Mən mərd deyiləm!

Nurəddin Xoca

Dünya iki qütblü olub, var, olacaq. Kim nə deyir-desin. Bəli, deyirlər ki, ağ və qaradan başqa rənglər də var. Dünya rəngarəngdir. Düzdür. Amma bütün rənglərin əsasında qara və ağ dayanıb. Eynilə xeyir və şər, pislik və yaxşılıq, mərdlik və namərdlik kimi. Bu dünyada əsasən pislik, şər, namərdlik hökm sürür. Xüsusən də Tanrının yadından çıxan Azərbaycanda. Əslində, xeyir fikirləşdiyin nə varsa, hamısı dönüb şər olur. Bu gün şərə, namərdliyə, pisliyə qarşı mübarizə aparan yeganə quvvələrdən biri mətbuatdır və onun azad qalmış hissəsidir. Amma şərin də müttəfiqi elə mətbuatdır və onun satılmış hissəsidir.

Bu gün mətbuat iki yerə bölünüb və bəla ondadır ki, bir tərəfdə Mehman Əliyev, Qənimət Zahid, Rauf Arifoğlu, Əvəz Zeynallı və
s. kimi mətbuat və söz azadlığının əjdahaları və fədailəri, o biri tərəfdə isə qalanları var. Bir cəbhə azad sözün, azad fikrin, azad insanın tərəfindədir, yəni “ağ” siyahıda», o biri cəbhə isə ələ baxmağın, əmrə tabeliyin, “baş üstəliyin» tərəfindədir, yəni «qara siyahıda».

İndi bu qaranlıq bizi təhdid və təhqir edir. Arxalarında dayanan dayılarına arxayın olub, öz adlarını bizə qoyub, bizi yandırmaq istəyirlər. Biz isə azad sözə, bu millətin azad, həqiqi, Haqq sözünü eşitmək hüququna inanaraq onların acığına yanmayacayıq. Biz öz sözümüzü deyəcəyik!

Əslində, mən bunları yazmazdım, amma özümü müstəqil mətbuatın, «Xural»ın bir hissəsi bildiyim üçün Bəxtiyar Sadıqovun dediyi ifadələrə cavab verməyi lazım bildim. Əvvəla, özüm haqda: mən Milli Azadlıq Hərəkatının fəallarından biri kimi öz millətimə və öz dövlətimə acardığım xidməti etmişəm. Rus hərbi hissələrinin Azərbaycandan silah və sursat çıxarmasının qarşısını alarkən, ilk dəfə yaralanmışam. Qarabağ savaşında isə daha iki dəfə yaralanmışam və üç kontuziyam var. İkinci qrup Qarabağ əliliyəm. Sizlərdən fərqli olaraq, mən bu dövləti və azadlığı olum və ölüm savaşında əlimdə silah qorumuşam. Bu yaşıma qədər heç zaman haram çörək yeməmişəm və belə çörək yeyənlərə qarşı böyük nifrətim var. Ona görə də Bəxtiyar müəllim, siz özünüzə baxsanız, daha yaxşı olar. İnanıram ki, baxırsıniz, ən azından gündə bir dəfə – güzgüdə. Ancaq «xuralçılar» barədə dediyiniz sözdən sonra bir daha güzgüyə baxsanız, pis olmaz!

Mən dediyimi ən azından həyatım bahasına sübut etmişəm. İndən sonra da edərəm! Əgər tamahım olsaydı, indi sizin kimi bahalı maşınlarda gəzər və sərvət-mənsəb sahibi olardım. Baxmayaraq ki, buna bütün imkanlarım olub. Sizin tamahkar dediyiniz bizlər şərəflə bu vətənin yolunda ölümə getmiş və yenə də gedəcək adamlarıq. Bəs, siz və sizə oxşayanlar bunu vüqarla və şərəflə (Vətən qorumaq doğrudan da şərəf işidir!) deyə bilərsinizmi?

Deyərsiniz, inanıram. Bugünki (dünənki) müsahibəni verən adamdan nə desən, gözləmək olar. Axı, Azərbaycan deyəsən əyri güzgülər ölkəsinə çevrilib. Qara ağı, şər xeyiri, namərdlər  mərdi ittiham edir. Fərarilər qəhramanlara hökm oxuyur. Nə olar, biri az, biri çox – biz onsuz da zərbə almağa öyrəşmişik. Əgər müstəqil olmaq naqislikdirsə, əgər kimlərəsə yaltaqlanmaq, əmr qulluqçusu olmaq, bütün ölkəni bürüyən korrupsiyaya, haqsızlığa göz yummaq, qul haqqı yemək mərdlikdirsə, mən mərd deyiləm.

Xural” qəzeti,

il 9, sayı: 039 (447), 22 sentyabr 2011

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button