Məhbusların işgəncələrdən ölməsi normaya çevrilib – hüquq müdafiəçisi

Siyasi Məhbusların Monintorinqi Mərkəzi bloger, siyasi məhbus Mehman Qələndərovun aprelin 28-də istintaq təcridxanasında ölümünün obyektiv araşdırılmasını tələb edib.

Mərkəzin bəyanatında rəsmi intihar versiyasına şübhə ilə yanaşılır və ölkədə məhbusların saxlanması yerlərində acınacaqlı təcrübəni nəzərə alaraq, Qələndərova işgəncə verilməsi ehtimalından bəhs edilir.

“İstintaq təcridxanasında bloger, siyasi məhbus Mehman Qələndərovun qəribə şəraitdə ölümü ölkədə və dünyada rezonans doğurub. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, ABŞ Dövlət Departamenti obyektiv araşdırma aparmağı tələb ediblər”, deyə Mərkəzin bəyanatında qeyd edilir.

“İşgəncələr, ifadələrin alınması, ölüm halları adi hala çevrilib. Belə ki, 2014-cü il dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsində məhbus Elşad Babayev ölüb, 2015-ci il oktyabrın 7-də isə bu cinayətin yeganə şahidi Yadigar Nuriyev naməlum şəraitdə dünyasını dəyişib”, deyə Mərkəzin rəhbəri Elşən Həsənov Turan-a bildirib.

Bu cinayətlərin araşdırılmasını tələb edən məhbusları cəzalandırıblar, onlar arasında siyasi məhbus Araz Quliyev də olub.

İşgəncələrə məruz qalanların uzun siyahısında hüquq müdafiəçisi Leyla Yunus, gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədov, bloger Mehman Hüseynov və başqaları da var. Polis bölmələrində Zaur Sultanov (Xəzər rayonu), Bəhruz Hacıyev (Mingəçevir) ölüb. Sumqayır şəhər birinci polis bölməsində Rəşad Abbasov amansızca döyülüb.

“Biz dəfələrlə DİN-ə, prokurorluğa, Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətə vəzifəli şəxslərin cinayətlərinin araşdırılması tələbi ilə müraciət etmişik, amma heç bir reaksiya olmayıb”, deyə Həsənov qeyd edib.

Qobustan qapalı həbsxanası, 14 və 17 saylı cəzaçəkmə müəssisələri və “tubzona” kimi tanınan 3 saylı cəzaçəkmə müəssisəsi məhbuslara qarı amansız rəftarla “məşhurdur”.

“İndiyədək heç kim cinayət əməllərinə görə cəzalandırılmayıb. Məcburi saxlama yerlərinin müşahidəsi üzrə “İctimai Komitə”, “İşgəncələr Əleyhinə Komitə” və hətta ombudsman da məhbusların hüquqlarının müdafiəsi üçün heç bir tədbir görməyib”, deyə Həsənov sözünə davam edib.

“Hakimiyyət beynəlxalq ictimaiyyət qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməli, seçicilərin fikirlərini, yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarını diqqətə almalıdırlar. Qanunu pozan şəxslər Qanunla cavab verməlidirlər”, deyə bəyanatın sonunda bildirilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button