühitə Milli Azadlıq Hərəkatından gəlmişəm.

– Siyasi məhbus olmaq üçün hansısa siyasi partiyaya bağlı olmaq əsas deyil.

– Mənim heç bir siyasi mənsubiyyətim yoxdur…

– Prosedur qaydalar pozulur. İşin içində, mahiyyətində siyasi səbəblər varsa, siz siyasi məhbus ola bilərdiniz.

– Hər hansı bir müxalif qəzetdə çalışmıram. Düzdür, müxalif yazıların müəllifiyəm, amma heç bir müxalif gücün aparıcı qüvvəsi deyiləm. Ona görə də bu məsələnin baş tutacağını absurd sayırdım. Yəni bu da monopoliyadır. Siyasi məhbus məsələsini qabardan 90 faiz, bəlkə də 100 faiz insanla sizin əlaqələriniz var, onların 90 faizi məni sevməyən adamlardır. Gördüyümüz yola nə bələdçi çağırırıq ki?

– Bu məsələyə sizin sevilib sevilməməyinizin dəxli yoxdur ki…

– Sevmirlər ki, eləmədilər də… o məsələdə də sevmək lazımdır.

– Məncə siz özünüz də passiv olmusunuz.

– Passiv deyildim…

– Bu məsələdə nəyisə gözləmisiniz.

– Heç nə gözləmirdim. Mən heç nə gözləmirdim. Ora çağırılan andan bu yolu axıra qədər gedib, təkrar qayıdıb anam və uşağımla görüşdüm, bildim ki, artıq qayıtmayacam. Çox gözəl qaydada. Qapıdan çıxan andan bilirdim ki, mən həbs olunacam. Necə ola bilərdi, mənim nə gözləntim ola bilərdi ki, bir general mənə demişdi ki, “10 il, Allah xeyir versin! Bəlkə bir 2-3 ay sizi tez buraxarlar.” Nə gözləntim ola bilərdi?

 

10 ay maket kimi Bakı İstintaq Təcridxanasında oturmuşam…

 

– Bu, dəhşətli bir şeydir. Yəni hələ istintaq müddəti başlamamış…

– Əvəz bəy, hansı istintaqdan söhbət gedir?

– …əgər sizə otaqda 10 il həbs cəzası alacağınızı deyirlərsə…

– Hansı istintaq hərəkətindən söhbət gedir ki, cəmi bir həftəyə bitdi. Hansı istintaqdan söhbət gedir? Mən 10 ay maket kimi Bakı İstintaq Təcridxanasında oturmuşam. Axırda aclıq aksiyasına başlamışam ki, yetər də, bitsin də bu… Mən aclıq aksiyasına başlayandan sonra İsmayıl Əliyevi çağırdılar, işi ona həvalə elədilər.

– 10 aydan sonra?

– 10 aydan sonra, cəmi bir həftəyə iş yekunlaşdı, qurtardı. Bu qədər sadə və asan…

 

500 nəfər qadının saxlanıldığı müəssisədə su, duş yoxdur

 

– Mənə Kürdəxanı həyatınız, həbsxana həyatınız da maraqlıdır. Həbsxanada qadınların vəziyyəti necədir?

– Kimin nə deməsindən asılı olmayaraq, mən gördüklərimi deyəcəyəm. Kürdəxanı normaldır. Yəni 4 saylı cəzaçəkmə müəssisəsinə baxanda Bakı İstintaq Təcridxanası çox normaldır. İnsani münasibətlərdə də normaldır, İnsan hüquqlarının tapdanması məsələsində də normaldır, münasibətlərdə də normaldır. Məhkumların bir-birilərinə münasibətlərində, təqsirləndirilən şəxslərin bir-birilərinə münasibətlərində də normaldır, işçi-zabit heyətinin məhkumlara, təqsirləndirilən şəxslərə münasibətlərində də normaldır. Amma 4 saylı cəzaçəkmə müəssisəsi nə yazıq ki, faciədir. Mən orada bir kitab yazmışam – “4 saylı 40 cəza”. Yəqin ki, oxuyacaqsınız. Orada çox faciəli şeylər baş verir. Nəyin harada və necə baş verməsi an məsələsidir. Bir insanı, bir qadını döymək və qışın soyuq vaxtı üzərinə su tökmək.

– Qadınları döyürlər?

– Qadınları döyürlər, karsa salırlar, sonra da üzərlərinə su tökürlər ki, ayıl. Əynində bir nazik xalatla, o vəziyyətdə cərimə təcridxanasında necə qalmaq olar? Nə vəziyyətdə qalmaq olar? Çörəyi bərbad, yeməyi bərbad, su verilmir, çay verilmir. Hansı vəziyyətdə qalmaq olar? Bəli, mənim bu çıxışımdan sonra təbii ki, o da düzələ bilər, digəri də düzələ bilər. 5 məhkum çağırıb 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi Faris Abdullayevin lehinə izahat da alına bilər. Amma real olaraq ortada fakt var. “Avropa Şurasının nümayəndələri” və yaxud da “yuxarıdan adam gəlir” deyəndə ağacları emulsiyalamaqla gözdən pərdə asmaq lazım deyil. Dönə-dönə üzr istəyirəm, üzüm ayağınızın altına, bir qadının yuyunması üçün 20 litr su necə bəs edə bilər? 1.82 boyla mən boyda adam, orada olanda saçım da belimdən idi, necə 20 litr su ilə yuyuna bilərəm? Bir qab artıq su vermirlər. 10 litrlik 2 vanna…

– Müəssisənin su təchizatı yoxdur?

– Yoxdur. Su vermir. Su var, amma duş yoxdur.

– Niyə yoxdur?

– Əvvəllər normal qaydada krantlar var idi. İndi də bu yaxınlarda krantlar qoyublar. Əvvəl ümumi bir vannanı – sovetin vaxtından qalma böyük vannaları – doldururdular, oradan da hamı gedib isti suyu götürürdü. Digər tərəfdən də soyuq suyu digər vannadan götürüb soyuqlayırdıq.

Nə danışırsınız? Qulaqlarıma inana bilmirəm.

– Bəli, biz bu dövrdə “kruşka” ilə çimirdik.

– Kişi zonlarında duşlar kifayət qədərdir. Yəni deyirsiniz ki, 500 qadının saxlanıldığı cəzaçəkmə müəssisəsində…

– Bəli, orada 500 qadın saxlanılırdı.

– …duş yoxdur, su yoxdur?

– Bəli, 500 nəfər qadının saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsində su yoxdur, duş yoxdur.

 

Yuyulmuş paltarı iyləyirsən, leş iyi gəlir

 

– Niyə, dəlixanadır? Mən bunu bilmirdim və ilk dəfədir ki, eşidirəm.

– Mən bağımda 4 nəfərlik ailə üzvüm üçün 7 tonluq çən qoydurmuşam. 500 nəfərin 4 tonluq çəni var idi. 4 tonluq çən 500 nəfərə! Bu, faciədir. Yəni siz təsəvvürünüzə gətirin ki, orada cəza çəkən insanlar davamlı olaraq allergiyaya, qızıl yel xəstəliyinə tutulurlar. Bu xəstəliklər də mikrobdan yaranır. Niyə? Bu xəstəliyin yaranmasının mənbəyi nədir? Orada suyu quyuya doldururlar, quyunun içindən suyu götürüb vannalara daşıyırlar, paltarları orada yuyurlar. Yuyulmuş paltarı iyləyirsən, leş iyi gəlir. Yəni orada çox bərbad bir vəziyyət var. Oradakı qadınların pulları ancaq təmizlik vasitələrinə gedir, təki yuyunandan sonra o qoxu gəlməsin.

– Bu vəziyyət indi də davam edir?

– Bəli, indi də davam eləyir. Üstüaçıq yerdən su götürüb, paltar yumaq davam eləyir, “kruşka” ilə yuyunmaq davam eləyir. Məhkuma bir kruşka artıq su verilmir. Hansı zəmanədir? İndi insanları su ilə imtahana çəkmək nə deməkdir? Axırda dedi ki, bir vanna yaxalanmağa, iki vanna da çimməyə su verirəm, mən ona ərizə yazdım ki, qab-qaşığı yumağa krant çəkdirirsən, camaatı niyə susuz qoyursan? Görüş otağına keçən il kondisioner qoyulub. Yazdım, yazdım, yazdım – Faris Abdullayevə, Ədliyyə nazirinə, axırda kondisioner qoydular. İndi onu da yandırmırlar. Gah deyirlər görüşdə olan adamlar azdır. Onların təbirincə desək, “demaqoq” adamlar azdır deyə kondisioneri yandırmırlar. Camaat orada it zülmü çəkir. Qışda orada heç bir yanacaq yoxdur. Kondisioneri yenə də yandırmırlar.

– Baraklarda kondisioner varmı?

– Yox, baraklarda da kondisioner yoxdur. Yayda insanlar istidən ölür. Amma qışda kombi sistemidir. Hə, qışda normaldır. 500 qadının yemək yediyi yeməkxanada siz təsəvvürünüzə gətirin, iki kondisioner qoyublar, bəlkə heç bir dəfə də olsun yandırmayıblar. 10 qadına 8 “aziatskiy sanuzel” var, iki ədəd də unitaz. Səhər saat 5-dən camaat növbə tutur.

– Barakların içində yoxdur?

– Xeyr, barakların özlərində hamam-tualet yoxdur.

– Mən bu məqamı bir də soruşuram. Çünki nədənsə inanmağım gəlmədi. 500 nəfərlik 4 saylı cəzaçəkmə müəssisəsində bir dənə də olsun duş yoxdur?

– Yoxdur, Əvəz bəy, 4 saylı cəzaçəkmə müəssisəsində bir dənə də olsun duş yoxdur. İndi bəlkə bu müsahibədən sonra çəkələr.

– 4 saylı cəzaçəkmə müəssisəsində tanınmış insanlar cəza çəkib, siyasi məhbuslardan da orada saxlanılanlar olub. Necə olub ki, onlar azadlığa çıxandan sonra da bu məsələni qabartmayıblar?

– Siyasi məhbus kimi deyirsiniz? Gözəl Bayramlını? Gözəl xanım yəqin ki, bu haqda xarici təşkilatlara yazdı, verdi. Mən də xarici təşkilatlara müraciət eləmişəm. Prezidentə də müraciət eləmişəm.

– Hər halda çox maraqlıdır və bizim bu fikrimiz də çox maraqlıdır ki, məhbus, məhkum olmuş insanlarla belə müsahibələri eləmək lazımdır ki, cəzaçəkmə müəssisələrində olan problemləri qabarda bilək. Mən hələ indiyədək bu haqda heç nə bilməmişəm.

– Hələ ardı var.

 

Bir qadının yatağından keçən bütün kişilərə görüş verirlər, amma…

 

– Hə? Buyurun.

– Ardı var… bir qadının yatağından keçən bütün kişilərə görüş vermək olar, digər qadının əmisi qızı, xalası qızı, bibisi qızı rayondan ləhləyə-ləhləyə iki çanta ilə yanına gəlirlər, onlara görüş vermirlər. Deyirlər ki, get “metirka”nı gətir.

– Anlamadım.

(Gülür…) Təkrar edirəm. Bir qadının yatağından keçən bütün kişilərə görüş verirlər.

– …Necə, hər adama görüş vermək olar?

– Çox rahat qaydada verir. “Dostumuzdur”, “paqon yoldaşımızdır” deyib verirlər. Amma digər qadının əmisi qızı, xalası qızı, bibisi qızı ləhləyə-ləhləyə rayondan iki çanta ilə yanına gəlir, onlara görüş vermirlər.

– Rəisin bütün bunlardan xəbəri var?

– Görüşü elə rəis verir də… Görüşü kim verir?

– Bu, cinayətdir.

– Cinayət əməlidirmi? Təbii ki, cinayət əməlidir. Mən çox sayda adlar saya bilərəm. Təbii ki, efirdən yox. Bütün bunları yazıb, cənab nazirə verə bilərəm, ölkə rəhbərliyinə verə bilərəm. Və ölkə rəhbərliyinə vermişəm.

– Çıxandan sonra?

– Bəli, çıxandan sonra.

– Kiminləsə görüşünüz olub?

– Yox, ötürmüşəm.

– O zaman Faris Abdullayev niyə hələ də yerində oturub?

– Yəqin ki, indi oturmayacaq da… mən heç 20 gün deyil məktubu vermişəm.

– Kişi həbsxanasında da bəzən belə şeylər olurdu. Bu haqda mənim “Həbsxana gündəlikləri”mdə var. Lakin bu qədər, sizin danışdığınız qədər rahat deyildi. Müəyyən qaydalar var idi. Ora başqa qadınlar gətirə bilirdilər. Amma bir dəfə eiraz elədim və onunla da tamamilə bu məsələ bağlandı. Amma bu məsələ fərqlidir. Özbaşına, rahatlıqla…

– Yox, mən demirəm ki, orada əxlaqsızlıq yuvası açıblar. Onu demirəm. Adi görüş olsun, gəlir görüşür və oturur. Nə dəxli var, Əvəz bəy, nə dəxli var?

– Sizin dediyiniz  ifadə ağır ifadədir. Əgər bir qadının yatağından keçən bütün kişilər sırası ilə görüş otağına gəlirsə…

– Bəli.

– …deməli ora artıq əxlaqsızlıq yuvasıdır.

– Bəli, görüş otağına gəlir.

– Əgər bir qadının yanına öz ərindən başqa, siz dediyiniz kimi cürəbəcürə adamlar gəlirsə, deməli, ora əxlaqsızlıq yuvasıdır.

– Bəli, bəli, bəli.

– Nə fərqi var ki?

– Bəli, bəli, gəlir. Necə olur ki, mənim həmkarıma, qrup yoldaşıma, dostuma görüş verilmir?

– Mən bir dəfə gəldim, görüş vermədilər.

– Bəli, mənə görüş verilmir, amma baxıram ki, digər qadın görüşə gedir və azan-tozan və daha kimlərlə…

– Bəs bunun nə kimi açıqlaması olur?

– O vaxt rəis müavini var idi, çox da yaxşı insan idi. Sizə indi işlətdiyim kəlməni, getdim, ona da işlətdim. Dedi, siz kiminlə istəyirsinizsə, mən sizə onunla görüş verim. Dedim ki, mənə görüş lazım deyil, mən görüşü nə edirəm? Bir oğlum var, onunla da gəlir, görüşürəm. Mən görüşü neyləyirəm? Mənim görüşəcəyim bir insan yoxdur. Amma tutaq mən baxıram ki, digər bir insandır, bu və digər formada nə iləsə həbs olunub, yanına rayondan qohum-əqrəbası gəlir, pensiya alan adamlardır, təqaüdünü alıb, nəsə alır, gətirir, rəis o adamı yanına buraxmır. Və yaxud da deyir ki, “mən ləvənginin zona buraxılmasına qadağa qoyuram”. Kasıb insanlara. Kim ki, o kateqoriyaya daxildir, onlara buraxılmır, amma imkanlı olanlara buraxılır. Çox rahat qaydada buraxırlar və əsaslandırırlar. Məsələn, sizin dediyiniz o siyasi məhbuslardan birinə… Albalı mürəbbəsi buraxılmır, amma digərinə buraxılır. Niyə? Nədir onları fərqləndirən səciyyəvi xüsusiyyət? Nə var ki, o siyasi məhbusdur, çıxanda gedib yazacaq? Cəhənnəmə yazsın. Əgər mən düzəmsə, cəhənnəmə yazsız. Kim nə yazır yazsın.

– Yəni deyirsiniz ki, o siyasi məhbusa mürəbbə buraxılırdı, amma digərinə buraxılmırdı?

– Qara mürəbbədən söhbət gedir. Məsələn, göyəm mürəbbəsi, məsələn, albalı mürəbbəsi, məsələn, qara gavalı mürəbbəsi…

 

Məmur dostlarım, millət vəkilləri Kürdəxanıa gəldilər

 

– Niyə qara mürəbbələr buraxılmır ki?

– Guya içərisində nələrsə keçirə bilərlər. Guya…

– Çünki mən elə də fərq görməmişəm. Mən nə istəmişəm, o da gəlib.

– Bizə də Kürdəxanıda olanda heç bir fərq qoymurdular. Azər Seyidovu bütün penitensiar sistemin digər adamlarından, zabitlərindən fərqləndirən o idi ki, qarşısındakı insanın şəxsiyyətinə dəyər qoyurdu.

– Əslində, rəisləri tərifləmək olmaz və rəislərin içində yaxşıları yoxdur. Amma Elxan müəllim də pis adam deyildi.

– Hə, Elxan müəllim də yaxşı idi.

– Elxan Sadıxov da pis adam deyildi, Azər Seyidov da pis adam deyildi. Yəni bütün hallarda…

– Bilirsinizmi, pisi görməyincə, yaxşının qədrini bilmirsən.

– Bütün hallarda bir daha təkrar edirəm ki, yaxşı rəis yoxdur. Çünki onların hamısı sifariş olarsa, insanları əzir. Amma nisbət götürəndə Elxan Sadıxov ən azı dustağı anlayırdı, Azər Seyidov anlayırdı. Bizdə, 10 saylı cəzaçəkmə müəssisəsinin rəisi Mirsaleh Seyidov var idi, üzdən anlayırdı, amma siyasi məhbuslara qarşı çox amansız idi və adam əlindən gələn bütün pisliklərin ən əlasını eləyirdi. Amma belə baxanda – Mirsaleh Seyidovla yəqin siz də söhbət eləmisiniz – elə bil ki, mələk cildinə girmiş insandır. BİT-də necə qalırdınız?

– Kürdəxanıda vəziyyət normal idi. Yəni Elxan müəllim sağ olsun, təşəkkür edirəm ona.

– Yəni təqib, təzyiq hiss elədinizmi?

– Qətiyyən, qətiyyən. Nə Elxan Sadıxovun, nə Azər Seyidovun vaxtında zərrə qədər də hiss etmədim. Heç bir şey hiss eləmədim. Yanıma gələn insanlar olurdu, Elxan müəllimin özü də, Azər müəllim də çağırırdı ki, baxın, Şəmsiyyə xanım, belədir də görüş verə bilmirəm, amma mənim yanımda, otağımda 10 dəqiqə danışa bilərsiniz. Yəni bu cür buraxıram, istəyirsinizsə buraxım, istəmirsinizsə buraxmayım. Yəni bu cür dəfələrlə incəsənət adamları da – hər birinə dərin təşəkkürümü bildirirəm, böyükdür siyahı, adlarını çəkmək istəmirəm –  görüşümə gəliblər. Məmur dostlarımdan gələn olub. Sağ olsunlar, millət vəkillərindən gələn olub. Hamısına təşəkkür edirəm. Təbii ki, bu görüşlərin hamısı İstintaq Təcridxanasında olub.

– Yəni zona heç kim gəlməyib?

– Qətiyyən, qətiyyən, qətiyyən. Bu qədər adamların içərisindən zona gələndə bilmirəm tanışlarımdan biri Səbail rayon icra hakiminin müavini Xalidə xanım Bayramovanı tapmışdı…

– Elina məsələsində adı çəkilən adam?

– Bəli.

– O sizin rəfiqənizdir?

– Xeyr, qətiyyən. Rəfiqəm deyil. Mənim ümumi tanışım var, onunla ortaq olan bir tanışımız vasitəsilə mənə bir hədiyyə göndərmişdi, onu da tutub əlimdən aldılar. Bir yazarın hər şeyini əlindən almaq olar, lap yeməklərini də əlindən alsınlar, razıyam, amma bir yazarın yazılarını əlindən almaq faciədir.

 

İki dəftəri Faris Abdullayevə keçməyəcəm

– Nəsə yazırdınız?

– Təbii ki. Mən iki dəftəri Faris Abdullayevə keçməyəcəm, hansı ki, mənə qaytarmadı. Orada mən onun işçilərinin tənqidini yazmışdım. Nə elədi ki? O vaxt o dəftərdə yazdıqlarımı, indi çox rahatlıqla 65 gün susub, 65 gündən sonra bülbül kimi cəh-cəh vurub deyirəm.

– Həbsdən çıxan müddəti deyirsiniz?

– Bəli.

– Niyə 65 gün susdunuz? Evdə nəsə narahatlıq var idi?

– Yox, susdum ona görə ki, cəmiyyətin axarını tutmaq istəyirdim.

– 65 günə cəmiyyətin axarını tutdunuz?

– Bəli, çox tez tutdum. Bir aya kimi müddətdə tutdum, sadəcə danışmadım.

– 7 ildən sonra həbsdən çıxdınız. Bakı, insanlar, cəmiyyət sizə fərqli görünmədi ki?

– Bəli, çox fərqli göründü. Çox fərq var.

– Dostlarınız, əvvəlki mühitdən qalanlar oldumu?

– Hə, dostlarım. Qədimi dostlarım. Dostları iki yerə bölürəm. Qədimi dostlarımın hamısı yerindədir. Hər bir insanı dostluğa qəbul eləyəndə eyni ideya düşündürürsə, o zaman normal olur. Dostluq xatirinə dost olanlar hamısı qaldı, normal qaydada davam edir. Amma kim ki bizimlə addımlamağı bacarmadı, onlar növbəti dayanacaqda düşdülər… onları heç görmürəm də. Yaxşı ki də görmürəm.

– Əlinizdən alınan o iki dəftərdə nə yazmışdınız?

– 4 saylı cəzaçəkmə müəssisəsinin işçilərinin tənqidini yazmışdım.

– İşçilər orada nə edirlər ki?

– Məsələn, mən sizə bir fakt deyim. Faris Abdullayev məni cərimə təcridxanasına salır. Niyə? Gedən mətbu informasiyaya görə. İnsanı 6 ay civarında ittiham eləmək olur, düzdür? Bu, ittiham qaydasıdır. Mən “İntihara səsləyirəm” kitabında etdiyim tənqidlərə görə, 12 il sonra karsa salınmışam. “45 ilin 45 səhvi” kitbıma görə məni “karsa” saldı ki, siz bu kitabda yazmısınılz ki, “mən buradan elə bir yerə çıxıb getmək istəyirəm ki, orada azərbaycanlılar olmasın. Azərbaycanlılar olmayan yer də Ermənistandır. ” Deyirəm ki, 2005-ci ilin statistik göstəricilərinə əsasən, dünyanın 203 ölkəsinin 138-də azərbaycanlı yoxdur. İnsanın savadsızlığının nəticəsidir. “İki diplomum var”, deyir.

– Ümumiyyətlə, yazı yazmağa görə adamı “karsa” salarlar?

– Deyirəm, demirsiniz ki, demokratiyadır, mən də demokratiya şəraitində yazmışam, özüm bilərəm. Demirsiniz, prezidenti tənqid eləmişəm? Tənqid eləmişəm də, təhqir eləməmişəm ki. Tənqidə görə nə cəza düşür? Heç bir cəza düşmür. Siz məni niyə cəzalandırmalısınız? Oradan çıxanda da özünə dedim. Dedim ki, “siz mənimlə prezidentin münasibətlərinə müdaxilə eləmək istədiniz, amma gördünüz ki, sonadək girə bilmədiniz. Mənim tənqid yazdığım prezident məni əfv elədi”.

– Şəmsiyyə xanım, prezident sizi nə yaxşı əfv elədi?

– Elədi də…

 

13 millət vəkili, 7 xalq yazıçısı, 5 xalq artisti…

 

– Siyahılarda yox idiniz…

– Siyahılarda yoxam, siyahılara salmadınız. Təkrar edirəm, siyasi məhbus məsələsi də, vicdan məhbusu məsələsi də, yazar məsələsi də monopoliyadadır. Müəyyən qismi təmənnalı, müəyyən qismi də təmənnasızdır. Məni 13 hörmətli millət vəkilinin, 7 xalq yazıçısı, 5 xalq artistinin prezidentə müraciəti əsasında azad etdilər.

– Kimlər idi?

– Ad çəkməyək. Mən ad çəkmək istəmirəm.

– Niyə? Onlar sizin azadlığa çıxmağınız üçün müraciət eləyiblər.

– Ayrı-ayrılıqda təşəkkürümü bildirmişəm.

– Əslində, ictimaiyyətlə üzbəüz təşəkkür eləməlisiniz.

– Təşəkkür edirəm. Özləri bilir kimlərdir. Özləri adlarının çəkilməsini istəmirlər.

– 7 xalq yazıçısı?

– Bəli.

– Anar var onların arasında?

– Var.

– Sabir Rüstəmxanlı?

– Xeyr.

– Fikrət Qoca?

– Bəli.

– Çingiz Abdullayev?

– Bəli.

– Maraqlıdır. Əfv olunacağınızı gözləyirdiniz?

– Əslində, əfv olunacağımı üç il bundan əvvəl gözləyirdim.  3 il əvvəl bitinci əfv komissiyasının iclasında mənim sənədlərim keçərək ikinci iclasa təqdim olundu. İkinci iclasda hörmətli Ramiz Mehdiyev mənim sənədlərimi qırağa qoydu.

 

Ramiz Mehdiyev sənədlərimi kənara qoyub

 

– Niyə?

– Bilmirəm. O sual mənə veriləcək sual deyil, çünki niyəsini özüm də bilmədim.

– Amma siz haradan bilirsiniz ki, Ramiz Mehdiyev sənədlərinizi kənara qoyub?

– Mənə dedilər. Əfv Komissiyasının işçilərindən biri mənə dedi ki, sizin sənədlərinizi götürüb kənara qoydu.  Vəssalam. Məsələ elə də qaldı. Və bildim ki, mən əfv olunmayacağam. 3 il əvvəl olan əfvdə hamı gözləyirdi ki, mən əfv olunacağam. Çağıranda hamı mənim üzümə baxırdı ki, indi səni də çağıracaqlar. Mən çox rahat idim, bilirdim ki, məni çağırmayacaqlar. Amma qəribəsi budur ki, əfv olunacağımı gözləmirdim. Bu dəfə də çox rahat idim. Deyirdim ki, onsuz da əfv olunmayacağam. Çünki ondan sonra bir dəfə də sənədlərimi kənara qoymuşdular. Ruhdan düşmüşdüm ki, daha eləmirlər. Vəssalam, bitdi. Bu, üçüncü dəfə idi. Ona görə də bilirdim ki, əfv olunmayacağam. Ona görə də gözləmirdim. Mənə çatan məlumata görə, yazarlarla siyasi məhbus məsələsi prezidentin yanında müzakirə aparılarkən prokurorluğun işçisi çıxış eləyib ki, bu xanım da yazardır.

– Rüstəm Usubov?

– Yox. Həmin adam bildirib ki, öhdəmdə azyaşlı övladım var. Uşaq da ortada qalıb. Mənə əfv komissiyasının üzvlərindən biri dedi ki, prokurorluğun işçisi həmin müzakirədə sizin vəkiliniz kimi çıxış elədi.

– Maraqlısı odur ki, bayaq da qeyd etdiniz ki, prezidentlə görüşmüşəm.

– İki dəfə.

– İki dəfə olsun. Prezidentlə bir dəfə görüşmək yetərlidir ki, insanın taleyi dəyişsin.

– Mən taleyimin dəyişməsi üçün görüşməmişdim.

– Bilirəm, amma prezident də sizə deyib ki, neçə ki, mən varam, sizi bu məsələ ilə bağlı həbs etməyəcəklər. O zaman niyə sizi bu qədər gec əfv elədilər?

– Mən bilmirəm. Guya dedilər ki, prezident bilməyib. Amma bu, ola bilməz. Boş informasiyadır. Mən düşünmürəm ki, bilməyib. Sadəcə burada mənim demək istəmədiyim siyasi aspektlər də var ki, zamanı indi çatdı. Bu, sizə də məlumdur, mənə də.

– Hansı aspektlər?

– Bunu qabartmayaq.

– Hansı məsələlər?

– Siyasi məsələlər.

– Siz zatən heç nə demədiniz. Sifarişçinin kim olduğunu demədiniz. Generalın sizə 10 il iş kəsiləcəyini həmin general haradan bilib, onu demədiniz.

– Mən onu bilmirəm. Onu generalın özü bilər. Amma sifarişçinin kim olduğunu indi demədim. Müəyyən zaman keçsin, onu sizə deyəcəm.

– Mənə bilirsinizmi, həm də nə maraqlıdır. Siz həbs olunanda oğlunuzun neçə yaşı var idi

– 4 yaş 11 aylıq idi.

– Amma Cinayət-Prosessual Məcəlləsinə görə 8 yaşı tamam olmayan uşağın anası həbs oluna bilməz.

– Bəli, dəfələrlə müraciət elədim.

– Bu, açıq qanun pozuntusudur. Yəni ən azından həbsiniz uşağın 8 yaşı tamam olana qədər təxirə salına bilərdi.

– Bəli. Yəni uşağı öz himayəsinə götürə biləcək birinci dərəcəli qohumlarımdan heç biri yox idi. Mən dəfələrlə müraciət elədim, alınmadı. Hətta anamın hüzüründə, 40 mərasimində iştirak etmək üçün müraciət elədim, onda da icazə vermədilər.

– Ona da buraxmadılar?

– Yox.

– Çünki hüzür mərasimlərinə məhbusun buraxılması kimi praktikada olan hadisələr var. Şəmsiyyə xanım, azadlığa çıxandan sonra Əfşar Süleymani ilə heç görüşmüsünüzmü?

– Xeyr.

– Zəng eləyib təbrik də eləməyib?

– Xeyr.

– Görüşəcəksinizmi?

– Yox, Əfşar Süleymani ilə görüşməyi planlaşdırmıram.

– Bəs, indi hansı işləri görəcəksiniz?

– Bir jurnal-dərgi dərc elətdirmək istəyirəm. Qeydiyyatdan da keçib – “Kompromis”. Baxaq, necə olur.

– Bəs digər məsələlər, digər düşüncələriniz? Həbsdə olan qadınlarla bağlı fikirləriniz, atacağınız addımlar varmı?

– Bəli, həbsdə olan qadınlarla bağlı layihələr işləmişəm. Sizinlə də asudə bir vaxtda oturub müzakirə eləyərik. Mən o layihəni həm Milli Məclisə, həm də ölkə rəhbərliyinə təqdim etmək istəyirəm. Orada elə müəyyən məsələlər var ki, onları qabartmaq lazımdır. İlk növbədə su məsələləri, telefon danışığı, görüş məsələləridir.

– Səhv etmirəmsə, Kürdəxanıda qadınlar üçün yeni cəzaçəkmə müəssisəsi tikilir.

– Bəli, bəli. Amma məsələlər çoxdur. Məsələn, sizə ədviyyat buraxırdılarmı?

– Hə.

– Nə buraxırdılar?

– Ədviyyat deyərkən nəyi nəzərdə tutursunuz?

– Tutaq ki, mixək, hil.

 

Faris Abdullayevin qanunlarında olan qadağalar

 

– Mənə hər cür ot gəlirdi. Çaylarda istifadə etmək üçün.

– Ümumiyyətlə, heç bir  ot-kəkotu  – mən ümumiyyətlə ot çayını xoşlayıram –  və. s buraxmadılar və mən yeddi il əırzində ot çayının nə olduğunu bilməmişəm. Ot buraxmadı.

– Amma burada nə var ki?

– Nanə, qarpız buraxmır. Saqqız, tum buraxmır.

– Xaş da buraxmır?

– Xaş da buraxmır. Amma mən Faris Abdullayevin müəssisəsinə xaş buraxdırmışam.

– Dolma da buraxmırlar.

– Buraxmırlar. Yəni yarpaq, badımcan dolması, katlet, badımcan turşusu, ləvəngi buraxmırlar və digər şeylər də…

– Pul buraxırdılarmı?

– Qanunda qadağa olmayan, lakin Faris Abdullayevin qanunlarında olan qadağalar var ki, onlar içəridə çox hiddət doğurur. Pul buraxırdılar, amma əlimizdə pul olmurdu. Pul “laryok”a gəlirdi, orada hesabda olurdu, oradan istifadə edirdik.

– Bahaçılıq idimi?

– Belə, normal idi. İndi mən çöldəki qiymətlərlə buradakı qiymətləri müqayisə eləyirəm. Orada daha ucuz idi.

– Amma bizdə ən azı iki dəfə baha idi.

– Kişi kolonlarında daha başqa cürədir.

 

Bir qadın pul məsələsinə görə özünü asdı

– Amma bizdə pul da sərbəst idi. Orada da sərbəst deyil.

– Bəli, orada bir qadın pul məsələsinə görə özünü asıb. Ortada pulun faizlə verilməsi məsələsi olub. Vaxtında pulu qaytara bilmədiyi üçün qadın özünü asıb.

– Nə vaxt?

– 2011-ci ildə.

– Bu, cəmiyyətə məlumdur?

– Bəli, səhv etmirəmsə, Naibə Allahverdiyeva adlı qadın olub. O zaman müəssisənin rəisi Ayaz müəllim idi. Yaxşı adam olub deyilənə görə və o hadisənin güdazına gedib. Onun yerinə də Abdullayevi gətiriblər.

– Qadınlar arasında münasibət necədir? Oğru qanunları orada da varmı?

– Yox, yox. Orada elə şeylər yoxdur – nə oğru aləmi, nə də “obşak” var. Bu şeylərin heç biri yoxdur. Sadəcə işçiləri tərbiyəsiz, kobud, qüsuru olanlar var. O da düşünürəm ki, genetik olan bir şeydir. İnsan harada olmasından asılı olmayaraq, qabındakı nədirsə, ortaya da onu qoyur. Onun çiyninə mayor olmasın, lap general rütbəsi tax, adam deyilsə, deyil. Orada da belə işçilər var idi ki, mən heç onları qəbul eləmirdim, görmürdüm, onlar var, yoxsa yoxdur. Oranın tərbiyə şöbəsində bir qadın var idi – Lamiyə Əliyeva. İnsani münasibətlərdə çox normal idi. Psixoloqları var idi – Zülfiyyə İbrahimova. Çox normal idi.

– Lamiyə dediniz. Yadıma Lamiyə düşdü. Orada çox tanınmış qadınlar olub. Lamiyə xanım, Hacı Məmmədovun yoldaşı Nailə xanım olub. Sonra Gözəl xanım, Xədicə xanım gəldi. Orada ümumi mühit necə idi?

– Lamiyə Quliyeva nə istədi, onu da elədi. O deyirdi ki, “mən istəyirəm uşağım olsun”. İstədi və ona da nail oldu. Siz də, mən də məhbəs həyatı yaşamış bir insan kimi bilirik ki, Bakı İstintaq Təcrixanasından, 4 saylı cəzaçəkmə müəssisəsinin damından quş uçsa rəisin xəbəri olur.

 

Bakı İstintaq Təcridxanası – 29-cu kamera

 

– Hadisə necə olmuşdu? Bu cür şeylərin mümkünü yoxdur… Çox böyük pulların müqabilində nəsə ola bilirdi.

– Qətiyyən. BİT-də 29-cu otaq var idi. Mən hər zaman deyirəm ki, o otaq çox zavallı otaqdır. Sonradan oranı tələm-tələsik kamera elədilər ki, bu məsələlərin üstü örtülsün.

– Kürdəxanıda?

– Bəli. 29-cu otaq nəzarətçilərin əşyalarını, sumkalarını qoyduqları, paltarlarını dəyişdikləri yer idi.

– Görüş otağı deyildi?

– Görüş otağı deyildi, nə də kamera deyildi. Sonradan əlüstü oranı kamera elədilər. Bu hadisə o otaqda cərəyan eləyib. Uşağın atasının məhkum olmasını tam şəkildə deyirəm ki, belə deyil. Hər kimdirsə, Allah ondan razı olsun ki, o cür gözəl oğlan verdi Lamiyə Quliyevaya, o da arzusuna çatdı.

– Hər halda uşağı orada saxlamaq və sağ-salamat oradan çıxarmağın özü də bir qabiliyyət idi.

– Bəli.

– O vaxt onu tapmadım, yəqin bir gün onun özü ilə də bu söhbəti eləyəcəyik. Çünki o məsələ çox böyüdü və birdən-birə mətbuatın diqqətindən çıxdı.

– Hə, o uşağın atası məsələni böyüməyə qoymadı – möhtərəm zabit.

– Uşağın atası zabit idi, eləmi?

– Bəli.

– Hə, maraqlıdır. Hacı Məmmədovun da yoldaşı azadlığa çıxdı?

– 13 il cəza çəkdikdən sonra buraxıldı.

 

Nailə Quliyeva – aristokratiyanın, elitarlığın rəmzi idi

 

– O, günəgün çəkib çıxdı?

– Bəli, 13 il günəgün. Çox dəhşətdir. O qadın mənim yaddaşımda həbsxanada dostluğun, qadın məntiqinin, haqsızlığın, ədalətin, aristokratiyanın, elitarlığın, kitabın, oxucu çəkisinin və bu kimi keyfiyyətlərin mahiyyəti – Nailə Quliyeva kimi qaldı.

– Yəni deyirsiniz ki, mənən çox zəngin insandır?

– Çox, çox. Yəni mən bu qadında elə bir mənfi keyfiyyət tapıb deyə bilmərəm ki, hə, onun xarakterində bu da var idi – yox idi.

– O hansı ittihamlarla həbs olunmuşdu? Hacı Məmmədov haqqında danışırdımı? Peşimançılıq hissi var idimi?

– Yox, yox, qətiyyən. O qadın sözün əsl mənasında “Dəmir Ledi” idi. O qadın ümumiyyətlə, keçmiş haqqında heç nə danışmırdı. Amma Hacı Məmmədovun ölümü ona çox pis təsir elədi.

– Xəbəri həbsxanda olarkən eşitdi?

– Bəli, orda eşitdi.

 

Hacı Məmmədova görə 2 saat sərasər ağladı

 

– Necə reaksiya verdi?

– Əvvəl inanmadı. Mən saat 9-da bilirdim, amma ona saat 11-də dedilər. Rəhbərlik çağırıb dedi ki, “özünü asıb, amma bilinmir ki, ölüb, yoxsa qalıb”. Sonra saat ikiyə işləmişdi onu da, məni də çağırdılar, dedilər ki, “elə eləyin ki, özündə olsun.” Bir az dayandı, baxdı, baxdı, baxdı. Sonra iki saat sərasər ağladı.

– Deməli, Hacı Məmmədovu çox istəyirmiş…

– Sevirdi, bəli. Hacı Məmmədovun məhkəmə prosesində hakim ona sual verdi ki, “cinayəti bilib xəbər vermədiyiniz üçün 13 il cəza aldınız, amma o vaxt çox asanlıqla gəlib hər şeyi etiraf edə bilərdiniz, heç cinayət məsuliyyətinə də cəlb olunmazdınız.” Dedi ki, “mən bir qadın olaraq, ana olaraq qürur duyuram ki, Hacı Məmmədovu satmamışam və heç birinizin də anası, arvadı, bacısı bu addımı atmazdı.” 3 ilə yaxın gedən məhkəmə prosesində Nailə Quliyeva bir dəfə çıxış elədi, onda da o sözü dedi. Çox maraqlı insandır. Yəni mənim həbsxanada gördüyüm, səciyyələndirdiyim bir on nəfər qadın var idi, onun da biri və birincisi odur.

 

Faris Abdullayev xörək bişirməyə, paltarımı yumağa qadağa qoydu

 

– Gözəl xanım da gəldi…

– Bəli, Gözəl xanım da axıra yaxın gəldi. Bir ilə yaxın Gözəl xanımla bir yerdə olduq. Gözəl xanımla çox normal münasibətlərimiz var idi. Məni “kars”a salanda çox təlaş keçirirdi. O zaman Faris Abdullayev mənə xörək bişirməyə, paltarımı yumağa qadağa qoymuşdu. Yəni mən nə paltarlarımı paltaryuyan qadınlara yudurda bilmirdim, nə də yeməyimi bişirtdirirdim. Bilən kimi çağırıb hədə-qorxu gəlirdi. Minarə Məmişova adlı bir köməkçisi vardı, onun vasitəsilə. Yadıma gəlir cərimə təcridxanasından çıxanda Gözəl xanım gəlib dedi ki, “Şəmsiyyə xanım, gəlin sizi yeməyə qonaq eləyirəm.” 5 gün ac olan adam… Hə… qonaq elədi məni.

– “Kars”da sizə yemək vermirdilər?

– Mən aclıq elan eləmişdim.

– Sizi “kars”a çox salıblar?

– İki dəfə. AMAY-ın sahibi Abdulla Abdullayevin həyat yoldaşı Aygün Akimova bir müavin var idi, onunla yola getmirdi. Akimovanı “kars”a saldılar. Bu haqda ailəsinə xəbər verdiyim üçün məni də “kars”a saldılar. Adını da “rejim pozuntusu” qoydular. Guya telefonda kiməsə qışqırıb rejim pozuntusu eləmişəm. Heç aidiyyatı olmayan bir şey idi, çünki telefondakı qızla münasibətlərimiz çox normal idi. İkinci dəfə də kitaba görə saldılar. İki günün biri məni “şmon” eləyib axtarış aparırdılar – ərzaq köşkündə, paltar köşkündə.

– Axtarışı qadınlar eləyir?

– Qadınlar eləyir, kişilər də başlarının üstündə dayanır. Qadınların özlərində axtarışı qadınlar aparır.  Ərzaqda kişilər də qoşulur.

– “Zon”da neçə qadın olmalıdır, amma neçə qadın saxlanılır?

– Ümumiyyətlə, ora 200-250 qadın üçün nəzərdə tutulub. Amma göründüyü kimi 450-550 civarında cərəyan edir.

– İki dəfə artıq.

– İki dəfə artıq.

– Neçə “barak” var idi?

– 12 “barak” idi.

 

Gözəl Bayramlı ilə görüşə gedəndə fövqəladə vəziyyət elan edilirdi

 

– Neçə nəfərlik idi?

– Ən az qadın olan “barak” 10 nəfərlik idi – 7-ci “barak”. Mən uzun müddət orada qaldım. Faris Abdullayevlə münasibətlərimiz pozulandan sonra 8 ay məni 100 nəfərlik “barak” a saldı. Gözəl xanım orada olanda çox yaxşı dözüm nümayiş etdirdi. Bir dəfə heç yadımdan çıxmayan hadisə oldu. Elə oldu ki, Gözəl xanımla eyni vaxtda görüşə gələsi olduq. Bizi necə “şmon” elədilər. Elə axtarış-baxış keçirdilər bizə. Çox dəhşətli dərəcədə, biabırçı bir vəziyyətdə, onu ifadə eləmək belə mümkün deyil. Gəldik içəri ki, adamları da çöldən içəriyə buraxmayıblar. Hamı çox bərbad vəziyyətdə idi. İyul ayının cırhacır istisində, yüklə… Gözəl xanım ayağa qalxıb dedi ki, “Vallah, biz harada varıqsa, orada bir fövqəladə vəziyyət elan olunur. Biz sizə fövqəladə vəziyyəti yaratdığımıza görə, Şəmsiyyə xanımın da, öz adımdan da sizdən üzr istəyirəm” . Bir Gözəl Bayramlı, bir də Şəmsiyyə Rzayeva. İki nəfər biz görüşə gedəndə bizi zabit aparırdı, zabit yoxlayırdı.  Qalan adamları heç yoxlamırdılar. Çantalarına, yüklərinə də baxmırdılar.

– Yəni nəsə ötürə bilərsiniz?

– Guya nəsə ötürə bilərdik. Amma elə ötürüləcək şeyləri öz işçilərinə pul verirsən, aparırlar da… Mən üç dəfə yanına gedib insan kimi xahiş elədim ki, mən yaradıcı adamam, mənə oxumaq üçün qəzet verin. O vaxt mənə demişdi ki, əgər başqa bir nəfərə bir qəzet ötürüləcəksə, birincisi siz olacaqsınız. Sonra praktikada göründü ki, başqalarına qəzet keçirdi, amma mənə keçirmədi. Mənə niyə keçirmir? Mən də oxumaq istəyirəm axı. Orada müavin Hikmət Kazımov adlı zabit var idi. Onun vaxtında, sağ olsun, digər dövlət qəzetləri var idi ki, – “Ədalət” qəzeti də daxil olmaqla – gəlirdi və az-çox məlumatlı olurduq. Ən azı, rəsmi məlumatları dövlət qəzetlərindən ala bilirdik. Hikmət müəllimin işini dəyişib başqa “koloniyaya” göndərəndən sonra tam olaraq qəzet keçirmək yasaqlandı. Mən bu haqda kim mənimlə görüşübsə, istər Qırmızı Xaç Cəmiyyətinin nümayəndəsi olsun, istərsə də başqa beynəlxalq təşkilarlardan gələnlərə, dəfələrlə demişəm. Axırıncı dəfə 22 aprel 2018-ci ildə qəzet almışdıq. Hikmət müəllimin yerinə gələn “zampolit” ümumiyyətlə, qəzet oxumağa qadağa qoymuşdu. Kitabxanaya qəzetlər verilmirdi. Bu məsələ ilə bağlı Prezident Aparatına, nazir Fikrət Məmmədovun özünə, hər yerə müraciət elədim – olmadı. Axırda beynəlxalq təşkilatlara etdiyim müraciət Faris Abdullayevə toxundu ki, niyə mən onlara bu haqda nəsə demişəm. Təsəvvür edin ki, gündə bir saat vaxt ayrılır. Mən yaşayış sahəsindən İstehsalat sahəsinə gəlirəm, orada vəkil otağını ayırırlar, orada qəzetləri oxuyuram. Əfv Komissiyasının üzvü olan Rəşad Məcidin qəzeti olan “525-ci qəzet”i bizə vermirdilər, amma ora gələndə beş dəfə qabağında baş əyirdilər. O zaman bu adamın qəzetini içəri niyə buraxmırsınız? Rəşad Məcid müxalifət deyil ki…

– Bəs zonda kitabxana yox idi?

– Var idi.

– Orada oxuyub işləmək olmurdu?

– Kim idi bu imkanı yaradan? Oxuyub yazırsan, gəlib başının üstünü kəsdirir ki, nə yazırsan?

 

İşləyən qadın dustağa ayda 4 manat pul verirlər

– Sizdə istehsalat sahəsində işləyən qadınlar var idimi?

– İki tikiş sexi idi, bir xalça sexi, bir də fərdi toxuculuq sexi var idi ki, qadınlar toxuma işləri ilə məşğul olurdular. Şal və toxunma şeylərini əl işləri toxuyurdular. Mən çıxana yaxın orada 10 təndir qoydular, çörək bişirəcəklər. Bir də aşağıda qənd sexi açmaq istəyirdilər. Amma işləməyin nə mənası var ki, Əvəz bəy. O cür zəhmətin qarşılığında işçiyə ayda 4 manat pul verirlər.

– 4 manat?

– Hə, qul əməyi.

– Bizdə haradasa 105 manat idi.

– Bir yerdən gələn olanda da öz adamlarını yığırlar və tapşırırlar ki, sizdən nə qədər aldığınızı soruşsalar deyin ki, 120 manat alıram. Amma 120 manat almırlar.

– 4 manat?

– 4 manat verirlər.

– O zaman oradakı məhsulların pulu kimə gedir? Rəisə?

– Rəisə. Fərdi Toxuculuq sexi arendadadır. Hər adamdan 15 manat arenda pulu yığırlar. 4 manat alan adam 15 manatı necə verəcək? Məsələn, balaca bir xalçanı, tutaq ki, 40×60 sm olan xalqçanın toxunması 1 ay çəkir. Adam 1 ay o xalçanı toxuyur, axırda da 4 manat alır.

– Amma o xalça da gedir, özünün deyil?

– Yox, özünün deyil. Xalça gedir. Adam da 4 manat pul alır. Və yaxud da sifarişlər olurdu – Prezident Aparatı, Vəkillər Kollegiyası, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyinin sifarişləri olurdu. Sifarişləri çox gözəl qaydada yerinə yetirirdilər, amma…

– Qul əməyidir də. Nə qaldı demək istədiyiniz?

– Hələ çox şeylər qalıb. Ara-sıra sizə müraciət eləyərəm.

– Danışarıq. Mən hər zaman deyirəm ki, Şəmsiyyə xanım danışmır danışmır, danışanda da…

– Ölkə qarışır?

– …Yer yerindən oynayır. İndi bu müsahibə ölkəni yenidən qarışdıracaq. İrəlidə yenə müsahibələr eləyərik. Allah yolunuzu bir daha o tərəflərdən salmasın. Allah həbsdə olanların hamısının qapısını açsın!

– Amin!

– Və mən buradan deyirəm, bu gün də status yazacam, hər gün status yazacam. Qadın cəzaçəkmə müəssisəsində heç olmasa 10-15 duş kabini quraşdırılmalıdlr.

– …Və paltaryuyan maşınlar…

– Adamın tərbiyəsi olar, əxlaqı olar. Adam Azərbaycan qadınını bu istilərdə susuz buraxmaz. Təşəkkürlər.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button