“MƏN OXUDUM, SƏN DƏ OXU!” – FOTO/VİDEO


Son vaxtlar uşaq və gənclərin ənənəvi mütaliəyə meyli azalıb. Onların getdikcə kitab oxumaqdan uzaq düşməsi şübhəsiz ki, cəmiyyətə yaxşı heç nə vəd etmir. Bu gün uşaqların oxumaq mədəniyyətinin və oxumaq motivasiyasının yüksəldilməsi həmişəkindən daha çox önəm kəsb edir.

Prosesi sürətləndirmək məqsədilə Bakı şəhəri üzrə Təhsil İdarəsi, Respublika Elmi Pedaqoji Kitabxanası və 258 saylı məktəbin birgə əməkdaşlığı çərçivəsində ümumtəhsil məktəb şagirdlərinin mütaliəisinin formalaşdırılmasına dair bir sıra layihələr həyata keçirilib. Bu layihələrdən biri də “Mən oxudum, sən də oxu!” layihəsidir.

Layihə çərçivəsində Milli qəhrəman Arif Əliyev adına 258 saylı məktəbin kitabxanasında tədbir keçirilib. Tədbirdə məktəbin kitabxana müdiri Mehriban Quliyeva layihə ilə bağlı keçirdikləri bir sıra çalışmalar haqqında məlumat verib. Onun sözlərinə görə artıq bir neçə ildir ki, mütaliə həvəsini artırmaq məqsədilə bir sıra layihəyə imza atılıb: “Keçən il “sürətli oxu!” layihəsini bu il “şüurlu oxu!” layihəsilə əvəz etdik. Bununla biz uşaqlarda qiraət zamanı şüurlu oxunu təbliğ etməyi bacardıq.”

Daha sonra tədbir iştirakçıları məktəb şagirdlərinin iştirakı ilə hazırlanan bədii kompozisiyaları dinləyib, bir sıra süjetlərlə tanış olublar.

Uzun illər 258 saylı məktəbdə ibtidai sinif müəllimi işləyən Təranə Rüstəmova bildirib ki, müəllim işlədiyi dövrdə hər zaman uşaqlarda şüurlu oxunu formalaşdırmağa çalışıb: “Şüurlu oxu ibtidai sinifdən formalaşır. Əgər şagird hələ ibtidai sinif illərində şüurlu oxunu anlamırsa, yaş artdıqca onun mütaliəsi tamamilə çətinləşir. Çalışmaq lazımdır ki, uşaqlar hələ az yaşlarından mütaliəni şüurlu şəkildə dərk etsinlər. Çünki bu zaman onlarda oxuduqları mətnin məzmununu, ideyasını dərk etmək prosesi formalaşır.”

Respublika Elmi Pedaqoji Kitabxanasının Elmi Metodiki və Təhsil şöbəsinin əməkdaşı Səyyarə Məmmədovanın sözlərinə görə, Bakı şəhəri üzrə Təhsil idarəsi, Respublika Elmi Pedaqoji Kitabxanasının birgə fəaliyyət proqramına əsasən əməkdaşlıq çərçivəində bir sıra layihələr həyata keçirilib: “Bu layihələrlə kitabxanaçılar yaxından tanış olublar. Bakı şəhəri üzrə layihədə iştirak etmək üçün 40 məktəb seçilib və onların arasından ən fəal kitabxanaçılara üstünlük verilib. Mehriban xanım Quliyeva da həmin fəal kitabxanaçılarımızdandır. Onun seçdiyi layihə “Mən oxudum, sən də oxu!” devizi altında keçirildi. Məqsəd də oxunulan kitabların digər şagirdlər arasında paylaşılmasıdır. Qarşımızda duran əsas vəzifə odur ki, uşaq və yeniyetmələrdə mütaliəyə maraq oyansın və hesab edirəm ki, buna nail olunur. Bu çox gözəldir. Bizim çalışdığımız nədir? Hamı deyir oxuyun, amma nəyi və necə oxuyaq? Biz dəbin axasınca getməkdən daha çox, nə ilə başlayacağımızla bağlı düzgün seçim etməliyik”.

Respublika Elmi Pedaqoji Kitabxanasının əməkdaşı Gülər Əhmədova da məktəb kollektivinin uşaqlara mütaliəni az yaşlarından təbliğ olunması, vərdiş halına salınması fikrini dəstəklədi: “Çox təəssüf ki, son illər uşaqlar mütaliədən, qiraətdən kənarda qalıblar. Çalışmaq lazımdır ki, uşaqların tək  kiçik yaşlardan deyil, həm də yeniyetmə çağlarından kitaba maraqları artsın. Bir valideyn kimi vurğulamaq istərdim ki, yuxarı siniflərdə uşaqların əlavə hazırlıqlarla yüklənməsinə baxmayaraq, bədii ədəbiyyata da məhəbbətlə yanaşmaqlarına çalışmaq lazımdır.”

258 saylı məktəbin direktoru Sədaqət Hüseynova qeyd etdi ki, indiyə qədər bütün layihələri uğurla başa vurmağa nail olublar.

258 saylı məktəbin indiyədək bir çox nailiyyətlərə imza atdığını vurğulayan direktorun sözlərinə görə, Bakı şəhəri üzrə 220 məktəbdən yaxşı göstəricilərinə görə seçilən 30 məktəbin arasında 258 saylı məktəb xüsusi yer tutur. Qapalı testlərin uşaqların nitq qabiliyyətinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərdiyini deyən S.Hüseynova neçə illərin pedaqoqu olaraq bu problemin ciddi fəsadlar yaradacağından əminliyini bildirdi: “Üzümü valideynlərə tutaraq deyirəm ki, övladlarınızın mütaliəsinə diqqət ayırın. Çünki övladlarınız nə qədər çox mütaliə ilə məşğul olacaqlarsa, onların söz ehtiyatları bir o qədər zəngin olacaq, özlərini kifayət qədər geniş ifadə etməyi bacaracaqlar. İntellekti zəngin olan insan hər zaman üstündür və bunu yaddan çıxarmayın. Sizin intellektiniz nə qədər zəngin olarsa, tərəf müqabiliniz üçün çox maraqlı ensiklopedik insan ola bilərsiniz. Mütaliə yolu ilə o həddə qədər inkişaf etmək lazımdır ki, hər mövzuda heç olmasa 5-10 dəqiqəlik müzakirə aparmaq qabiliyyətinə malik olasınız”. Sədaqət Hüseynova 5 il əvvəl Təhsil naziri işləmiş Mikayıl Cabbarovun da şagirdlərin mütaliə məsələsinə böyük diqqət ayırdığını qeyd etdi: “Bütün təhsil işçiləri onun bu addımını alqışlarla qarşıladılar. İndi mütaliə ilə bağlı müxtəlif müsabiqələr, layihələr həyata keçirilir və bizim məktəb də bu prosesdə çox aktiv iştirak edir.”

Tədbirin sonunda “Azərbaycan” şeri və rəqsi müşayət olundu

və layihə çərçivəsində 3 məktəbliyə – 3-cü sinif şagirdi Yeganə Əlyevaya,

4-cü sinif şagirdi Kazımlı Nuraya

və yuxarı sinif şagirdi Ləman Əzizliyə

mükafat təqdim olundu.

258 saylı məktəb yeni layihələri həyata keçirməyə davam edəcək.

xural.com

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button