“Mənə onun başı lazım deyil” – bağça müdirəsinin dələduzluq işi

Bakıda vətəndaşlar bağça müdirəsinin dələduzluq əməlinin qurbanı olublar. Onlar sosial şəbəkələrdə bağçada işə düzəlməklə bağlı elanlara rast gəliblər. Bu elanlar onları “Xətai” metrostansiyasının yaxınlığında yenicə istifadəyə verilmiş özəl baxçalardan birinə aparıb. Pul qazanmaq üçün getdikləri baxçada işə düzəlmək üçün verdikləri pulları itiriblər.

Xural.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səbirə Ziyadovanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.

O, özəl bağçalardan birinin müdirəsi olub. Bir neçə ay birlikdə çalışdığı işçiləri ilə indi məhkəmədə üz-üzə qalıb. Buna səbəb isə Səbirə Ziyadovanın işə düzəlmək üçün onlardan pul alması, amma vədinə əməl etməməsidir.

Belə ki, ittihama görə, S.Ziyadova bir neçə nəfəri bağçaya müəllimə kimi işə düzəltməyə söz verib. Bunun qarşılığında onlardan müəyyən məbləğlərdə pul da alıb. Amma bir neçə ay sonra işə götürülən şəxslər vəd edilən əmək haqlarını ala bilməyiblər. İşə düzəlmək üçün verdikləri pulu tələb edərkən isə müdirə ilə fikir ayrılığı yaşayıblar. S.Ziyadova aldığı pulları qaytarmadığından işçiləri ondan hüquq-mühafizə orqanlarına şikayət ediblər.

Şikayətlər əsasında S.Ziyadova barəsində cinayət işi açılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

Sonuncu məhkəmə prosesində şahidlərdən Elman Rəhimov ifadə verib. O, deyib ki, həyat yoldaşı S.Ziyadovanın rəhbərlik etdiyi bağçada müəllimə kimi işə düzəlmək istəyib: “Yoldaşım həmin elanı internetdə görmüşdü. Dedi ki, belə bir iş elanı var. Bağça Xətaidə idi. Yoldaşımla birlikdə getdik. Yoldaşımın diplomuna baxdı. İşlə bağlı danışdıq. Amma əvvəlcə çox pul istədi. Danışıb 2 minə razılaşdıq. Mən bu məblği əldə etmək üçün qızılları lombarda qoydum. 1900 manat götürdüm. Üstünü də düzəldib pulu ona verdik”.

Elman Rəhimov bildirib ki, xanımı 3 ay işə getsə də əmək haqqı ala bilməyib: “3 ay işlədi, amma maaş almadı. Bu artıq əziyyət idi. Boşuna işə gedib-gəlmək mənasız idi və mən də getməsini istəmədim”.

Şahid bildirib ki, işə düzəlmək üçün verdikləri puldan heç bir məbləğ geri qaytarılmayıb.

Məhkəmədə Ramin Həsənov da şahid qismində ifadə verib. O da xanımını işlə düzəltmək məqsədi ilə Səbirə Ziyadovaya 1200 manat pul verdiklərini söyləyib. Ancaq xanımı nə maaş, nə də işə düzəlmək üçün vediyi pulu geri ala bilib.

R.Həsənovun bu sözlərinə təqsirləndirilən bağça müdirəsi etiraz edib. Söyləyib ki, R.Həsənovun xanımına aylıq maaş verib, işə düzəlmək üçün aldığı puldan isə 500 manatını geri qaytarıb. Amma R.Həsənov bu fikirlərlə razılaşmayıb.

Məhkəmədə zərərçəkmişlərdən Turanə Hüseynova da ifadə verib. O da iş elanını internetdən görüb, bağçaya üz tutanlardandır. Turanə Hüseynova bildirib ki, elanı gördükdən sonra bağçaya gedib və birbaşa Səbirə Ziyadovanın özü ilə görüşüb: “Görüşəndə mənə dedi ki, bağçanın fəaliyyəti üçün bütün sənədlər hazırdır, rəsmi icazə alınıb”.

Zərərçəkmiş işə düzəlmək üçün S.Ziyadovanın ondan 2 min manat istədiyini söyləyib: “Əvvəlcə bu məbləğin hansı səbəblə, adını nə qoyaraq aldıqlarını soruşdum. Dedi ki, hər yerdə belədir. İşə düzəlmək üçün müəyyən məbləğ ödəmək lazımdır. Məni razı salmaq üçün dedi ki, əgər işdən onunla bağlı hər hansı bir səbəb görə çıxarılsam, pulumu geri qaytaracaq. Amma öz nöqsanıma görə çıxarılsaydım, geri qaytarmayacaqdı. Bu söhbətdən sonra mən dedim ki, gedim yoldaşımla məsləhətləşim, sizə xəbər edəcəm. Evə qayıtdıqdan sonra yoldaşımla danışdım və o razılaşdı”.

Turanə Hüseynova ifadəsinin davamında bildirib ki, bağça müdirəsi olan Səbirə Ziyadova həmin ərəfədə hicablı olub və yoldaşının onunla görüşməsini istəməyib: “Mən zəng edib Səbirə Ziyadovaya dedim ki, yoldaşım razıdır və o da sizinlə görüşmək istəyir. Amma mənə dedi ki, yoldaşınızı gətirməyin. Başının bağlı olduğunu, namaz qıldığını və yoldaşımla görüşmək istəmədiyini söylədi. O vaxt başı bağlı idi. Mən də bunu yoldaşıma dedim. Yoldaşım çox normal qarşıladı və hətta dedi ki, hicablı xanımdır, ondan yəqin ki, ziyan gəlməz”.

İfadəsinin davamında T.Hüseynova 6 ay sonra işdən ayrıldığını bildirib: “İşlədiyim müddətdə Səbirə Ziyadova ilə heç bir mübahisəm və narazılığım olmayıb. Mənə demişdi ki, puluma başı ilə cavabdehdir. İndi mənə onun başı lazım deyil. Pulumu qaytarsın”.

Məhkəmədə hakimlər Səbirə Ziyadovadan aldığı pulları hara xərclədiyini soruşublar. Alınan pulların bağça üçün lazm olan ləvazimatlara xərcləndiyini deyən S.Ziyadova bu qədər məbləğin hansı ləvətimata xərcləndiyini izah edə bilməyib.

Növbəti məhkəmə iclası dekabrın 12-nə təyin edilib.

Qeyd edək ki, S.Ziyadova barəsində həbs-qətimkan tədbiri seçilməyib. O, ev dustaqlığındadır.(musavat.com)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button