Məhkəmə Mehman Əliyevin vəsatətini təmin etməyib – FOTOLAR

Yasamal rayon Məhkəməsində “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev barəsində olan həbs-qətimkan qərarının girovla əvəz edilməsi ilə bağlı məhkəməyə iclası keçirilib. Mehman Əliyevə dəstək məqsədilə məhkəmə önünə ictimai şəxslər, partiya sədrləri gəliblər.

Musavat.com xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda qərar elan edilib. Qərara əsasən M.Əliyevin vəsatəti təmin olunmayıb. Qeyd edək ki, M.Əliyevin barəsində olan həbs-qətimkan qərarının girovla əvəz olunması ilə bağlı vəsatət onun vəkili Fuad Ağayev tərəfindən qaldırılıb.

Vəkil Fuad Ağayev bildirib ki, verdiyimiz vəsatət Cinayət Prosessual Məcəlləsinə tam uyğun idi, lakin təmin edilmədi:“Yalnız ictimai təhlükəsi olmayan və az ağır cinayətlərlə bağlı belə bir vəsatət verilə bilər. Vəsatətdə göstərmişdik ki, Mehman Əliyev heç vaxt cinayət məsuliyyətinə cəlb olunmayıb, iş yeri, yaşadığı yer, ailəsi Bakıdadır. Eyni zamanda himayəsində üç nəfər insan var – həyat yoldaşı, 90 yaşlı atası, övladı… Əfsuslar olsun ki, bütün bunlar nəzərə alınmadı. Qərardan apellyasiya şilayəti verəcəyik. Apellyasiya şikayəti də təmin olunmasa, yolumuz Avropa İnsan Hüquqları Məhkəməsinədir”.

Xatırladaq ki, Vergilər Nazirliyi “Turan İnformasiya Agentliyi” MMC-də yoxlama aparıb. Vergi risklərinin mövcudluğu və vergidən yayınma hallarına yol verilməsinin araşdırılması məqsədi ilə aparılan səyyar vergi yoxlamasının nəticələrinə əsasən, xeyli miqdar təşkil edən vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq zamanı məlum olub ki, “Turan İnformasiya Agentliyi” MMC-nin direktoru Mehman Əliyev qulluq səlahiyyətlərindən sui-istifadə edərək müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürüb və sahibkarlıq fəaliyyəti üzrə nəzərdə tutulan funksiyaları özü yerinə yetirməklə “Qrant haqqında” Qanununun tələblərini pozub.

Onun 2010-2014-cü illərdə dövlət qeydiyyatına alınmayan qrant müqavilələri üzrə külli miqdarda, yəni 148.310 manat məbləğində qanunsuz gəlir əldə edərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına, habelə 2010-2016-cı illərdə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannamələrinə təhrif olunan məlumatlar daxil etməklə xeyli miqdar təşkil edən 60.080 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmasına əsaslı şübhələr olduğu müəyyən edilib.

M.Əliyev 2017-ci il avqustun 24-də şübhəli şəxs qismində saxlanılıb. Ona Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək, Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button