MƏHŞƏRDƏN MƏHŞƏRƏ…

MİRZƏ SAKİT

 VIII yazı

 …Prezident seçkilərinin yaxınlaşmasına baxmayaraq, ölkədə həm də müharibəyə başlamaq üçün səfərbərlik elan olunmuşdu. Baş Qərargah rəisi Nurəddin Xoca Səfər Əbiyevin zamanında odrudakı bespredelliyi aradan qaldırmaq üçün gecə-gündüz yorulmadan fəaliyyət göstərirdi. Vaxtilə Azərbaycan Ordusunu başına götürmüş korrupsiyanın kökü demək olar ki, kəsilmiş və bu korrupsiyanı yaradanlar məsuliyyətə cəlb olunmuşdular. Nəcməddin Sadıqov infarkta tutulduğundan Ədliyyə Nazirliyinin Mərkəzi müalicə müəssisəsinə yerləşdirilmişdi.

Milli Ordumuzun əsgərləri bir-neçə istiqamətdən işğal olunmuş torpaqlarımızı azad etmək məqsədiylə hücuma keçmişdilər. Ağdam və Kəlbəcər tərəfdən artıq şad xəbərlər gəlməkdəydi. Bir zamanlar Heydər Əliyevin xeyir-duası ilə verilmiş Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarını erməni qəsbkarlardan azad  etmək üçün ordunun qırx faizi demək olar ki, o istiqamətlə yönəlmişdi. Qələbə şansı demək olar ki, çox böyük idi. Əsgərlərdən birinin söylədiyinə görə, Zəngilanın kəndlərindən  birini işğaldan azad etdikdən sonra kənddəki erməni yaşayan evlərin birində həmin ev sahibi Heydər Əliyevə öz rəğbətini bildirmək üçün böyük bir guşə yaratdığının şahidi olublar. Həmin guşədə Heydər Əliyevin şəkli ilə yanaşı, Andranikin və başqa erməni sərkərdələrinin də şəkilləri asılıbmış. Ev sahibini girov götürən Milli Ordumuzun əsgərləri danışırdılar ki, sən demə, bütün Ermənistanda Heydər Əliyevə böyük sevgi var imiş. Bir çox erməni evlərində onun şəkilləri divarları bəzəyirmiş. Baş Qərərgah rəisi Nurəddin Xoca da gələcək nəsillərə bu tarixi faktları çatdırmaq üçün həmin informasiyaların toplanıb Elmlər Akademiyasının tarix institutuna göndərilməsinə göstəriş vermişdi.

PA-nın siyasi şöbəsinin keçmiş müdiri Əli Həsənov cəza çəkdiyi 1 saylı zonda özünə xırda bir “obyekt” də götürmüşdü. Bu “obyekt” Müəssisə Kollektiv Şurası adlanırdı. Əli müəllim də bu şuranın sədri idi. “Mentovski” qanununa görə şura dustaqlarla zon rəhbərliyinin arasında bir körpü rolu daşıyırdı. Yəni dustaqların problemi yarana biləcək anda Əli müəllim o promlemlərin çözülməsi üçün türmə rəhbərliyinə məlumat verməli və bu problemlərin həlli ilə məşğul olmalıdır. “Vorovskoy” qaydaya görə isə bu Şuranın sədri dustaqlar arasında İŞVERƏN  kimi tanınır. Bunu gözəl anlayan Əli Həsənov da bütün qınaqlara baxmayaraq, bu “vəzifə”nin onun həyat prinsipinə tam uyğun olduğunu bildirib.

Əgər yadınızda qalıbsa, 3-4 il öncə hansısa xarici dövlətdən biri qırx min olmaqla, eşşəklər alıb gətirmişdilər. Həmin eşşəklər bu illər ərzində doğu-törəməklə, öz nəsillərini xeyli sayda artırmışdılar. Onları otaran adam da çox qocaldığından həm də təqaüd yaşı çatdığından bu peşəni Bəxtiyar Sadıqova  və Ağabəy Əsgərova həvalə etdilər. Hər iki kəsə profilaktik təlim keçildikdən sonra baxıb gördülər ki, həə, bunlar elə bu peşəyə alternativsiz namizəd imişlər.

Keçmiş “Leytenant Şmitd” zavodunun yerində inşa olunan Heydər Əliyev mərkəzini isə cəbhəçi Mamedə verdilər. Mamed bəy buranı böyük Ticarət Mərkəzinə çevirmək planını açıqladı və obyektin girəcəyindən böyük bir lövhə də asdı…”MAMEDİN TOÇKASI”. Bu da cəbhəçi…

Ziya Məmmədovun oğlu Anarın könlünə türmədə ayı əti düşdüyündən, bütün bədənini allergiya götürmüşdü. Binəva türmə rəisi Anara porsuq ətini ayı əti əvəzinə sırıyaraq, uşağı narahatlıqdan xilas etmişdi. Nə qədər olmasa da, öz azərbaycanlımızdır. Baxmayaraq ki, onlar hakimiyyətdə olanda Azərbaycan xalqını adam yerinə saymırdılar. Anar əmisi Eltonla bir zonda yatırdı. Elton qumara meylli olduğundan dustaqların neçəsinə uduzub pulları qaytara bilməmişdi və bununla da o zonda “tavanı fırlanmış” hesab olunurdu. Belə dustaqlar da zonlarda “ne seryoznıy” sayılırdılar. Yəni belələrinə öz yerlərini tanıdırdılar.

AXCP sədri Əli Kərimli seçkilərin favoriti olmaq üçün bütün qüvvəsini cəm etmişdi. Əlinə düşən fürsətdən istifadə edərək, bütün əyalətlərə öz emissarlarını göndərmişdi. Yerlərdə güclü kampaniya gedirdi. Bu işdə Əli Kərimlinin sürücüsü Kərim Mehdiyev ən çox canfəşanlıq edənlərdən biri idi. Demək olar ki, bütün təşkilati məsələlər ona tapşırılmışdı. Bütün cəbhəçilər Kərim bəyin göstərişi əsasında hərəkət edirdilər. Lakin onun sürücüsü olan  Kərim Mehdiyevin keçmiş “keqebeşnik”liyini və Sülhəddin Əkbərin MTN sədri olmasını nəzərə alsaq, onda zamanın kimin xeyrinə işlədiyinin şahidi olarıq. Nədənsə tarix Azərbaycan xalqını “MEHDİYEVLƏR”dən əskik etmir ki, etmir.

Rayonlarda tikilən “Heydər Əliyev” muzeyləri ləğv olunaraq, uşaq baxçaları kimi fəaliyyət göstərirdilər. Həmin baxçalardakı körpə cocuqlara Heydərin Azərbaycan xalqı üçün əslində kim olmasını bildirən xırda tədrislər də keçirilirdi. Körpələri bu dərslərdəki dəhşətlərin xofundan qorumaq üçün onlara güclü qidalar da verilirdi. Nəhayət ki, Azərbaycan xalqının bugünkü və gələcək nəsilləri kimin-kim olduğunun bilməsinin vacibliyinin fərqində idilər.

Bir gün xəbər yayıldı ki, M.F.Axundov adına kitabxanadan bir nəfər şübhəli şəxsi polis tutub. Bu haqda polisə kitabxananın direktoru Anar Niftəliyev məlumat veribmiş. Sən demə, həmin şübhəli şəxs də yazıçı Anar imiş. Məqsədi də kitabxananı partlatmaq olub. Polisdə ilkin izahat verən Anar müəllim bu partlatmanın səbəbini də onun kitablarının kitabxanadan yığışdırılması ilə əsaslandırıb. Anar Niftəliyev isə ciddi-cəhdlə təsdiq etməyə çalışırdı ki, yox, onun məqsədi məni öldürmək olub. Polisə də bütün bu qəsdin səbəblərini yalnız Sabir Rüstəmxanlıdan öyrənməyi tövsiyə edib. Deyəsən, cənab Niftəliyev Rüstəmxanlıdan şübhələnibmiş. Hətta bir açıqlamasında o, Sabir Rüstəmxanlını azərbaycanlıların duyğusal şair kimi tanımasına təəssüfləndiyini önə çəkib. Öz açıqlamalarında cənab Niftəliyev bir sözü də əlavə edib deyib ki, bir vaxtlar Sabir Rüstəmxanlı Azərbaycanın cənub tərəfdəki dağ massivlərinə qalxaraq, guya Babək Xürrəmini yad etmək istəyərkən öncə o Heydərin həmin rayondakı heykəlinə gül qoyub sonra dağa dırmaşıbmış. Bu da Niftəliyevə bərk təsir etdiyindən bu əhvalatı o ürəyində sən demə, kin kimi saxlayırmış. Amma zamanında bu hərəkəti Rüstəmxanlıya deməyi o risk edə bilməyib. Hər halda insanı başa düşmək lazımdır. Bununla da Rüstəmxanlı-Niftəliyev “dartışması” günün aktuallığına çevrildi. Bu dartışmaların içindən hələ çox sirlər çıxacağına da şübhə etmirik. Bura DAK maxinasiyalarını da əlavə etsək, onda Niftəliyevin danışmağa çox sözü olacağına zəmin yaranacaq.

Allahşükürün Gülhanə hospitalında dünyasını dəyişməsi xəbəri yayıldı. Lakin həmin hospitalın rəhbərliyi bu faktı təsdiqləmirdi. Çox mötəbər bir xəbərdə də deyilirdi ki, guya Allahşükürün cənazəsini soyuq bir kameraya yerləşdiriblər. Bunu Rusiyanın KQB-sinin xüsusi göstərişi ilə həyata keçiriblər. Qaydaya görə, KQB ajanlarının ölüm tarixi heç vaxt dəqiq deyilməməlidir. Bunu yaxın keçmişdəki tariximiz də sübut edib. Amma müəmmalı qalan məsələlərdən biri odur ki, niyə görəsə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Nurəddin Məmmədli  (Molla Nurəddin) “Allahşükür sindromuna” öz münəsibətini eynilə Hidayət Orucovsayağı açıqlayıb. Hətta o, bir az da uzağa gedib və ifrata varıb, Allahşükürün Azərbaycan xalqı qarşısındakı bəzi xidmətlərini nəzərə almağı jurnalistlərə açıqlamasında bildirib. Nurəddinin bu açıqlamasından qeyzlənən cəbhəçilər onun təcili istefasının zəruriliyinin vacibliyini önə çəkiblər. Nurəddin isə bu postda ölənə qədər qalacağı ilə hamını hədələməyə başlayıb. Cəbhəçi Arzuman Məcidli isə Nurəddinin elə zamandan Allahşükürlə isti münasibətindən danışıb…

…Növbəti saylarımızda Arzuman bəyin hansı vəzifəyə təyin olunmasından və İlham Əliyevin məhkəmə prosesinin başlamasından xəbər verəcəyik…

“Xural” qəzeti,

il 9, sayı: 059 (468), 13 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button