MƏHŞƏRDƏN MƏHŞƏRƏ…

Mirzə Sakit

V yazı

Qırx üç illik Heydərizm dəhşətlərinin tör-töküntüsünü tez bir zamanda təmizləmək sizlərə elə də asan görünməsin. Təhsildə, səhiyyədə, insanların sosial və ictimai həyatlarında çətin sağalan yara kimi bu illər özünü əməlli-başlı biruzə vermişdi. Ancaq buna baxmayaraq, ölkənin bütün vətənpərvər alimləri, iş adamları, dərin zəkalı gəncləri hamısı bu yaraların tez bir zamanda sağalması istiqamətində intensiv fəaliyyət göstərirdilər. Üstü açılmayan çoxsaylı qətllər hüquq-mühafizə orqanları tərəfindən bir-bir açıldıqca xalq keçmiş hakimiyyətə daha da nifrətini artırırdı. Bu qətllər sırasında Afiyəddin Cəlilovun, Şəmsi Rəhimovun, Əli Ansuxskinin, Ziya Bünyadovun, Elmar Hüseynovun, Fətulla Hüseynovun, Rail Rzayevin, vertolyotdakıların və adları ictimaiyyətə məlum olmayan bir çox insanların kimlər tərəfindən qətlə yetirilmələrinin həqiqi sifarişçiləri və qatilləri məmləkət əhlini şoka salmışdı. Vaxtilə “Qarabulaq”da aşkara çıxarılan gizli qəbiristanlığa bənzər bir neçə naməlum qəbiristanlıqlar üzə çıxmışdı. Tapılan cəsədlərə baxış keçirilərkən, onların hansı kalibrli silahlarla qətlə yetirilmələri araşdırılırdı. Çox qəribədir ki, deyilənlərin əsli olaraq, həmin qətllərə açılan atəşlərin səmti MTN-dən, DİN-dən və sifarişin də sədası PA-dan gəlirdi… Hər halda istintaq belə qənaətə gəlmişdi. Deyilənlər təsdiqini tapacağı təqdirdə, bəzi insanların və bəzi bəzəkli qəbirlərin ömürlük həbs cəzasına məhkum ediləcəyi şansını qazanacaqları istisna deyil. “Nahaq qanın yerdə qalması yeri də yandırar” – deyib babalarımız. Fəxri Xiyabanda uyuyan insanların doqquz ildir ki, narahat ruhlarını sakitləşdirmək məqsədilə bu qəbiristanlıqda bir neçə ruhsuzların məzarlarını başqa-başqa ünvanlara köçürmək üçün bəzi profilaktik tədbirlər planı həyata keçirilirdi. Xalq dəhşət içində idi. Vaxtilə dövlət protokollarında lotuluq eləyən əlahiddə və mötəbər qəbir bomboş idi. Belə çıxır ki, bu illər ərzində bura təşrif gətirib ziyarət edənlərin hamısı boş xəndəyə baş əyirlərmiş…
Milli Məclisdə yeni təyin olunmuş AXCP-dən olan Fövqəladə Hallar naziri Rövşən Quliyevin bu postda əyləşməsinə deputatlar qəti etirazlarını bildirirdilər. Deputat və Aydın Bəşirovun yerinə təpələşdirilmiş Faiq Əmirov tribunaya qalxaraq Rövşən Quliyevin vaxtilə AXCP-dəki Seçki Komissiyasındakı bədheybət saxtakarlıqlarından ağzı köpüklənə-köpüklənə danışırdı. ADP-dən olan digər deputat və Hesablama Palatasının sədri Həsrət Rüstəmov oturduğu yerdən əlini Faiqə uzadaraq deyirdi:
– A Faiq, bunu o zaman niyə demirdin?
Faiq də hıqqana-hıqqana dedi ki, o zaman mən nəkarə idim ki, bu sözləri deyəydim. Ümumiyyətlə, indi də mən yenə nə karəyəm ki, bu sözləri özbaşımdan deyim. Ağa deyir sür dərəyə, mən də sürürəm, üzr istəyirəm, ağa yox, bəy. Mənim bütün ömrüm əmrə tabedən ibarətdir, amma bunun belə məsələlərə qəti dəxli yoxdur. Rövşən Quliyev tutduğu postdan təcili şəkildə uzaqlaşdırılmasa, mən söz verirəm ki, Sabirabadda mitinq təşkil edəcəm. Parlamentin spikeri Arzu Səmədbəyli də tez-tez qələmi masaya döyəcləməklə Murtuzvari hərəkətlər edirdi. Yəni bununla o, Faiqi sakitləşdirmək istəyirdi.
Axşamüstü qəfil yayılan xəbərdən hamı bərk təşvişə düşdü. İldırım sürətiylə yayılan xəbərdə İsa Qəmbərin həbsi ölkəni yenidən əliyevlər rejiminin kökünə düşməyə bənzətməkdəydi… Bu həbsin sifarişinin isə konkret olaraq Mudafiə naziri İqbal Ağazadədən gəldiyi haqda söz-söhbətlər bütün çayxanaları bəzəyirdi. İqbal bəy isə daş atıb başını tuturdu ki, bu nə böhtandır, mənə atırsınız. Hətta o, bu böhtançıları məhkəmə ilə hədələyirdi. Amma buna baxmayaraq, İqbal bəy hansısa məhdud məclisdə ağzından qaçıraraq deyibmiş ki, o, İsa Qəmbəri həbs etdirməmişdən öncə şəxsən özü onun kabinetinə getmiş, kabinetə girərkən cangüdənlərini aşağıda qoymuş və qapının yuxarısındakı kameranı əli ilə qapayaraq, içəri daxil olmuşdur. Kabinetdə tək olan Musavat başqanını yaxşıca döydükdən sonra tez bayıra atılaraq, oradan uzaqlaşmışdır. Bu hadisəni heç kim görmədiyindən şahid qismində olan yox idi. Bir sözlə, aləm bir-birinə dəymişdi. Musavatçılar öz başqanlarının həbsinə etiraz olaraq, şəhərin bütün küçələrini zəbt edərək küçələrdə gediş-gəlişi tam bağlamışdılar. Şəhər meri Həsən Kərimov isə bundan bərk təşvişə düşərək başqanın təcili azad olunmasını Əli Kərimli ilə görüşmək üçün AXCP-nin Xaqani 33 ünvanında yerləşən ofisinə getmişdi. O, Əli Kərimli ilə görüşdən onun kabinetindən çox məyus və əsəbi şəkildə çıxmışdı. Qapının ağzında gözləyən jurnalistlərə açıqlamasında o bildirmişdi ki, belə getsə, o, həbs olunan İsa bəyi Azərbaycanda yeni qurulan Demokratik hakimiyyətinin ilk siyasi məhbusu elan edəcək. Bu, biabırçılıqdır, bu, ədalətsizliyin analoqsuz tərənnümüdür. Biz istəyirdik ki, əliyevlər məhşərindən xalqı xilas edək, özümüz isə yeni məhşərin yaradıcısına çevrilirik.
MTN şefi Sulhəddin Əkbər də bu müəmmalı həbsin kim tərəfindən təşkil olunmasını gözəlcə anlayırdı, amma özünü elə aparırdı ki, guya o, bərk həyəcan keçirir və operativ araşdırmaya başlamağa göstəriş verib. Beləliklə, yeni qara dumanın Azərbaycan səmasında peyda olmaq təhlükəsi yaranmışdı. ABŞ höküməti də bu məsələyə artıq öz reaksiyasını vermişdi. ABŞ-ın ölkəmizdəki səfiri Metyu Brayza Xaqani 33 ünvanına gələrək məlum kabinetdə nələrinsə müzakirələrinə başlamışdı. Deyəsən, cənab Brayza həmin kabinetdən əliboş çıxmamışdı. Çox mötəbər mənbədən İmam Hüseyn zülmü ilə əldə etdiyimiz məlumatlara görə, İsa bəyin həbsdən azad olunması Prezident seçkilərindən dərhal sonra baş tutacaq şərt kimi qoyulmuşdu. Musavatçıları da sakitləşdirməkdən ötrü xüsusi bir qrup yaradılmışdı ki, onları bəzi rəhbər vəzifələrə namizədliklərini irəli sürsünlər. Buna baxmayaraq, heç bir müsavatçı bu şərtlə razılaşmayıb bütün şirnikləndirici variantları rədd etmişdilər. Həyat isə beləcə yorğun karvan kimi öz yoluna davam etməkdə idi.
…İsa Qəmbərin həbsdən necə azad olunmasını isə növbəti yazılarımızda oxuya bilərsiniz…

Biz gəlirik, eşq olsun bizə, uraaa!!!

“Xural” qəzeti,

il 9, sayı: 053 (462), 07 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button