Məktəblərdə fond pulu adı ilə dövr edən milyonlar

Məktəblərdə yığılan pulların illik məbləğinin 25 milyondan çox olması ehtimal olunur

Yenə dərs ili başlandı. Əslində bu, “yeni dərs ili başlandı” kimi ifadə olunmalıdı. Lakin o dövlətlərdə ikinci cümlədəki kimi səslənir ki, həmin ölkələrdə məktəb, ümumilikdə təhsil öz öyrəncisinə nə isə verir, almır. Bizdə isə belə deyil. Yeni dərs ili yeni qayğı və düşüncələr, səksəkələr gətirir valideynə. Hər kəs övladını cəmiyyətə yararlı vətəndaş olaraq böyütmək istəyir. Hətta ən acımasız qanqster belə balasının kiminsə ayağını bastalamağını belə istəmir. Çünki özünün yaşam tərzi, rahat olmayan həyatı, mərhumiyyətləri balasına rəva bilmir. Oğru oğurladığı pula aldığı çörəyi balasına yedizdirsə də, balasının öz balasına bu cür çörək yedizdirməsini qəti istəməz. Bu cür anormal bir cəmiyyətdə milli mücadilədə canını belə qurban verməyə hazır olan jurnalist, vətən uğrundakı döyüşlərdə yarımcan olmuş qazi, millətinin azadlığı, dövlətinin demokratikliyi uğrunda hər cür məhrumiyyətlərə sinə gərmiş siyasətçı əsl ulduzluğa layiq olduğu halda, bu nankorlar tərəfindən yaradılmış sistemdə, onların dışlandığı bir zamanda, Şərq düşüklüyünün ən ifrat həddində olan mütrüf – manıs tayfasını əl çatmaz, ulduz edənlər Azərbaycan müəllimini sırtıq və rəzil etdilər. Əlbəttə ki, bu ifadələri hər kəsə aid etmək ədalətsiz olardı. Bir köhnə kostyumla ili başa vuran, lakin əyilməz öyrətmənlərimiz də xali deyil. Amma düşünün, bu cür insanları ili başa vurmağa qoyanmı var? Onlara dərs vermək və ya onları illərlə seçilib formalaşdırılmış, hər cür artistliyi, qaraçı psixologiyasını, dilənməkdən utanmayan, ürəyindən keçən ən iyrənc arzunu belə dilinə gətirə bilən kollektivin üzvü etmək olarmı? Əsla. Əgər müəllim gündəlik dərsə gələrkən utanmadan valideynin cibinə girmək üsullarını düşünürsə, onun tədris etdiyi fənnin effekti olarmı? Olmaz. Ona görə net olaraq söyləmək mümkündür ki, adamın fikri yalnız “alım” üstündə köklənib. Təkrar edirik, yazılanları hər kəsə şamil etmək düşüncəsindən çox–çox uzağıq.

Yeni dərs ilinin başlamasından cəmi iki gün keçməsinə baxmayaraq, ötən şənbədən paytaxt məktəblərində kütləvi valideyn iclaslarına start verildi. Bu il həftənin cümə axşamı (sentyabrın 15-i bu il məhz cümə axşamına – dördüncü günə təsadüf etdi) övladlarını dərsə göndərən valideynlər şənbə günü məktəbə sanki üçə – valideyn iclasına dəvət olundular. Cənab nazirdən soruşmaq lazımdır: Cəmi iki gündə hansı nəticə əldə olundu ki, valideynləri sinif rəhbərləri məktəbə dəvət etdilər? Hələ partada normal otura bilməyən, iki gündə şagirdinin adını belə düz-əməlli yadda saxlamayan müəllim 6 yaşlı məsumcığaz haqda hansı qənaətə gəldi? Fövqəladə nə baş verdi? Yeni qərarmı verdin, Misir müəllim? Bəs elə isə, qərarınız valideyni cəmi iki gün sonra – sentyabrın 17-də məktəbə gəlməyə məcbur edəcəkdisə, elə o qərarı televiziya ilə səsləndirmək olmazdımı? Axı efirdə səslənən fərman və sərəncamlar, əmr və qərarlar xalqa daha tez çatır. Əgər hər şey söylənilənlərin əksinədirsə, deməli, bu dəvətdə kifayət qədər qaranlıq məqamlar var. Və oldu da. “Utanıram da sizə deyim” cümləsi ilə başlayan yeni dərs ilinin ilk çıxışının məntiqi nəticəsinin “sən o gözəlin canı”ndan qətiyyən fərqi yoxdur. Çünki hər iki cümlənin sonu “pul ver”lə bitir. Hər iki dilənçi eyni metodla işləyir. Fərq yalnız birinin qapalı, digərinin isə açıq havada fəaliyyət göstərməsidir.

Tədrisə ayrılan vəsaitin müharibə gedən dövlətdə hərbi büdcəni də üstələməsinə baxmayaraq, illərdir hər ay süpürgə, pərdə, təbaşir, döşəməni silmək üçün neft və jurnal pulu adları ilə fond pulları toplanılır. Cənab Mərdanov da başda olmaqla bir nəfər belə çıxıb söyləmir ki, bu nə fonddur və kimin dədəsinin adınadır. Onu da söyləmirlər ki, valideyn nə üçün dövlət müəssisəsinə hər ay pul ödəməlidir? Axı Azərbaycanın təhsil naziri körpələrin təhsil aldığı tədris müəssisələrinin döşəməsini niyə neftlə yuduzdurur? Yox, əgər bu prosesdə bir hikmət varsa, neft qoxusunun uşağın tədris olunan fənnləri qavrama qabiliyyətinin yüksəlməsinə (?) müsbət təsiri varsa, bəlkə məktəblərdə neft vannaları da qəbul olunsun?! Digər tərəfdən, hamının və hər kəsin bildiyi kimi sinif jurnalı dövlət sənədi hesab olunur. Axı bu hakimiyyətin yönləndirdiyi dövlətin sənədini də valideyn alacaqsa, onda bəs dövlət nəyi öz üzərinə götürür? Görəsən, cənab Mərdanov hər şeyi valideynin üzərinə atmaqda nə məqsəd güdür? Məsələ mətbuatda qabaran kimi isə ya Misir Mərdanov, ya da onun mətbuat üçün qapalı (lap tək nəfərlik həbsxana kamerası kimi) mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə “bir valideyn bir müəllimə bir qəpik də pul verməsin” bəyanatını verirlər. Əvvəla, hər iki səlahiyyətlinin nəzərinə çatdırırıq ki, bir valideyn belə müəllimə bir qəpik pul vermir. Verilən məbləğin azı, aylıq fond pulu qismində bir manatdır. Sizin dedikləriniz rəhmətlik Adil İsgəndərovun söylədiyi kimi, sadəcə “peşəkara həvəskar nömrəsi gəlməkdir”. Necə olur ki, ölkədə korrupsiya ilə mübarizəyə start verilir, bir məktəb direktoru, hətta şəklini başının üstündən asmış prezidentinin sözlərini əhəmiyyətsiz hesab edərək kütləvi pul yığımına göstəriş verir? Ya Misir müəllim çox köhnəlib, nəzarət imkanlarını itirib. Və ya Misir müəllim öz prezidentinin sözlərinə sadəcə əhəmiyyət vermir. Ya da ki, prezident yalnız danışmağı bacarır. Bütün hallarda hər verilən sualın üzərində ciddi düşünmək lazımdır.

“Bizə fakt verin” deyirlər. Maraqlı təklifdir. Məktəblərə bu il qəbul olunan yüz mindən çox birincilərin valideynləri xırda istisnalar olmaqla 50–100 manat arası məktəb direktorlarına sənədlərlə birlikdə əsasən “şirinlik” də verirlər. Təkrar etməyi özümüzə borc bilirik ki, biz ittihamları bütün direktor və müəllimlərə şamil etmirik. İstisnalar nəzərə alınmaqla 100.000-i aşağı həddə 50 manata vuraq. Sadə bir hesablama böyük bir rəqəmi ortaya qoyur. 5.000.000 manat! Bu yalnız iyun–avqust ayları da sənədlərin toplanması zamanı qazanılması ehtimal olunan məbləğdir. Məktəblərdə 320.000 şagirdin hər birindən 1 manat alındıqda və istisnalar nəzərə alındıqda təxminən 300.000–250.000 min manat. Həmin məbləği 10 aya vuranda (təhsil 9 ay olsa da fond pulları ümumilikdə 10 ay adı ilə yığılır) alınan rəqəm 3.000.000 və ya 2.500.000 manat təşkil edir. Yeni ildə, 8 Mart Beynəlxalq Qadınlar Günündə, Novruz Bayramında – hər üç tədbir üçün minimum 20 manat hər şagirddən alındıqda isə bir nəfər 60 manat vəsait ödəyir. Həmin 60 manatı yenidən 320.000-ə vursaq, 19.200.000 manat edir. Qeyd olunan vəsaitləri ümumi formda cəmləşdirsək, 27.200.000 manat alınır. Yenidən istisnalar nəzərə alınanda məbləğ təxminən 25 milyon manat edir. Elə ilk iclasda sinif rəhbərinin öncədən razılaşdırılmış şəkildə təklif etdiyi və qəbul etdirdiyi şəxsin (əsasən həmin şəxslər qadınlar olurlar) “valideyn komitəsinin sədri” seçilməsindən sonra, bütün proseslər həmin “sədrin” vasitəsi və düşünmədən fəaliyyəti ilə həyata keçirilir. Kritik zamanlarda sinif rəhbəri gizli şəkildə verdiyi “filan adla pul topla” göstərişini dana bilir. Həmin şəxsin qadın olması isə məsələnin qabardılmamasına səbəb olur və proses yenidən davam edir. Göründüyü kimi bütün proses düşünülmüş şəkildə həyata keçirilir. “Bizə fakt verin” deyən nazirə isə kimsə fakt vermir. Əvvəla, ona görə ki, övladının kiçik anlamda sinifdə, böyük anlamda isə məktəbdə pisikdirilməsi, “ictimai qınağa çəkilməsi” və s. eybəcər metodlar göz önünə alındığı üçün adamlar abırlarına qısıldıqca bu sahənin bosslarının imkanları böyüyür.

Nəzərə alsaq ki, respublika üzrə təxminən 5 minə qədər təhsil müəssisəsi var. Onda…

Bir neçə gün öncə özəl telekanallardan biri Bakı Tikiş Evinin hazırladığı geyimlərin satış sayı, qoyulan sərmayə və əldə olunan gəlir haqda araşdırmasını təqdim etdi. Araşdırmanın nəticəsi olaraq xalis gəlirin 6.000.000 manat olduğu bildirildi. Bir müəssisənin bir prosesdən yalnız bu qədər vəsait əldə etməsi çox ciddi bir işdir və 6.000.000 manat böyük puldur. Onu da nəzərə alsaq ki, həmin müəssisə hərbçilər üçün də il boyu geyimlər tikir, onda rəqəm daha böyük olur. Əslində, bu proses özlüyündə çox normal fəaliyyətdir. Adamların tenderi necə udmaları, əldə olunan vəsaitin nə qədərinin özlərinə çatması və s. tamam başqa bir mövzudur. Əsas diqqəti çəkən məqam odur ki, həmin müəssisələrin xalis gəliri haqda araşdırmalar aparılarkən çəkilən xərc də hesablanır. Lakin bizim sadə bir məntiqlə apardığımız araşdırmamızda çəkilən xərc 0 manatdır. Yalnız bir ildə tam olmayan, büdcəyə toxunmadan əldə olunan gəlir isə təxminən 25 milyon manat ehtimal olunur. Nəzərə alsaq ki, Misir Mərdanov 10 ildən çoxdur ki, nazirdir və hələ də nazirdir…

XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 037 (445), 20 sentyabr 2011

 

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button