Məmməd Əmin Rəsulzadənin uyuduğu torpaq – Ankara

Türkiyənin hansı nöqtəsində olursaq-olaq, orada Rəsulzadə və Elçibəyə olan məhəbbətin istiliyinə, sevgisinə pənahlana, açıq alınla “mən Azərbaycan türküyəm”  söyləyə bilərik!

Türkiyə Cümhuriyyətinin paytaxtı, İstanbuldan sonra ölkənin ən böyük ikinci şəhəri Ankara Anadolunun mərkəzində, böyük Anadolu yaylasının şərq hissəsində yerləşir. Şimaldan ÇankırıBolu əyalətləri, qərbdən Əskişehir, cənubdan KonyaAksaray, şərqdən isə KırıkkaleKırşehir ilə həmsərhəddir. Ankara və Cubuk çaylarının qarışdığı yerdə, dəniz səviyyəsindən 1000 metr hündürdə olması şəhərə əsrarəngiz bir gözəllik bəxş edir.

Ankara “dayanacaq” mənasını verən yunan sözüdür.

1994-cü ilin hesablamalarına görə əhalisi 2,9 milyon olan Ankara sakinlərinin sayı hazırda 4 milyonu keçib.

Şəhər e.ə.VII əsrdən məlumdur. O, Roma əyaləti Qalatiyanin mərkəzi ve Ankara adlanmışdır. Osmanlılara qədər şəhəri vizantiyalılar, ərəblər, xaçpərəstlər, səlcuqlar və monqollar zəbt etmişlər.

Mustafa Kamal Atatürkün Qurtuluş savaşını buradan idarə etməsi ilə Ankara yenidən mərkəz oldu. 1920-ci ilin aprelində Ankarada Türkiyə Böyük Millət Məclisi təsis edildi və Osmanlı hakimiyyətinə alternativ hökumət quruldu. Şəhərin müharibə zamanı əhəmiyyətli rolu və strateji mövqeyi nəzərə alınaraq 1923-cü il oktyabr ayının 13-ü Türkiyə Cümhuriyyətinin paytaxtı elan edildi.

Ankarada iri banklar – Mərkəzi bank, Etibank, Şumerbank, İşbankası yerləşir.
Şəhər əhalisinin asudə vaxtlarının səmərəli keçməsi üçün böyük, yaraşıqlı teatrlar var: Ankara konservatoriyasi, Ankara operetta teatrı, Dostlar teatrı, Ankara bədii teatrı, Boyuk teatr.
Muzeyler: Anadolu mədəniyyət muzeyi (xətt dövrünə aid qiymətli tapıntılar toplanıb), Etnoqrafiya muzeyi.
Memarlıq və tarixi abidələr: Avqust məbədi (Roma dövrü), Roma hamamları, İstehkam, Məscid (XI-XIX), Naci-bayram məscidi (XV), Atatürkün movzoleyi. Kitabxanalar; Ankarada milli kitabxana (559 min cild), Ankara Universitetinin kitabxanasi. Şəhərdə müxtəlif universitetlər, kolleclər, ayrı-ayrı peşə məktəbləri də fəaliyyət göstərir.

Ankara şəhəri bizim üçün çox doğma, eynu zamanda müqəddəs ocaqlardan biridir. Ona görə doğmadır ki, oranın əhalisinin dini, dili, mədəniyyəti, yaşam tərzi, etnoqrafiyası Azərbaycanla ekizdir. Müqəddəsdir ona görə ki, Azərbaycan Xalq  Cümhuriyyətinin banisi, ideoloqu, Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə Ankara torpağında uyuyur. Ankaraya səfərim də elə Rəsulzadənin məzarını ziyarət etmək məqsədi daşıyırdı.

1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olan Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə Azərbaycan Milli İstiqlal Hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını quran, xalqımızın ölümsüz lideridir.

Polkovnik, veteran Mirdamət Seyidov Böyük Vətən Müharibəsi haqqında xatirələrində Rəsulzadə barədə belə deyir: “1942-ci ildə Alman ordusunun əsirliyində idik. Həmin gün çinli faşistlər yaman əl-ayağa düşmüşdü. Bilirdik ki, yenə də kimsə gələcək, tribuna başına keçəcək, əsirlərə faşizmi tərifləyən təbliğatlar aparacaq. Bu dəfəki qonaq ucaboylu alman leytenantı idi. Onu ofiser libasında olmasına baxmayaraq, başına əmmamə qoyan, qara saqqallı bir azərbaycanlı müşayiət edirdi. Zabit tribunaya yaxınlaşaraq əsirlərə, xüsusilə də azərbaycanlılara müraciət etməyə başladı: “Salam! Mən bilirəm ki, buradakı əsirlərin çoxusu qafqazlılardan, xüsusən də azərbaycanlılardan ibarətdir. Elə ona görə də bir azərbaycanlı oğlu olaraq mən sizə müraciət edirəm. Bilirsiniz ki, sovet ordusu alman ordusundan qat-qat zəifdir. Və yaxın günlərdə Hitler qalib gələcək. Bu qalibiyyətdən sizə də pay düşməsi üçün əlbir olmalı, alman ordusuna kömək göstərməlisiniz. Siz yaxşı bilirsiniz ki, Azərbaycan iyirminci ildən rus imperiyasının əsarəti altındadır. Məmməd Əmin Rəsulzadənin başçılığı altında min-bir əzabla qurulan Azərbaycan Demokratik Respublikası azğın rusların təcavüzü nəticəsində süquta uğradı. Bundan sonra Sovet imperiyası tərəfindən Azərbaycanın minlərlə qeyrətli oğulları məhv edildi, sürgün olundu. Məmməd Əmin Rəsulzadə də öz doğma vətənindən didərgin düşmək məcburiyyətində qaldı. Hal-hazırda o, Türkiyədə yaşayır. O, bu günlərdə alman ordusunun başkanı Adolf Hitler ilə danışığa girib və Azərbaycan haqqında həqiqətləri ona çatdırıb. Hitler də Rəsulzadəyə söz verib ki, alman ordusu qalib gələn zaman ruslara əsir düşən Azərbaycanın Müstəqilliyi üçün əlindən gələni əsirgəməyəcək”.

Mən bu qeydləri Mirdamət Seyidovun döyüş yollarından bəhs edən, nəşrə hazırladığım “Partizanın acı həqiqətləri” kitabımdan götürmüşəm. Məlumdur ki, Hitlerin əsas məqsədi neft ölkəsi olan Azərbaycanı ələ keçirmək idi. Lakin böyük liderimiz Rəsulzadə cəmi 23 ay yaşayan AXC-ni yenidən yaratmaq, ölkəsini rus əsarətindən azad etmək üçün siyasi taktikaya əl atmışdı. Bu barədə daha geniş məlumat isə Nəsiman Yaqublunun “Məhəmməd Əmin Rəsulzadə” kitabında yer alıb.

Buradan da məlum olur ki, Rəsulzadə vətənindən uzaq düşsə də, bütün varlığı ilə Azərbaycanın müstəqilliyi uğrunda çalışıb və çox təəssüflər olsun ki, bu günü görmək dahi liderimizə qismət olmadı. Ankara Universitetinin tibb fakültəsinin klinikasında şəkər xəstəliyindən yatan Məhəmməd Əmin 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış üç dəfə “Azərbaycan… Azərbaycan… Azərbaycan…” deyərək əbədiyyətə qovuşdu.

Ankara radiosu martın 7-də, saat 22.45 dəqiqədə sabiq Azərbaycan milli şürasının sədri M.Ə.Rəsulzadənin vəfat etdiyini təəssüflə bildirdi…

Rəsulzadənin məzarı Ankara şəhərində Ankara xəstəxanasının yaxınlığında “Asri” qəbiristanlığında yerləşir. Qəbiristanlığa çox böyük həyəcanla yaxınlaşsam da, uzaqdan dalğalanan Azərbaycanımın üçrəngli bayrağı sanki mənim ayaqlarıma taqət, gözlərimə nur verdi. Qan qardaşımız olan Türkiyənin bayrağı da bizim bayrağa qoşulub o müqəddəs məzarın keşiyini çəkirdi. Məzarın müstəqilliyimizdən sonra bərpa olunmasına baxmayaraq, mən orada dahi liderimizin adına layiq olmayan bir baxımsızlıqla rastlaşdım. Qəriblikdə olan məzar da sanki qəriblik acısından əziyyət çəkirdi – dörd yanını ot-alaq basmışdı… Bütün bunlara baxmayaraq, qəbirdaşının tavan hissəsindəki birlik nümayiş etdirən dairəvi üçrəngli bayraq, sütunlara həkk olunan kəlamlar mənə ruh verir, dahi rəhbərin “Bir kərə yüksələn bayrak bir daha enməz!” fikri Himnə dönüb ürəyimdə səslənirdi.

Bizə müşahidəçilik edən nəzarətçi polisdən “Rəsulzadənin məzarını çoxmu ziyarət edirlər və bu ziyarətçilər arasında azərbaycanlılar çox olur, yoxsa turk qardaşlarımız?” – sualıma o, – “daha çox azərbaycanlılar” – deyə cavab verdi. Xəcalət çəkərək düşündüm ki, görəsən türk qandaşlarımız, əcnəbilər bizi qınayırlarmı ki, Azərbaycan Demokratik Respublikasının yaradıcısına layiqincə hörmət göstərmirık…

…Ziyarət sürəsi mən məzarda uyuyan liderimizə vətənimdə baş verənlərdən, əbədi liderimizin arzuladığı müstəqil ölkənin yalnız sənəd üzərində olduğundan, onun vətəndaşlarının, qandaşlarının yenə də min-bir əzaba tuş gəldiyindən göz yaşlarımla söz açdım. Əmin idim  ki, O, məni eşidir…

Məzarla xudahafizləşib, oradan uzaqlaşdıq. Amma nədənsə ayaqlarım yerimirdi. Və yenidən geri döndüm. İçimdə hansısa bir səsin gizlin qüvvəsiylə vətənini canından çox sevən, vətəndaşı uğrunda Şəhid olan Elçibəyin dili ilə artıq tarixin müqəddəs səhifələrinə yazılan bu misraları məzardaşına söylədim:

Orda bir yol var uzakda,

O yol bizim yolumuzdur!

Getməsək də, varmasak da,

O yol bizim yolumuzdur!

 

Və… geri döndüm, o yolla, o yola çatmaq üçün…

 

Haşiyə:

Böyük siyasi liderimiz Rəsulzadənin məzarının vətənimizə gətirilməsi barədə əhali arasında müxtəlif söz-söhbətlər gəzməkdədir. Bəziləri onun nəşinin öz torpağında dəfn olunmasını istəsələr də, çoxları bu fikrin yalnış olduğunu iddia edir. Lakin mən belə düşünürəm ki, Turkiyə – Ankara da bizim doğma torpağımızdır. Məmməd Əmin Rəsulzadə o torpağa ögey deyil. O, təqiblərə məruz qalanda da həmin doğma torpağa sığındı. Elə AXC yaranan günlərdə ilk olaraq Azərbaycanın müstəqilliyini tanıyan Osmanlı dövləti olduğu kimi, dara düşəndə də vətənimin kəməyinə Osmanlı dövləti çatdı (Osmanlı dövləti ilə Batum müqaviləsi bağlandı. 4 iyun 1918-ci ildə bağlanmş bu müqaviləyə əsasən, Osmanlı AXC-nin müstəqilliyini tanıdı və hərbi yardımı öz üzərinə götürdü). Rəsulzadənin qəbrini bura gətirməkdənsə, elə uyuduğu torpaqda, uyuduğu yerdə adına layıq abidə ucaldaraq, bütün dünyaya millətimizin birliyini nümayiş etdirmək, geniş ziyarətçi kütləsini o müqəddəs ocağa toplamaq daha təqdirəlayiq olardı.

 

 

 

 

 

 

 

 

Anıtkabır movzoleyi Ankaranın ən əhəmiyyətli nöqtəsində yerləşir. Bu tikili Atatürkün dəfn edilməsi üçün inşa edilib və 1953-cü ildə tamamlanıb. Şəhərin ən əski bölümləri tarixi Qalanı əhatə etməkdədir. Qalanın daxilində yerləşən XII əsrə aid Alaaddin məscidi Osmanlılar tərəfındən dəyişdirilməyə cəhd edilsə də, Səlcuqilərin taxta sənətkarlığının gözəl nümunələrini sərgiləyir.

Hasar qapısının yaxınlığında Bədəstəndəki Anadolu Mədəniyyətləri Muzeyində Paleolit, Neolit dövrlərinə və Xett, Frigiya, Urartu və Roma mədəniyyətlərinə aid əsərlər yer almaqdadır.

Roma dövrünə aid III əsrdən qalma hamamlar, IV əsrə aid Yuli sütunu və II əsrdən qalma korinf stilində inşa edilmiş İmperator Avqust məbədi Ulus meydanının yaxınlığında Qalanın ətrafında yerləşir. Qala yaxınlığında Roma teatrı və həmin ərazidə XV əsrdən qalma Hacı Bayram Məscidi və türbəsi yer almaqdadır.

Səlcuqi taxta qapı oymaçılığının şah əsərlərinin və digər məişət əşyalarının sərgiləndiyi Etnoqrafiya muzeyinin yanında yerləşən Rəsm və heykəl muzeyində türk incəsənətindən seçmələr nümayiş etdirilir.

Böyük bir ərazini əhatə edən movzoleyin dörd yanı ilin hər fəslində yaşıllığa və gül çiçəyə qərq olur. Öz liderini sevən və dəyərləndirən Anadolu türklərindən başqa bu muzeyə hər gün minlərlə turist təşrif buyurur. Movzoleydə Atatürkün məzarı ilə yanaşı onun həyat və döyüş yollarını əks etdirən eksponatlarla dolu tarixi şöbələr ziyarətçini sanki həmin dövrə aparır.

Ankara qalası – Ankara şəhərində yerləşən tarixi qala. Qalanın Bizans İmperiyası dövründə müdafiə məqsədi ilə tikildiyi güman edilir. Bu qala şəhərin ən yüksək nöqtəsində yerləşir. Şəhərə gələn turistlər buranı mütləq ziyarət edirlər. Qalaətrafında yerləşən qədim tikililər də qalaya daha bir gözəllik bəxş edir. Onu da deyim ki, Ankara şəhəri mənim diqqətimi ən çox Qədim Gəncəmizin tarixi binalarında olduğu kimi qırmızı bişmiş kərpicli damları ilə özünə çəkdi. Qaladan şəhəri seyr edən zaman burada sanki eramızdan əvvəlin və sivil dünyamızın kəsişdiyinin şahidi oluruq. Bir yanda sınıq-salxaq, uçuq sökük bir və ya ikimərtəbəli evlər, digər tərəfdə isə müasirliyi təcəssüm etdirən göydələnlər. Doğrusu, həmin göydələnlərə göz yuma bilsəydim özümü Nizami Gəncəvinin Gəncəsindəki kimi hiss edərdim. Təbii ki, bugünün sinəsinə göydələn çarpazı vurulan Gəncəsi yox, məhz qırmızı bişmiş kərpicli damları olan Gəncə. Amma onu da deyim ki, Gəncənin Xan çinarları elə Gəncədədir.

Ankaradakı ən böyük məscid olan Kocatəpə məscidi 19761987-ci illər arasında Osmanlı memarlıq stilinə uyğun olaraq tikilmişdir.

Kontinental iqlimin hökm sürdüyü Ankarada, qış soyuq və qarlı, yay isə isti və quraqdır. Yağışlar ən çox yaz, payız mövsümündə yağır. Qarın yerdə qalma müddəti orta hesabla 62 gündür. Gecə ilə gündüz, yay ilə qış mövsümü arasında əhəmiyyətli istilik fərqləri vardır.

Orada mənə qəribə görünən isə Ankaranın bəstəboylu, əksəriyyəti əsmər olan gözəl-göyçək xanımların əl çantasının böyük və içi dolu olması idi. Doğrusu, bu məndə çox maraq oyadırdı. Və növbəti gəzintimdə bunun da açıqlamasını tapdım. Çox şıltaq iqlim şəraiti olan bu şəhərdə bir saatın içərisində hava soyuya, yağış yağa və yaxud da isti, bürkülü ola bilərdi. Bunu bilən yerli sakinlər daim özləri ilə yağışdan və soyuqdan qorunmaq üçün paltar gəzdirirlər. Güclü, leysan yağışın başlaması və kəsməsi də dəqiqə ilə baş verirdi.

Ankarada otel qiymətləri və kirayə evlər Bakıya nisbətdə ucuzdur. Yemək və geyimdə məncə elə də fərq yoxdur.

Əhalisi işləməyi və istirahəti sevir. Qalaətrafı sakinlərin müxtəlif bəzək və geyim əşyalarından hazırladıqları əl işləri, sənətkarlıq əsərlərinin alqı-satqısını nəzərə almasaq, ticarət şəhəri sayılan İstanbula nisbətdə buranın əhalisinin daha çox ziyalılardan ibarət olduğunu görərik. Əslində, Ankara Türkiyənin daha çox elit təbəqəsinin yerləşdiyi bir məkandır. Məmurlar, öyrətmənlər və öyrəncilər sakinlərin çox hissəsini təşkil edir.

Burada adamların üzündən rahatlıq və arxayınlıq yağır. Onu da deyim ki, gənclik bizdəkindən tam fərqli olaraq daha fəal, daha aktiv şəkildə haqq sözünü deməyi bacarır. Elə mən orada olduğum sürədə şəhərin mərkəzi sayılan Qızılayın küçələrində bir-neçə dəfə gəncliyin hakim qüvvələrə olan narazılığını və bir araya toplanaraq öz etirazlarını bildirmələrinin şahidi oldum. Demokratiyaya susuz olan, dırnaqarası Demokratik Azərbaycanın vətəndaşı üçün bu, çox əlçatmaz görünsə də, Anadolu türklərinin gəncliyinin gözüaçıqlığına sevinirdim.

Şəhərin küçələri təmiz və səliqəlidir. Ümumilıkdə mərkəz olan bu şəhər çox rahat və kriminal hadisələrin daha az olduğu bir məkandır. Hər tərəfdə yaşıllıq, gül çiçək, mədəni xidmət insanı qoynuna alır. Əsasən, trolleybus, avtonəqliyyat, Ankara-dəmir ve şosse yollarının iri qovşaqlarından ibarət olan şəhərdə, mən alman dəqiqliyinin də şahidi oldum. Necə ki, Almaniyada dayanacaqlarda ümumi nəqliyyat vasitələri cədvəldə göstərilən dəqiqədə yerində olursa, Ankarada da eləcə idi. Bu yollar paytaxtı ölkənin baş limanları İstanbul, İzmit, İzmir, İskəndəriyyə, Mersin, Zonquldaq və Samsunla birləşdirir.
Şəhərdə hava limani da fəaliyyət gostərir.

Məni Ankarada ən çox sevindirən və kövrəldən əhalinin Azərbaycan türklərinə olan sevgisi, sayğısı idi. Yenə İstanbulla müqayisə edəcəm: İstanbul əhalisi o qədər soyuqdur ki, hətta qanqardaşları olan bizləri başqa millətlərlə bir tuturlar. Lakin Ankara belə deyil. Onlar “azərbaycanlılar” deməz, mütləq və mütləq “Azeri kardeşlərimiz” deyərlər.

Məni ən çox kövrəldən isə orada böyük türkçü, milliyyətçi, vətənsevər, canını milləti uğrunda qurban verən Rəsulzadə və Əbülfəz Elçibəyə olan məhəbbət oldu. Doğrusu, bu məhəbbəti qaynar qoyunlu, soyuq ürəkli şəhər adlandırdığım İstanbulda da gördüm. Və əmin oldum ki, Türkiyənin hansı nöqtəsində olursaq-olaq, orada Rəsulzadə və Elçibəyə olan məhəbbətin istiliyinə, sevgisinə pənahlana, açıq alınla “mən Azərbaycan türküyəm” söyləyə bilərik!

Məmməd Əmin Rəsulzadə sevgisinin işığıyla yol aldığım Ankaradan elə böyük sevgiylə də geri döndüm.

 

İradə Aytel

 

“Xural” qəzeti,

İl: 9, sayı: 021 (429), 05 – 11 iyun 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button