Mən niyə ziyalıya çevrilə bilmirəm?

Seymur Baycan

Yay aylarında metroda, avtobusda adamları müşahidə edərkən kiçik bir kəşf etdim özüm üçün. Hər on nəfərdən biri qollarını ülgüclə doğrayıb. Əlbəttə onlar övladlarından süpürgə pulu yığıldığı üçün damarlarını doğramayabılar. İşıqların, qazın, suyun kəssən, evini başına uçursan damarını doğramaz. Ya qız üstündə damarını doğrayar, ya da qəmli bir mahnıya qulaq asıb özü özünü qanına qəltan edər.

Qısası, vətəndaş mövqeyi göstərməkdən, öz hüquqlarını tələb etməkdən savayı nə hoqqadan desən çıxarlar. Üstəlik, Avropanın yaxşı cəhətlərini götürüb, pis cəhətlərindən imtina etmək kimi çox yüksək bir iddiaları var. Bu, o deməkdir ki, Avropanın texnikasından, maşınlarından istifadə edirsən, geyimini geyirsən, sabunuyla əllərini yuyursan, dişini təmizləyirsən, amma yenə də yaşasın Əfqanıstan, İran, Banqladeş, Fələstin, Sudan, Somali… Detallara varmağa ehtiyac yoxdur. Adlar hər şeyi deyir.
“Camaatın anası, bacısı var…” fəlsəfəsiylə yaşayan böyük çoxluğun ziyalısı olmaq bəyəm bir qələm adamı üçün faciə deyilmi? Azərbaycan xalqının ziyalısı Rüstəm Behrudi, Anar Rzayev, Elçin Əfəndiyev, Rəmiş, Alim Qasımov, Aşıq Ədalət, Sabir Rüstəmxanlı, Rəfael Hüseynov kimi adamlardır. Əgər sən Rüstəm Behrudi kimi türkçülükdən, dar ağacından danışıb, axırda “pol ağacına” çevrilməyi bacarmasan, əsla bu xalq sənə ziyalı deməyəcək. Əgər sən “Yaxşı padşahın nağılı” adlı bir axmaq hekayə yazıb, özün pis padşaha nökər olmasan, min rola girib, yüz cürə yaltaqlıq, min cürə təlxəklik, iki min dəfə intellektual mədhiyyə yazmasan, əsla bu xalq sənə ziyalı deməyəcək. Əgər sən Elçin Əfəndiyev kimi vəzifədən sui-istifadə edib öz əsərlərində Azərbaycan teatrlarının səhnəsini işğal etməsən Azərbaycan xalqı sənə əsla ziyalı deməyəcək. Əgər sən Alim Qasımov kimi özünü dəvrişliyə, divanəliyə vurub, amma öz haqq-hesabını dəqiqlilklə bilməsən və

Əzizim Azərbaycanda
Təmir gedir Azərbaycanda
Soruşdum bu nə həngamədir?
Dedilər, Rastropoviç gəlir!

misralarının üstündə muğam oxumasan Azərbaycan xalqı əsla sənə ziyalı deməyəcək. Əgər sən Sabir Rüstəmxanlı kimi türkçülükdən, Turandan, Borçalıdan, Təbrizdən, Dərbənddən danışıb, İran generallarına sərt məktub yazıb, amma sifəti çürüyən əsgəri görməsən, Azərbaycan xalqı sənə əsla ziyalı deməyəcək. Əgər sən bütün həyat və yaradıcılığını Fəxri Xiyabanda basdırılmağa hesablamasan, intellektual mədhiyyə janrında yazılar yazmasan, “Şöhrət” ordeni almasan, oğlun polisdə, gömrükdə işləməsə, qara “Cip”də gəzməsən bu xalq sənə əsla ziyalı deməyəcək. Mən bunların heç birini edə bilmədim. Gömrükdə işləyəcək oğlum yoxdu. Asvtobusa minirəm. Kirayədə yaşayıram. “Şöhrət” ordeni almamışam. Geyimim fərqlidir. Azərbaycanlılar kimi yaşamıram. Muğama, saza, meyxanaya nifrət edirəm. Toya getmirəm. Toy kasetinə baxıb özümə arvad axtarmıram. Namus, vicdan, şərəf anlayışını toy gecəsi ağ mələfənin üstünə düşən iki-üç damcı qanla qarışıq salmıram. Allaha inanmıram. Kitaba, elmə, məktəbə inanıram. Mənim üçün məktəb məsciddən daha müqəddəs yerdir. Xəstəyə saxta dərman yazıb, sonra həcc ziyarətinə gedib, hacı olmamışam. İl boyu, işçini təhqir edib, maaşını kəsib, sonra bir qoyun kəsib hər işçiyə bir kilo ət paylamaqla özümü cənnətə bilet almış müqəddəs kimi aparmamışam. Yetim-yesirin malını yeyib, sonra müqəddəs məkanlara ziyarətə gedib, dini titullar almamışam. Rəhbərlik tərəfindən gündə 5 dəfə təhqir olunub, sonra saytlara girib, axmaq-axmaq şərhlər yazmaqla özümü ovundurmuram.
Fikir vermisinizsə, Azərbaycan xalqı Zəlimxan Yaquba qarşı necə tolerant münasibət sərgiləyir. Əksər adamlar deyirlər ki, Zəlimxan Yaqub çox yaxşı şairdir, itedadlı adamdır, yaxşı danışır, amma heyif ki, bir az yaltaqdır…
Nə qədər ki, sən boğaza qədər bataqlığa batmamısan, heç kim sənin istedadını görməyəcək. Yalnız sən onlara bənzəyəndən sonra ziyalı adını qazana bilərsən. Onlar özlərinə oxşayanı sevirlər. Onlar üçün yeni nəfəs, yeni adam düşməndir. Buyur, oxşa onlara, ol sevimli. Nə qədər ki, sən onlara bənzəməyəcəksən, o vaxta qədər ziyalı kimi qəbul olunmayacaqsan.

“Xural” qəzeti,

il 9, sayı: 057 (466), 11 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button