MƏHŞƏRDƏN MƏHŞƏRƏ…

Mirzə Sakit

 XII yazı

 Həsrət dolu gözlərlə Demokratiya məfhumunu doldurmaq istədiyimiz bir dönəmdə, Azərbaycanda keçirilmək ərəfəsində olduğumuz şəffaf Prezident seçkilərinin sevincini doyunca yaşamaq bizə qismət olmurdu ki, olmurdu. Başımızı keçmiş YAP cəlladlarının  baltalarından yenicə xilas etməyimizə  baxmayaraq, boynumuz vurulmaq üçün sanki yeni kötüklərin üstünə yuvarlanırdı. Hakimiyyətə gəlmək təşnəsi normal siyasətçi istəyi kimi qəbul edilməlidir. Lakin bu istək xalqın mənafeyinə nə qədər xidmət edəcək, bax, bu, artıq ayrı söhbətin mövzusu olmalıdır. Əgər hakimiyyətə gəlmək istəyi keçmiş YAP yamyamlarının istəyi kimi qəbul edilsə, onda Azərbaycan adlı məmləkətin adı xəritənin nəinki yaşayış olan massivlərində göstərilər, hətta dünya xəritəsini çəkən mütəxəssis də bizim vətənimizin xəritədə göstərilməsindən xəcalət çəkib Azərbaycanın adını orada göstərməkdən imtina edər.

Son yüzillikdə bəlkə də ilk dəfə idi ki, xalqımız bu qədər sevinc yaşamırdı. YAP hakimiyyətinin süqutunun xoşbəxtliyini yaşayan Azərbaycan xalqının əli göylərdə qalmışdı:

– Uca Tanrım, Sən bizi bir insan olaraq yaratdın, bir millət olaraq yaşatdın, bir xalq olaraq nöş atdın? Bizə bəxş etdiyin cah-cəlalı yaratdığın mənfur və qaniçən insanlar tərəfindən əlimizdən alınmasına göz yumsan da, biz Sənin yolundan çıxmadıq, Sənin göndərdiyin bütün surələrə, ayələrə əməl etdik. Yerdəki məscidi-ürfanlarda haqq deyib haqq durduq. Təkcə “SİZİNLƏ VURUŞANLARA QARŞI SİZ DƏ VURUŞUN” hökmünə əməl etmədik. Bəlkə də Sənin qəzəbinə gəlməyimizin yeganə səbəbi elə bu oldu. Amma təkcə bumu oldu? Xeyr. Öz dərgahından Rəsulun Məhəmmədə və onun ümmətlərinə əta etdiyin VƏHYNAMƏ-lər olan Qurani-Kərimin İslam dünyasındakı əcaibzadələrə, o cümlədən Qafqaz adlı məkandakı Şeyxül-Antişükrani-Baş-Bazadələr kimi məxluqatının leş didən caynaqları arasında qapanmasına bizlər susmadıqmı?

Fransada mühacir həyatı yaşayan ABU-nun eks moşennik rektoru Elşad Abdullayevin Azərbaycana gəlməsini sizlərə bəyan etmişdik. O Elşad ki, zamanında gözünün nurunu, əlinin qabarını hər şeydən üstün tutan sadə azərbaycanlı ailəsi boğazından kəsərək, balasının ali təhsil alması arzusuyla bu moşennikə pul ödəmək məcburiyyəti qarşısında qalmışdı. Sonra da Elşad Fransada müsyosayağı əyləşərək guya YAP hakimiyyətinə qarşı çıxmaqla, özünün cinayətlərini sığortalamaq xülyasına düşmışdü. Onun hər gün “Azadlıq” qəzetinin səhifələrində peyda olması, məsciddə şərab məclisi düzənləməyə bərabər sayıla bilərdi. Qoçağım Elşad mərhum jurnalist Elmar Hüseynovun qatıllərindən heç nə ilə fərqlənmir. Elmarın qətlinin sifarişçiləri ilə Elşad Abdullayev bir zamanlar can-ciyər bir qəlbdə idilər. Yenə də onlar bir qəlbdədirlər. Sadəcə, onların daş qəlbləri müvəqqəti də olsa hələlik məkan baxımından ayrıdırlar. Lənət olsun hər ikisinə…

“Azadlıq” qəzetinin baş redaktorunun keçmiş müavini, sonralardan Qafqaz Müsəlmanları Ruhani idarəsinin mətbuat xidmətinin rəhbəri (QMİ) vəllallahu Sücəddin Şərifova Allahşükürün ölümü bərk təsir etmişdi. Nə illah eləyirdisə, bu “itkinin” təsirindən çıxa bilmirdi. Hətta küçədə gedərkən, öz-özünə “ya şeyxim, sən niyə belə namərdlik edib, bizi tərk etdin?” – deyə danışırdı. Bir dəfə onun “Elmlər Akademiyası” metrosu tərəfdəki parkın küncündə ağacın altında dizlərini qucaqlayaraq, hönkür-hönkür ağladığının şahidi olublar. O ağladıqca arabir qarnını yerə sürtüb əlləri ilə ot yolurmuş. O qədər yanğılı ağlayırmış ki, parkın işçiləri də ona qoşulublarmış. Yeni şeyx Hacı İlqar Sücəddin bəradərə çox etibar etmədiyindən öz adamını da onun yanına yerləşdirmişdi. Amma söz gəzirdi ki, Sücəddini orada çox saxlamayacaqlar. Sadəcə, onun Allahşükürə hədsiz sevgisini nəzərə alıb onu ovutmaq xatirinə müvəqqəti ora pərçimləmişdilər. Dostum Sücəddin də ürəyində Hacı İlqara gülürdü. Axşamlar isə Allahşükürün məzarı önünə gedib ağlına gələn dualardan xətm edərdi.

Xəbər verdiyimiz kimi, ölkədə Prezident seçkilərinin təbliğatına start verilmişdi. Namizədlər hər gün saatlarla telekanallar vasitəsilə öz platformalarını xalqa həzm etdirməyə çalışırdılar. Normadan artıq olan bu teleçıxışlara AzTV-nin sədri Xaliq Bahadır öz etirazını bildirməklə yanaşı, namizədlərin çıxışlarının məhdudlaşdırması haqda bəyanat da verdi. Dedi ki, bu gündən etibarən Prezidentliyə namizədlərin hər biri üçün gündəlik çəmi 19 dəqiqədən artıq vaxt ayrılmayacaq. Bunun da öz simvolik mənası var imiş. Sən demə, Xaliq bəy bu 19 rəqəmini müxalifətin son 19 ildəki fəaliyyəti ilə əlaqələndirirmiş. Hətta o, bir qədər də uzağa gedib namizədlərin prezidentliyə yararsız olmalarına da toxunaraq, həmişəki kimi öz demokratliyini nümayiş etdirmişdi. Sədrin bəyanatı namizədlərin qəzəbinə səbəb olsa da, buna Xaliq bəy demişəm. O, AzTV-nin partladılmasına razı olar, amma onun bir sözünün iki olmasına qətiyyən imkan verməz.

AMİP-dən olan namizəd öz çıxışında deyirdi ki, əgər xalq ona etimad göstərib səs verərsə və o, Prezident olarsa, şəhərdə yaşayanların hər birini evlə təmin edəcək, kəndə yaşayanların isə hər birinə yanı balalı inək bağışlayacaq. Çıxışına davam edən namizəd onu da bildirərək dedi ki, mən bilirəm, kəndlərimizin çoxunda qaz yoxdur, buna görə də hər kəndçiyə meşədən odun daşımaq üçün erkək eşşək təşkil edəcək. Məhz niyə erkək eşşəyin verilməsinə gəldikdə isə cənab namizəd özünün yeniyetmə vaxtı kənddə olarkən dişi eşşəklərdən nə çəkdiyini dolayısı yolla xalqa kişi kimi izah etdi. Amma kəndlərin niyə görə qazla təhciz olunmasına razı olmamağını sirr olaraq demədi. Yəqin bunu da sürpriz kimi özündə saxladı. Haqq üçün o, çox savadlı danışırdı. Həm də onun özü haqda belə obyektiv açıqlamalalarından bu qənaətə gəlmək olardı ki, bu adam artıq seçilib durub. Bunu son 19 ildə onun AMİP başqanlığından da sezməmək nainsaflıq olardı. Çox qabiliyyətli və yaraşıqlı olması ona xüsusi şans verirdi. Danışarkən dilində Allahşükür kimi qüsur olmasına baxmayaraq, əsl xalq adamı kimi dirəşməkdə davam edirdi.

ADP-çi namizəd isə çox üsyankarlıqla öz çıxışlarına start vermişdi. O, partiyanın sədri olmasa da, hal-hazırda Səhiyyə naziri kimi fəaliyyət göstərən ADP başqanı Sərdar Cəlaloğludan heç də geri qalmırdı. Danışarkən ağzından əməlli-başlı köpük şəlaləsi axırdı. Əsəbindən gözlərinin hədəqəsinin diametri 25 santimetrdən azca geniş olardı. Qrip olduğuna görə, arabir elə oturduğu masanın kənarınaca oğlu kimi burnunu fınxırırdı. Bəs nəə, əsl Demokrat elə beləjə də olmalıdır. Onun belə xalq adamı olmasının son illərdə də şahidi olmuşuq. Kişi ərkan və nüfuz sahibidir. Çıxışını sırf kadr siyasətinə yönəldən natiq, arada xalqa vəd verməyi də unutmurdu. O da AMİP başqanı kimi xalqın 0001 nömrəli adamı olacağına  hamını inandırmaq üçün hətta qıldığı namaza da and içdi. O biri çıxışçıdan fərqli olaraq, o dedi ki, əziz xalqım, ölənlərimizin göruna and olsun ki, Prezident olsam, hər birinizə hər ay cibxərcliyi verəjəm.

Müsavat başqanı İsa Qəmbər çıxışa başlamamışdan qabaq xalqdan üzr istəyib dedi ki, “hörmətli Azbıcan vətəndaşları, mən pəhriz saxladığıma görə, bir fincan qəhvə içim, sonra çıxışıma başlayacam. Amma mən qəhvə içə-içə hamınızın mənə baxmağınızı xahiş edirəm”. Haradasa onun qəhvə içməsi səkkiz dəqiqə çəkdi. Bu müddət ərzində İsa bəy öz səssiz hərəkətləri ilə əslində xalqa çox söz dedi. Onun üzündəki mimikaların hər biri (maşallah olsun, Allah bəd nəzərlərdən, bir də cəbhəçilərin tənəsindən saxlasın) bir dastan misallı süjetlərlə xalqa çatdırılırdı. Cəmi səkkiz qurtumluq qəhvəni o, iyirmi səkkiz qurtuma içə-içə arada çeşməyini çıxarıb nəfəsi ilə təmizləyib silirdi. Çeşməyini hər çıxardıqca, çox mədəni şəkildə boynunu qısıb qımışaraq tamaşaçılara göz vururdu. Onun göz vurması adama elə ləzzət eləyirdi ki, şəxsən mən bir vətəndaş kimi onun göz vurmasından həzz alırdım. Amma onu da deyim ki, çeşməksiz o, daha aydın görünürdü. Bu çeşməyi də icad eləyənə nə deyim.

Əlqərəz, qəhvə süfrəsi bitdikdən sonra hörmətli İsa bəy yüksək elitarlığla boğazını bir neçə dəfə artladı, əsl centlemen hərəkəti ilə boynunu sağa-sola burub şaqqıldatdı, ayağa qalxıb əllərini yerə dayayaraq, on iki dəfə “jim” etdi, təzədən yerində əyləşib bir müddət xəyala daldı. O, hüdudsuz siyasətçi olduğuna görə nə danışacağının məsiliyyətini gözəl dərk etdiyindən, ağzından çıxardığı hər sözə görə məsuliyyət daşıdığını gözəl anlayırdı. Ona görə hələ susmağa üstünlük verirdi. Onun susması da xalqa çox xeyir gətirə bilərdi. Amma və lakin… Bəyin çıxış müddətinin bitməsinə artıq bir dəqiqə on dörd saniyə qalmışdı. O isə hələ də ekranda pontamimo vəziyyətində idi. Danışmasa da, gah gülürdü, gah əsnəyirdi, gah ah çəkirdi, gah da quluncunu qırırdı. Onun gülməyi mehribanlığından xəbər verirdi. Əsnəməyi yuxusu gəldiyindən və hələ çox yatacağından, ah çəkməyi Prezidentlik postuna yiyələnə bilməməsindən, quluncunu qırması isə arxasında etibarlı adamın olmamasına birbaşa işarə idi. Əslində, dostum və möhtərəm İsa bəy susqunluğu ilə o biri namizədlərdən çox danışdı. Lakin son altı saniyədə o, bu sözü dedi:

– Əziz seçicilər, hörmətli Azbıcan xalqı, məndən sonra çıxış edən namizədə inanmayın…

 Ardı olacaq

“Xural” qəzeti,

il 9, sayı: 063 (473), 18 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button