Mən deyən oldu, olmadı

Babalıq

Mən sənə söylədim, qaqaş,

Bişməyəcək qazanda aş,

Sən də dedin ki, bir yavaş,

Məclisə şefdi Bumbaraş.

İndi buyur: bu – göz, bu – qaş,

Mən deyən oldu, olmadı?

 

Sən o deyilmidin, kişi,

Söylədin, etmə təşvişi?

Dedin yarıldı süd dişi,

Çatdı finala sülh işi.

Mənsə dedim ki, yox əşi!..

Mən deyən oldu, olmadı?

 

Sən də dönüb dedin, dayan,

Bir neçə həmsədr əyan,

Yaxşı söz eyləmiş bəyan,

Mən də dedim o yan–bu yan(!)

Yan yanına verər ziyan?..

Mən deyən oldu, olmadı?

 

İndi sözün nədir, lələ,

Sülhə ümid qalir hələ?

Qalır dedinsə, fəhm elə,

Serj nə üçün çıxır zilə?

Qazan qapandı bax belə,

Mən deyən oldu, olmadı?

 

Biz sözə xeyli dəmsazıq,

“Vur-vur”a gum–gurubazıq,

Xalq binəva, əyan pozuq,

Üç il də “vız” gedər azı,

Onda bilərsən, ay yazıq,

Mən deyən oldu, olmadı?

 

Mən ki sənə dedim, qaqaş,

Bişməyəcək qazanda aş,

Bax bu – quru, bax bu da yaş,

Mən deyən oldu, olmadı?

“Limit, limit” deyirdin ha,

Göz–gözə doldu, dolmadı?

Serj ilə bir də söhbətin,

Mənası qaldı, qalmadı?

“Xural” qəzeti,

İl: 9, sayı: 025 (433), 03-09 iyul  2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button