Məmur süründürməçiliyindən bezən vətəndaş: “İntihar həddindəyəm”

Cəlilabad sakini deyir ki, rüşvət vermədiyi üçün Dövlət Məşğulluq Agentliyi onun müraciətinə baxmır

“Altı ildir ki, gözləyirik. Bu işlər ərzində çox tanıdığım heyvanını aldı, ancaq mənə çatanda hələ 100-cü adam oluram. Müraciətimi elə yola verib aldadırlar. Bezmişəm, intihar həddindəyəm”

Cəlilabadın Səhrədabad kənd sakini Daməddin Səhrədov Dövlət Məşğulluq Agentliyindən narazıdır.

Meydan TV-yə danışan sakin deyir ki, süründürməçilik və biganə münasibət onu intihar həddinə çatdırıb.

Onun sözlərinə görə, 6 ildir ki, qurumun qapılarında qalıb.

“Həbs həyatı yaşamısan, sənə düşmür”

Sərhədov 2017-ci ildə mübahisə üstündə həbs həyatı yaşayıb. Bir il sonra azadlığa çıxaraq ailənin ağır sosial-iqtisadi durumuna və işsizliyə görə heyvan üçün özünüməşğulluq proqramına yazılıb.

Ancaq yenidən vətəndaşın ilin sonunda eyni iş üzrə həbsi Dövlət Məşğulluq Agentliyinin vətəndaşa heyvan verməkdən imtina etməsi ilə nəticələnib. Səbəb kimi də həbs həyatı yaşaması göstərilir. Yenidən qeydiyyat isə əlavə vaxt alır. Nəticə isə yoxdur.

Daməddin Səhrədov

“2017-ci ildə 5 ay həbs həyatı yaşamışam. Həbsdən sonra heyvan almaq üçün qeydiyyata düşdüm. 2018-ci ilin iyununda yenidən eyni iş üzrə – mübahisə üstündə həbs olundum. 2022-ci ildə həbsdən çıxıb getdim ki, 4 ildə niyə ailəmə heyvanı verməmisiniz? Dedilər ki, sənə düşmür, həbs həyatı yaşamısan, həm də xəstəliyin ağırdır. Sonra da dedilər ki, həyat yoldaşını gətir, onu qeydiyyata alaq. Bütün bunları işi uzatmaq üçün qəsdən edirlər. Çünki mən adam öldürməmişəm, qatil deyiləm. Həbsdə yatan yaşamamalıdır?”.

Dediyinə görə, həyat yoldaşı da iki ildir ki, qeydiyyatdadır, ancaq xəbər yoxdur:

Bu ilin fevralında çağırıb bir ərizə veriblər ki, bir aya olacaq, gözləyin. Üstündən üç ay keçib. Bizdən sonra qeydiyyata düşüb alanları tanıyıram. Hansı ki 500-600 manat şirinlik – pul veriblər. Dedim ki, pulum yoxdur, rüşvət vermirəm deyə vermirsiniz? Deyirlər ki, elə şey yoxdur, yalandır. Etiraf edərlərmi rüşvəti? Xeyr, etməzlər. Nə adamım var, nə şirinlik üçün pulum…”.

Dörd nəfərlik Səhrədovlar ailəsinin iki oğul övladı ağır ürək çatışmazlığından əziyyət çəkir. 21 yaşlı İmamirəddin və 22 yaşlı Sədrəddin qardaşlarının xəstəliklərindən dolayı iş qabiliyyəti yoxdur,  verilən əlillik pensiyası da 18 yaşlarında kəsilib.

Daməddin Sərhədov deyir ki, yaşlı həyat yoldaşı Sona Nəciyeva və özü də ağır əsəb xəstəsidir. Ailənin tək gəliri onun II qrup kimi aldığı əlillik pensiyasıdır. Əlavə gəlir olmadığına görə nə əkin təsərrüfatını qura bilir, nə heyvan alıb saxlaya. Tək ümidi Dövlət Məşğuluq Agentliyinin özünüməşğulluq xətti ilə ailəsinə veriləcəyi xırdabuynuzlu heyvandır, o da qismət olsa…

“Məmurlar işsiz, kasıb vətəndaşları çox incidir”

Sosial durumunun ağır olduğunu deyən vətəndaş çıxış yolu axtarır, amma yerli qurum onun xahiş və tələblərinə biganə münasibət bəsləyir:

Bir ailənin dolanışığı tək adamın pensiyasıdırsa, necə olar? Övladlarım xəstədir deyə işə yaramır, iş görən kimi ürəkləri gedir. Hərbi xidmətə yaramır, amma pensiyasını ölüm ayağında deyillər deyə vermirlər. Bunlar necə işləyib ailə saxlasın? Həyətimizdə 5-6 ədəd ev quşu var. Tövlə var, heyvan yox. Özü də guya tövləsi olana verirlər. Zəng eləməkdən, gedib gəlməkdən ayaqlarım qara su gətirib”.

Ölkə rəhbərliyi deyir ki, məmurlar vətəndaşı incidirsə, ona bildirək. Dəfələrlə deyirəm, ancaq eşidən yoxdur. Məmurlar mənim kimi köməksiz, kasıb vətəndaşları çox incidir, süründürür, şikayətlər qulaqardına edilir. Cəlilabadda məmurlar at oynadır. Özləri təminatlı, kasıb təbəqə ehtiyac içindədir. Heyvan dövlət hesabına verilir də, elə bil şəxsi ciblərindəndir. Özünüməşğulluq proqramı işsiz, ehtiyaclı, kasıb üçün deyil? Bir evim var, bir otağı ancaq yüngül təmirdi. Ailəm mənim ümidimədir. Bir hektar torpaq sahəmiz olsa da, bu il pulsuzluqdan noxudu da əkə bilmədik. Əkinə, təsərrüfata pul lazımdır. Aldığım pensiyanın 300 manatı əməliyyat üçün götürdüyüm kreditə gedir, 63 manat ərzağa, kommunala qalır. İş yox, məşğulluq yox. Necə dolanaq? “, – deyə o narazılığını belə ifadə edir.

Agentlik ittihamları qəbul etmir…

Dövlət Məşğulluq Agentliyinin mətbuat xidmətinin rəhbəri Əsmər Nəcməddin qızı isə vətəndaşın ittihamlarını qəbul etmir.

Deyir ki, 2018-ci ildə vətəndaş rəsmi deyil, şifahi müraciət etdiyindən qeydiyyata alınmayıb.

Onun sözlərinə görə, 2022-ci ildə isə həbs həyatına görə deyil, əmək qabiliyyətinin olmamasına görə özünüməşğulluq proqramı üzrə qeydiyyata özü deyil, həyat yoldaşı alınıb:

“Vətəndaş Səhrədov Daməddin Cəbi oğlunun müraciəti tərəfimizdən araşdırılıb. O, 04.04.2022-cil tarixindən qoyunçuluq zərfi üzrə özünüməşğulluq proqramına müraciət edib. Vətəndaşın proqram üçün uyğunluğu araşdırılan zaman Daməddin Səhrədovun 2-ci qrup əlilliyinin olduğu və əmək qabiliyyətinin olmadığı müəyyən edilib. Bu səbəbdən vətəndaşın özünüməşğulluq proqramına cəlbi mümkün olmayıb. Bir neçə dəfə vətəndaşa bu barədə məlumat verilib. “Məşğulluq haqqında” Qanuna əsasən, özünüməşğulluq proqramına işsiz və əmək qabiliyyətli şəxslər cəlb edilə bilər”.

Dövlət Məşğulluq Xidməti

Ailəyə dəstək olmaq üçün vətəndaşın həyat yoldaşı Nəciyeva Sona Hüseyn qızının qeydiyyatı aparılıb və onların istədikləri istiqamət üzrə özünüməşğulluq proqramına cəlb edilməsi məqsədilə növbəlilik qaydasında şəraitinə baxış keçiriləcək və müvafiq tədbirlərin görülməsi təmin ediləcək”, – qurumun rəsmisi bildirib.

Agentliyin sözçüsü deyir ki, bu proses növbəli və mərkəzləşdirilmiş qaydada həyata keçirilir:

“O ki qaldı son iki ildə prosedurun gecikməsinə, biz heç bir vətəndaşa konkret vaxt demirik. Bu növbədə olan şəxslərin sayından, uyğunluğundan, eyni zamanda, monitorinqlərin keçirilmə aralığından asılıdır. Bu proses birmənalı növbəli və mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Saytımızda açıq reyestr var. Vətəndaşlar özləri də prosesi aydın izləyə bilərlər”.

Vətəndaş qurumun açıqlamasını “ağ yalan” sayır…

Daməddin Səhrədov qurumun bu mövqeyi ilə razılaşmır, hətta “ağ yalan” adlandırır:

Yalandır. 2018-ci ilin mart ayında məni Məşğulluq Agentliyinin regional idarəsində Mətləb adlı əməkdaş rəsmi qeydiyyata aldı. Onda əlil dərəcəm var idi və mənə bu barədə məlumat verilmədi ki, II qrup əlil əmək qabiliyyətini itirmiş sayılır və ona düşmür. Hətta mən həbsdə olarkən həyat yoldaşım və oğlum yenidən idarəyə gedib heyvanla maraqlananda deyiblər ki, ya həbsdən çıxmalı, ya adından etibarnamə gətirməlisiniz”.

“2022-ci ilin aprelində isə bəraət alıb həbsdən çıxanda təkrar getmişəm və mənə bildiriblər ki, həm həbs həyatın, həm də ağır xəstəlik dərəcən sənə imkan vermir. Nəticədə mənə ərizə yazdırıb dörd illik gözlətməni ləğv etdiriblər. Bu səbəbdən həyat yoldaşım təkrar yazılıb və o da belə boş vədlərlə uzadılır. Məqsədləri vətəndaşı həyatından bezdirmək, hansısa bir cinayət əməlinə təhrik etməkdir”, – deyə o Dövlət Məşğulluq Agentliyini qınayıb.

The post Məmur süründürməçiliyindən bezən vətəndaş: “İntihar həddindəyəm” appeared first on MEYDAN.TV.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button