Məmurlarına ayıb, ar olsun, ay prezident!

Yeganə Mirzəməmmədova
«Əqidə» qəzetinin baş redaktoru

Yazıq günə düşmüşük, ağlamağım gəlir hey!
Kartejinin yolunu bağlamağım gəlir, hey!
Sənin nazirlərini dağlamağım gəlir, hey!
Nazirlərinə dünya dar olsun, ay prezident!
Məmurlarına ayıb, ar olsun, ay prezident!

Prezident olmağınçün, bölgələrdən keçmişəm,
İnan ki, əyri-üyrü döngələrdən keçmişəm,
Ayaq yolu gözləyən körpələrdən keçmişəm,
Nazirlərinə dünya dar olsun, ay prezident!
Məmurlarına ayıb, ar olsun, ay prezident!

Nazirlərin təyyarə alır, İlham Əlyiev!
Bacım yataqxanada qalır, İlham Əliyev!
Məmurlar səni gözdən salır, İlham Əliyev!
Nazirlərinə dünya dar olsun, ay prezident!
Məmurlarına ayıb, ar olsun, ay prezident!

Neftimizin pulları, söylə, hara axır, heyyy!?
Yanındakı məmurlar söylə, hara baxır, heyyy!?
Bu məmurlar qəlbimi yandırır hey, yaxır heyyy!?
Nazirlərinə dünya dar olsun, ay prezident!
Məmurlarına ayıb, ar olsun, ay prezident!

Neft Şirkəti özünü mərmərlərlə bəzəyir,
«Azərkimya» fəhləsi ev növbəsi izləyir,
Balaları evlərdə bir parça ət gözləyir,
Nazirlərinə dünya dar olsun, ay prezident!
Məmurlarına ayıb, ar olsun, ay prezident!

Vətən, torpaq düşməyir nazirlərin yadına,
Əsgər getmək yazılıb yoxsulların adına,
Gündə bir şəhid gedir bax, bunların badına,
Nazirlərinə dünya dar olsun, ay prezident!
Məmurlarına ayıb, ar olsun, ay prezident!

Səbir kasam daşdıqca, vallah, çaşmağım gəlir,
Dağ çayıtək sel kimi inan, daşmağım gəlir,
Oturduğun binanı hərdən aşmağım gəlir,
Nazirlərinə dünya dar olsun, ay prezident!
Məmurlarına ayıb, ar olsun, ay prezident!

Ocağım qənim olsun, məmurların başına,
Zəhər-zəqqum qatılsın hər birinin aşına,
O məmurlar dəyməz heç Vətənin bir daşına,
Məmurların faşistdən betər, İlham Əliyev!
Daha dözə bilmirəm, yetər, İlham Əliyev!

“Xural” qezeti
il: 9, sayı: 048(408), 26 dekabr 2010-cu il-08 yanvar 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button