Mən dahiyəm

Zaur Məlikzadə

(Cizgilər…)

Mən dahiyəm!.. İşsizi olmayan məmləkətin işsizlərinin dahisiyəm!
İşim yox işləməyə, dişim yox dişləməyə, mən varlılar məmləkətinin kasıblar dahisiyəm!
Mən dahiyəm! Məmurunun cibindən neft qoxusu gələn, vətəndaşı neftə möhtac ölkədə neftsizlərin dahisiyəm!
Mən dahiyəm! İstedadlı yazarlar içində istedadsızların, qələmlilər içində qələmsizlərin dahisiyəm!
Çöllər mənim tək məkanım. Mən çöllərin dahisiyəm!
Yerim yox, oturmağa evim yox, yaşamağa yurdum yox, mən yurdsuzlar dahisiyəm!
Bir gün qəfil ölsəm, cəsədimi dəfn etməyib çöplüyə atın siz… Mən çöplükdə bir parça çörək axtaran dilənçilər dahisiyəm!
Mən dahiyəm! Kim deyər ki, deyilsən sən?!

Qatil

(Cizgilər…)

Qatil! Bu adı qazananlar çoxdur: Dost qatili, ata–ana, qardaş–bacı qatili… Bunlar hamısı məhkəmə qarşısına çıxan qatillərdir. Fəqət yeganə qatil var ki, onu hakim cəzalandırmaz. Bu da sənsən!.. Sən, ruh qatili… Sən ruhumun qatilisən! Sən sevgimin qatilisən! Sən duyğularımın, xəyallarımın qatilisən. Sən qatilsən! Sən ilk görüşdə həyəcandan titrəyən əllərin, gözlərinə utanıb baxa bilməyən gözlərin qatilisən! Sən qatilsən, dəniz kənarındakı görüşümüzdə daş atıb hürkütdüyün qağayıların qatilisən! Sən qatilsən… Üzərində sevərək gəzdiyimiz, evinizə gedən yolun qatilisən! Qorxma, nədən qorxursan?! Bu sadəcə mənim səsim, bu sadəcə mənim səndən şikayətimdir. Baxan yoxdu bu şikayətə… Keçmişimin qatilisən sən!.. Keçmişimin qatilisən sən!..

“Xural” qəzeti
il: 9, sayı: 049(409), 09-15 yanvar 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button