Mən tarana gedirəm!

Kərəm Məmmədov, 20 Yanvar 1990-cı ildə “ÜİLKGİ-nin 40 illiyi” adına teploxodun kapitanı

Ötən il “Xural”da dərc olunan və böyük Oxucu rəğbəti qazanan bu yazı bu günlərdə kitab şəklində işıq üzü görəcək. “Xural” Oxucularının israrlı təkidlərindən sonra yazını təkrar dərc etməyi uyğun bildik. 20 Yanvar qan yaddaşı olduğu üçün və o qan yaddaşında baş verənləri heç bir zaman unutmamaq və unutdurmamaq üçün…

Əvəz Zeynallının Kərəm Məmmədovun “Mən tarana gedirəm!” kitabına yazdığı giriş…

Dənizçilərin haqqı

Mən Kərəm Məmmədovu tanımırdım. Açığı, onu tanıyana qədər 1990-cı ilin yanvar hadisələrində dənizçilərin hansı qəhrəmanlıqlar və rəşadət göstərdikləri haqqında da özəl bilgilərim yoxdu. Alışılmış, ənənəvi məlumatların və videoroliklərin dediklərindən savayı onsuz da ciddi araşdırmaların şahidi olmuruq elə də. Düzü, Kərəm Məmmədov ötən il “Xural”ın redaksiyasına gələndə və əlindəki yazı qovluğunu mənə uzadanda elə də maraqlı deyildim. Nədən ki, iri və çoxsəhifəli elə yazılar gəlir ki birdən, adam nə yox deyə, nə də dərc edə bilir. Kərəm müəllimin də yazısını elə bilmişdim…

Ancaq ilkin tanışlıq, bu “abidə kimi insan”ın duruşu, üz-gözündən yağan asalət məni cəlb etdi və millətimin nə böyük və nə şərəfli bir millət olduğunu, nə böyük və nə şərəfli bir tarix yazdığını bir daha ondan öyrənmiş oldum. Kərəm Məmmədovun “Mən tarana gedirəm!” yazılar silsiləsini nəinki “Xural”da dərc etdim – həm də su kimi içdim, yemək kimi yedim… Təkcə mənmi? Yazının dərc olunduğu 5 həftə boyunca istər deputatlardan, istər ictimai-siyasi xadimlərdən, istər digər tanınmış insanlardan olsun – maraqlı və ilginc reaksiyalar aldım. Mən bu yazını oxuyub telefon dəstəyində hönkürən millət vəkili qarşılaşdım. Yox, heç nə və heç bir olay təsadüfi deyildi. Nə də Kərəm müəllim özünü yazıçılıqda sınayan və ya yaradıcılığı olan böyük bir yazıçı deyildi. Sadəcə Kərəm Məmmədov hər şeyi çılpaqcasına, olduğu kimi qələmə almışdı. O mənhus və millətimizin şirə, başındakıların dovşana döndüyü günlərdə olub-bitənləri təhrif etmədən, apaçıq millətinin diqqətinə çatdırmışdı. Ona görə yazının dərci bu qədər rezonans doğurmuş, ona görə telefonun dəstəyində ağlayan deputatlarla qarşılaşmışdıq.

Yazının dərc olunmasından və hadisələrin əsas şahidlərindən birinin saatlarla bəhs etdiyi söhbətlərindən sonra o qənaətə gəldim ki, 20 Yanvar hadisələrində oynadığı rola görə Kərəm Məmmədovun çalışdığı “Xəzərdənizdonanma” idarəsi ən yüksək mükafatlara layiqdir və tez-gec bu haqqı alacaqlarına əminəm. Təsəvvür edin, rus-erməni-sovet ordu birləşmələri Bakıya müdaxilə edib, dinc vətəndaşlar soyqırıma məruz qalıb, ölkə yas içində, “televiziyalar çoxdan ölgün”, mətbuat yox – beynəlxalq blokadaya alınmış durumdayıq… Birdən heç kimin gözləmədiyi halda Xəzər Dənizində çalışan millət oğullarının şahlanışı baş verir. Mən Kərəm müəllimin bu kitabını oxuyandan sonra bildim ki, Bakı dənizçilərinin sayəsində biz ilk gündən bütün dünyanın hər tərəfinə informasiyalar göndərmiş, hadisələrdən detallarına qədər dünyanı məlumatlandırmışıq.

Maraqlı və ilginc detallardan biri də Kərəm Məmmədovun bu əsərinin bəzi qəzetlər tərəfindən geri qaytarılması, ya da tam dərc olunmamasıdır. Gör bu millətin övladları nə günlərlə üz-üzə qalıb. Ki, artıq tariximizin böyük və ciddi bir hissəsini belə dərc etməkdən aciz və qorxar hala gəlmişik…

“Mən tarana gedirəm!” Azərbaycan dənizçilərinin millətin ağır günlərində göstərdiyi kişilik və mərdlik səlnaməsidir. Bəli, məhz Azərbaycan əslində budur! Əsla və əsla bizə təqdim olunan millətlə, bizə sırıdılan “geridəqalmış” və “patavalı” vətəndaşlara malik olan bir dövlət fikri ilə heç bir zaman məhz buna görə razılaşmadım. Azərbaycan budur və bu Azərbaycan əslində heç bir zaman məğlub olmamalıdır. Dənizçilərin rəşadəti, onların generallar və məxsusən admiral Sidorovla söhbətləri, SSRİ-nin qaniçən müdafiə naziri Yazovla mükalimələri nə qədər böyük və ehtişamlı bir mübarizə hərəkatına malik olduğumuzu göstərir. Bizim dənizçilər tabe olduqları SSRİ-nin mərkəzi orqanlarından müstəqil şəkildə millətin səfinə keçiblər, informasiya blokadasını yarıblar, Bakıda baş verənlər haqqında müfəssəl məlumatları bütün dünyaya ötürüblər, Bakıdan həlak olan və öldürülən insanların cəsədlərinin çıxarılmaması üçün Bakı buxtasını mühasirəyə alıblar. Nələr… nələr etməyiblər? Sonra da ölməkdə olan sovet rejiminin amansız repressiyalarına məruz qalıb, gülləbaran edilib, həbs olunub, öldürülüblər…

Digər orqanlar da, digər qurumlar da kaş ki beləcə davranaydılar… Kaş ki ölkənin ali rəhbərliyi də bu cür dirayətli və planlı hərəkət edəydilər… Polisindən ədliyyəsinə, ağ işçisindən qara işçisinə…

İnanıram ki, gün gələcək 1990-cı ilin yanvar hadisələrində baş verən bu hadisələrin hamısı öz layiqli qiymətini alacaq. Ona da inanıram ki, gün gələcək Azərbaycan dənizçilərinin bu qəhrəmanlıq dastanı dünyanın aparıcı media-film qurumlarının əsas mövzularından biri olacaq. Ona da inanıram ki, Kərəm Məmmədovun bu araşdırma-memuarı son olmayacaq və bu sahədə ciddi addımlar dövlət tərəfindən də atılacaq. Elə Kərəm Məmmədovun güllələnən gəminin muzeyə çevrilməsi təklifləri kimi…

Bir də… Yazının ilkin dərcində yazılan yazıların kitab formasında toplanması, onun ingilis, fransız, alman və rus dillərinə çevrilib bütün dünyaya yayılması haqqında dəyərli təkliflər olmuşdu. İnanıram ki, təklif sahibləri bu dəyərli kitabı dedikləri kimi, ən azı 4-5 dilə çevirib dünyaya yayacaqlar…

Əvəz Zeynallı
“Xural” qəzetinin baş redaktoru

Tariximizin səhifələrinə qanlı hərf lərlə yazılmış 1990-cı il 20 Yanvar faciəsindən artıq 21 il keçməsinə baxmayaraq, bütün hadisələr sanki dünən baş veribmiş kimi gözümüzün qabağından keçir. Yanvarın 19-dan 20-nə keçən gecəyə “şəhid gecə” də demək olar, “şahid gecə” də. Çünki 20 Yanvar Vətənimizin azadlığı uğrunda şəhidliyimizə şahid olan gecə idi. Yüksək kürsülərdən, qəzetlərin səhifələrindən, radio və televiziyadan mücərrəd “Gəlin, birləşək!” kəlməsi nə qədər ucuz səslənsə də, “Qara Yanvar” gecəsindən sonra xalq bir yumruq kimi birləşdi. Bakıda axıdılan günahsız qanlara özü qan içində boğulan Qarabağ, Mil, Muğan, Şirvan, Cənubi Azərbaycan, Türkiyə – bütün dünya türkləri və müsəlmanları öz dərdi kimi acıdı. Həmin gecə Azərbaycan radiosu və televiziyası terrorun qurbanı olub partladılan vaxt, Şuşa televiziyası bütün Azərbaycana bu dərdin dərinliyini anlatmağa, xalqı səbirli, təmkinli, eyni zamanda mübariz olmağa çağırırdı. Şuşa televiziyası susdurulanda estafeti Lənkəran televiziyası davam etdirdi.

20 Yanvar – qanlı gecənin səhəri hüzn və matəm içərisində olan xalqın ürəyində ümid işığı yandıran, gecə ikən Bakı buxtasını mühasirəyə almış hərbi gəmilərin hərəkətinə yol verməyən, sovet ordusunun törətdiyi amansız qırğını və vəhşiliyi bütün dünyaya çatdıran Xəzər dənizçiləri oldular. “Xəzərdənizneftdonanma” idarəsinin hərəkətdə olan iri 102 gəmisi, çoxlu xırda gəmi artıq yanvarın 20-də günün ikinci yarısında Bakı buxtasında idi. Onların aramsız həyəcan siqnalları şəhidlərimizi son mənzilə yola salana qədər və ondan sonra da davam etdi. Sahildən dənizçilərə zənglər olunurdu: “Bizim qeyrətli qardaşlarımız, ümidimiz sizədir.”

Dənizçilərin verdikləri “SOS” Bakı həqiqətini bütün dünyaya çatdırdı. Dənizçilərin dilində “ölü dəqiqələr” deyilən bir termin var: hər saatdan bir üç dəqiqə bütün dünyanın dənizçiləri yeni məlumatlar alırlar. Yanvarın 20-si səhər saat 11.30 radələrindən 21-nə keçən gecəyədək 4 dəfə təkrar olunan “SOS”un ilk mətninin əks-sədasını dənizçilər bir saat keçəndən sonra Kalininqraddan, Qara dənizdən, Baltik dənizindən verilən radioqramlardan alırdılar: “Qardaşlar, möhkəm dayanın, naviqasiya olmadığı üçün Xəzərə üzə bilmirik.” Səhərə yaxın isə Sakit və Atlantik okeanlarında üzən dünyanın 50-dən artıq ölkəsinin gəmiləri dənizçilərimizin səsinə səs verdilər. Bütün radioqramlarda bizimlə həmrəy olduqlarını, dərdimizə şərik çıxdıqlarını, bu faciənin bütün dünyaya çatdırılmasında kömək edəcəklərini bildirirdilər. Tarixdə ilk dəfə idi ki, dünya dənizçiləri öz həmrəyliyini belə mütəşəkkil nümayiş etdirirdi. Sosial şərait və qayğıları eyni olmayan dənizçilər ağır gündə birləşməyin mümkünlüyünü bir daha sübut etdilər.

Bakı buxtasına sədd çəkən gəmilərimiz dor ağaclarından Sovet bayrağını endirərək, onun yerinə matəm bayrağı qaldırdılar. Şəhidlərimizin qırxını verənə qədər bu bayraqlar aşağı endirilmədi.

Dənizçilərin həyəcanlı söhbətlərini dinlədikcə, o günləri bir daha yaşayırsan, lakin hələ də “20 Yanvar” faciəsinin günahkarları məsuliyyətə cəlb olunmamışlar. Dünya hələ də o gecə Azərbaycan xalqının taleyinə yazılmış faciənin həqiqi dəhşətlərindən xəbərsizdir. Hələ də çoxlarının xəbəri yoxdur ki, o qanlı gecədə “Xəzərdənizneftdonanma” idarəsinin mətin dənizçiləri olmasaydı, Bakıda Qorbaçovun, Yazovun və daşnakların məkrli ssenarisi daha neçə gün davam edəcəkdi. Ona görə də bu gün o qanlı günlərdə dənizçilərimizin fədakarlığını, ölümün gözünə dik baxaraq göstərdiyi qəhrəmanlığı unutmaq onların xidmət və xatirələrinə hörmətsizlik, gələcək nəsillər qarşısında cinayətdir.

1988-1990-cı illər milli-azadlıq hərəkatının fəal iştirakçısı olmuş dənizçiləri “Xəzərdənizneftdonanma” idarəsinin rəhbərliyi hər vasitə ilə dənizdə saxlamağa çalışırdı. Yanvarın 13-15-dəki hadisələrdən sonra dənizçilər tələm-tələsik xarici radiostansiyaların vasitəsilə xəbər tuturdular. Xüsusilə, “Azadlıq” radiostansiyasının apracısı Mirzə Xəzərin məlumatları çox köməyə gəlirdi…

***
Mən “ÜİLKGİ-nin 40 illiyi” adına teploxodun kapitanı idim. Yanvarın 19-da, saat 16.00-da Nargin adasından Mərkəzi Komitənin qarşısındakı izdiham çox aydın görünürdü. Hava tutqun və soyuq idi. Bütün heyət göyərtədən şəhərə tamaşa edirdi. Bakı heç vaxt dənizdən belə sakit və kimsəsiz görünməmişdi. Dispetçerdən körpüyə yan almaq üçün icazə istədim. O, mənə reyddə lövbərə dayanmaq əmrini verdi.
Lövbərdə dayanıb şəhəri və Mərkəzi Komitənin qarşısındakı izdihamı durbin vasitəsilə müşahidə edirik. Saat 22.00-da isə Bakının giriş yerlərində Novruz bayramının xatırladan tonqallar yanırdı, dənizdən gələn gəmilər ətrafda lövbər atırdı.

Gecədən xeyli keçir. Şəhərdə görünməmiş dəhşətlər başlayır. Şimal-şərq və qərb tərəfdən şəhərə böyük sürətlə ordu yeridilir. Saysız-hesabsız tank və digər hərbi maşınlar şəhərin mərkəzinə irəliləyir.

Artıq yanvarın 20-nə keçən gecə tankların Mərkəzi Komitəni mühasirəyə aldığı aydın görünürdü. Rus-sovet ordusu şəhərin üstünə işıqsaçan güllələri yağış kimi yağdırırdı. Adama elə gəlirdi ki, Bakıya hücum edən alın tərimiz və sərvətimiz hesabına saxlanılan sovet ordusu deyil, qaniçən, vəhşi, amansız faşist ordusudur.

Biz dəhşətə gəlmişdik, əli silahsız dənizçilər də elə həmin gecə həyəcan siqnalları verməklə öz mübarizələrinə başladılar. Ordunun vəhşiliyi qaranlıqda dənizdən çox aydın görünürdü. Sahildən heç bir məlumat ala bilmirdik. Bu bizi daha da çaşdırırdı. Səhərə yaxın Bakı limanında gəmilərin sayı çoxalmağa başladı.

Yanvarın 20-də, saat 10.00-da gəmilər artıq özlərinə daha yaxşı mövqe seçərək dəniz vağzalı ətrafına toplaşmağa başladı. Buradan həm Mərkəzi Komitənin qarşısındakı izdiham aydın görünür, həm də hərbi dənizçilərin qarşısını almaq üçün yaxşı mövqe idi.

Axır ki, dispetçerlikdən şəhərdə qırğınlar olduğunu və bu qırğınların davam etdiyini bildirdilər. Bu dəhşətli xəbər bütün dənizçiləri sarsıtdı. Onların hiddətini cilovlamaq olmurdu. Əli yalın dənizçilərimiz gəmiləri tərk edib, vəhşilərlə əlbəyaxa vuruşmaq istəyirdilər. “Xəzərdənizneftdonanma” gəmiləri radio vasitəsilə bir-biri ilə əlaqə saxlayır, vəziyyətlə tanış olurdular.

Çox keçmədi ki, Bakı buxtasına yüzlərlə irili-xırdalı gəmi daxil oldu. Ağsaqqal kapitanlar dənizçiləri təmkinli olmağa çağırır, təkliflər verirdilər. Qısa vaxtda birgə hərəkət etmək üçün qərargah yaradıldı. Gəmilərin düzgün mövqe tutması ilə təcrübəli kapitanlardan bir neçəsi məşğul idi.

“Neft Daşları”ndakı neftçilər sahilə çıxmaq üçün dənizçilərdən gəmi tələb edirdilər. Neftçilər və dənizçilər artıq heç bir rəhbərliyə tabe olmurdular. Son bir neçə ildə kimin kim olduğunu başa düşmüşdülər. Donanmanın rəisi və rəhbər işçiləri yanvarın 20-də işə çıxmamışdılar. Donanmanı bir neçə qabaqcıl kapitan idarə edirdi. “Sabit Orucov” sərnişin gəmisi qərargah seçilmişdi. Bu gəmi Bakı limanının sərnişin vağzalında dayanmışdı. Sahildə bütün xəbərləri dənizçilər oradan alırdılar. Gəmilər radiotelefonla idarə edilirdi. Bizim bütün danışıqlarımıza hərbçilər də qulaq asır, maqnitofona köçürürdülər. Hərbi dənizçilər arasında yüksək vəzifəli ermənilər də var idi. Onlar hər dəqiqə bizi hərbi dənizçilərlə üzbəüz qoymağa çalışırdılar. Hərdənbir bizimlə telefon əlaqəsinə girir, çaşdırıcı suallar verirdilər.

Tanklar və silahlı əsgərlərdən başqa şəhərdə heç kəs görünmürdü. Ara-sıra tanklardan atəş açılırdı. Sahildən “qırğınlar davam edir” xəbərini alırdıq.

Cəsarətli kapitanlar əməli iş görmək üçün bir sıra təkliflər irəli sürürdülər. Odur ki, yanvarın 20-də saat 20.00-da gəmilərin birində iclas keçirmək qərarına gəldik. İclasda bəzi təkliflər verildi.

“Neftqaz-18” gəmisinin kapitanı Gülağa Məcidov təklif etdi ki, dənizçilərin təcili tələbləri hazırlansın. “B.Babazadə” sərnişin gəmisinin kapitanı Müzəffər Əliyev Bakıdakı qırğınları bütün dünyaya çatdırmaq üçün yollar axtarmağı, gəmilərin birindən “SOS” verməyi təklif etdi. Müdaxilə ərəfəsində Bakı teleradiostudiyasının enerji bloku partladılmış, ölkə informasiya mənbəyindən məhrum edilmişdi. “VİXR-12” gəmisinin kapitanı mərhum İbrahim Salayev təklif etdi ki, həyəcan siqnallarını kor-koranə vermək olmaz: “Təklif edirəm ki, siqnalar gündüzlər hər yarım saatdan bir 5 dəqiqə, gecələr hər saatdan bir 5 dəqiqə eyni vaxtda verilsin.”

20 Yanvar – qan yaddaşımız

Kapitanlardan Murad Əliyev, Mövlud Əliyev, bu sətirlərin müəllifi, Müzəffər Əliyev, Gülağa Məcidov, Kişi Mütəllimov, Firudin Hüseynov, Səhman Rüstəmov, mərhum İbrahim Salayev, Rafiq Əfəndiyev, Ağalar İbrahimov, Elxan Hüseynov, Fizuli Bünyatov və başqaları tələbnamənin və “SOS”-un mətnini hazırlamaq üçün işə başladılar.

Artıq bir sutka idi ki, şəhərdə qırğın davam edirdi. Hərbçilərlə bizim aramızda münasibət gərginləşirdi. Hərbi donanmada qulluq edən qeyrətli azərbaycanlılar bizə tez-tez məlumat verirdilər.

Bir sutka idi ki, biz Sov İKP MK üzvü, SSRİ Müdafiə nazirinin müavini admiral V.V.Sidorovdan dalbadal xəbərdarlıq alırdıq. Təcili olaraq Bakı buxtasını tərk etməyimizi tələb edirdilər. Admirallar telefon əlaqəsinə girərək bizi gah dilə tutur, gah da hədə-qorxu gəlirdilər.

Yanvarın 20-i saat 22.00-da iclasın ikinci hissəsi başlandı. “SOS”-un məzmunu oxundu. Dənizçilərin tələbləri radiotelefon vasitəsi ilə buxtadakı bütün gəmilərin heyətlərinə çatdırıldı.

Dənizçilərimizin 5 maddədən ibarət tələbnaməsi Sov İKP Baş katibi M.S.Qorbaçovun, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri E.Qafarovanın və SSRİ Ali Sovetinin deputatı Q.A.Abbasovun (Neftçi Qurban) ünvanına göndərildi.

Hərbçilərin rabitə kodundan istifadə edərək “Vosxod”la təcili əlaqəyə girib dənizçilərin tələblərinin Bakının hərbi komendantı general V.S.Dubinyaka verilməsini tələb etdik. “Vosxod” da hərbi qərargahla əlaqə yaradaraq tələbimizi ora çatdırdı. Qərargahdan bizə cavab verdilər ki, dənizçilər öz tələblərini komendant V.S.Dubinyaka yox, admiral V.V.Sidorova verə bilərlər. Özü də sabah.

Dənizçilərin tələbnaməsinin mətni belə idi:

Председателю Президиума Верховного Совета СССР тов.Горбачеву М.С.
копия: Председателю Президиума Верховного Совет Азерб.ССР Э.Кафаровой
копия: Народному депутату Верховного Совета СССР Абасову К.А.
копия: Военному коменданту города Баку
копия: Народному фронту Азербайджана

В ночь на 20 января 1990 года командование Вооруженных Сил СССР, по решению Верховеного Совета СССР, без согласия Президиума Верховного Совета Азербайджанской ССР и Азербайджанского правительства с применением оружия, тяжелой техники и особо подготовленным контингентом Вооруженных Сил вошло в г. Баку суверенного Азербайджана, тем самым попраны права человека, суверенитет республики. Пролита кровь тысячи мирного населения, стариков, женщин, детей, молодежи.

Учитывая вышеизложенное, в целях немедленного прекращения дальнейшего кровопролития населения нашего города, вес состав гражданского флота Капийского бассейна требует:

1. До 24.00 21 января войска должны быть выведены из территории города Бакы.
2. Сегодня – 21 января сего года, в 20.00 /Московск.времени/ в знак пртеста в подтверждение своих действий в Бакинской бухте будет сожжено одно судно.
3. В случае применения силы с берега или с моря все суда будут сожжены на рейде, танкеры у причалов и береговые нефтяные объекты.
4. Если начнется движение кораблей ККФ, они будут остановлены мирными гражданскими судами со всеми его последствиями.
5. Ответственность за содеянное будет ложиться на Президиум Верховного Совета СССР.

Добовления к требованиям от 21 января 1990 г:

1. Учитывая созыв Черезвычайной сессии Верховного Совета Азерб. ССР, приостановить выполнение пункта 2-3.
2. Члены экипажей судов могут пойти на совместный диалог с представителями Президиума Верховного Совета Азерб. ССР, Народного фронта Азербайджана, военного коменданта, корреспондентами всех республик, в том числе зарубежных, а также с участием представителей всех религий.
3. Неудовлетворительные решения по нашим тербованиям оставляют в силе наши требования от 21 января 1990 г.

Подпись: суда, стоящие на рейде с интернациональным экипажем в количестве 81 единицы.

SOS-un mətni də hazırdır. Vermək olar. Ancaq mətni vermək məsələsində bir sıra çətinliklərə rast gəldik. Ona görə ki, donanmanın bütün gəmi radistləri rus millətindən idilər. Onlar SOS-un məzmununu oxuyan kimi verməkdən imtina edirdilər. Çox çətinliklə bir nəfər SOS-un mətnini efirə verməyə razı oldu. Bir şərtlə ki, onun kimliyini, hansı gəmidən verildiyini heç kəs bilməsin. Hər saatdan bir üç dəfə “SOS” verildi:

Всем, всем, всем!

В ночь с 19 на 20 января 1990 года совершено вторжение на территорию Азербайджана советских войск. На улицах, площадях Баку убиты, ранены тысячи мирных безоружных жителей раздавлены танками. Растоптаны права человека. Всем цивилизованным государствам, дорожащим свободой! Просим откликнуться на призыв о помощи. Истекающий кровью народ Азербайджана вызывает о помощи.

Всем, всем, всем!

Около 23.00 Московского времени на рейде Бакинской бухты военным кораблем (бортовой номер 469) обстрелено мирное судно, стоящее на якоре, “Челекен-1”. Кровопролитие продолжается.

Всем, всем, всем!

Миролюбивой общественности планеты Земля! 22 января 1990 года военный комендант г.Баку применение оружия военных кораблей против гражданских судов; вывозят тела убитых Азербайджанских граждан, чтобы скрыть свои злодеяния от народа Азербайджана. Перед мировой общественностью обстреляны карабельной артиллерией теплоходы “Актау”, “Нефтегаз-10”, “Нефтегаз-16”, “40 лет ВЛКСМ”, “Нефтегаз-3”, гражданские суда Каспийского флота в Бакинской бухте.

Всем, всем, всем!

Мировой общественности планеты Земля!

Находящиеся в Бакинской бухте, продолжают требовать свои прежние условия. Оккупация Баку, бесчинства, убийства мирного населения Соетской Армией продолжаются.

В ночь с 19 на 20 января 1990 года Баку подвергнут оккупации Советских Войск; попраны права суверенного Азербайжана. Убиты, ранены тысячи мирных людей. Демократию Азербайджана оккупационные войска залили кровью. Советские войска войну продолжают на территории Карабаха совместно с Арменией.

Всем, всем, всем!

Миролоюбивая общественность планеты Земля! Мирное население Баку, всего Азербайджана затоплены своей кровью. Свободолюбивые граждане уничтожены “доблестной” армией по указанию Кремля. Просим помощи у населения планеты Земля.

…Güclü radiostansiyanın təhlükəsizlik kanalı ilə birinci radioqram bütün dünya efirinə verildi.

Yanvarın 20-i saat 24-də radioqrammanı bütün dünya aldı. Sovet Ordusunun Bakıda törətdiyi qanlı cinayəti artıq ört-basdır etməyə heç bir imkan qalmamışdı. Bütün müsəlman dünyasına qan udduran Yazovun Bakıdakı qanlı cinayətinin üstünü örtmək daha mümkün deyildi. Ola bilsin ki, Yazov öz planında dənizçilərin əlində olan bu güclü silahı nəzərə almamışdı. Ola bilsin ki, onun qanlı cinayəti bir həftə davam edəcəkdi.

Rus hərbçiləri ilə aramız getdikcə gərginləşirdi. “Vosxod” yenidən bizim qərargahla – “S.Orucov”la əlaqəyə girdi. İcazə istədilər ki, dənizdən gələn hərbi gəmini hərbi bazaya, yəni Bayıl hərbi limanına buraxaq. Onun gövdə nömrəsi 469 idi. İcazə verdik.

Yanvarın 21-i, gecə saat 2-də həmin gəmi gözlənilmədən bizim “Çələkən-1” gəmisinə iriçaplı pulemyot və avtomatlardan atəş açdı. Təsadüf nəticəsində yaralanan və ölən olmadı. Gəminin aşpazı, milliyyətcə rus olan Nadejda Qonçarova efirə çıxaraq rus ordusunu “faşist ordusu” adlandırdı. Onun səsini bütün hərbçilər çox aydın eşidirdilər. O, rus dilində hərbçiləri yamanlayır, öz iş yerində təsadüfən sağ qaldığını bildirirdi. Bu hadisədən sonra bizimlə hərbçilər arasında münasibət daha da kəskinləşdi. Sahildən isə heç bir xəbər yox idi. Hərbçilərlə dənizçilərimiz arasında gərginlik son həddə çatmışdı. Efirdə artıq bir-birimizi qiyabi tanıyırdıq. Fəal kapitanların adlarını hərbçilər öyrənə bilmişdilər. Odur ki, şərti adları götürməyə məcbur olduq. Mənim şərti adım “Səfər bəy” idi.

Ayın 21-də bizə dəniz qərargahından 73-cü kanalla Azərbaycan dilində xəbər verdilər ki, gecələr şəhərdən Bayıl hərbi dəniz körpüsünə çoxlu şəhid meyiti gətirir, dənizə tökmək üçün hərbi gəmilərə yükləyirlər. Vətən uğrunda, azadlıq uğrunda şəhid olmuş igid oğulların cəsədini yandırıb izi itirməyə çalışırlar. Şəhərdən kənara çıxarır, dənizə tökürlər…

Misilsiz faciə törədən “xilaskar ordu”dan hər şey gözləmək olardı. Deməli, bu vəhşilər öz qanlı cinayətlərinin üstünü örtmək istəyirlər.
Bu xəbərlərdən hiddətlənən silahsız dənizçilər son çarəyə – gəmi döyüşünə (tarana) hazırlaşırdılar. Bir neçə gəmi lövbəri qaldıraraq döyüşə hazır dayandı.

“Vosxod”la əlaqəyə girərək xəbərdarlıq etdik ki, əgər hərbçilər bu işə əl atsalar, biz hərbi gəmiləri öz gəmilərimizlə vurub Bakı buxtasında batıracağıq. Hərbçilər bizi əmin etməyə çalışırdılar ki, heç bir hərbi gəmi nə limandan çıxacaq, nə də limana daxil olacaq. Ancaq bir neçə dəqiqədən sonra “Vosxod” yenidən bizimlə əlaqəyə girərək bildirdi ki, hərbi gəmilərin bir neçəsi buxtadan çıxmalıdır. Özü də bu gəmidə meyitlər yox, hərbçilərin ailələridir. Onlar Mahaçqala şəhərinə gedirlər.

Biz belə başa düşdük ki: hərbçilər öz ailələrini Bakıdan ona görə çıxarırlar ki, yeni vəhşiliklərə əl atsınlar. Görünür, qırğın davam edəcək. Odur ki, biz həmin gəmilərin yoxlamadan sonra getməsinə razılıq verəcəyimizi bildirdik. Danışığa əsasən, bizim gəmimiz həmin gəmiləri yoxlayıb onlarla birlikdə Bakı buxtasından çıxmalı idi. Bizim tərəfimizdən bu işi “Babazadə” sərnişin gəmisinin heyəti və onun kapitanı Müzəffər Əliyev öhdələrinə götürdülər. Donanmanın hörmətli kapitanı Müzəffər Əliyev çox ağır bir işə əl qoyurdu.

Gecə hər iki tərəfin razılığı ilə “Babazadə” gəmisi hərbi limana daxil oldu. Bu anlar, bu dəqiqələr çox qorxulu idi. Canilərdən hər nə desən gözləmək olardı. M.Əliyev oradan xəbər verdi ki, hərbçilər təpədən-dırnağa kimi silahlanmış və döyüşə hazır vəziyyətdədirlər. Gəmini yoxlamağa da icazə vermirlər, bizi girov götürmək istəyirlər.

Təcili “Babazadə” gəmisindən sağ-salamat qayıtmasını tələb etdik. Gəmi qayıtdıqdan sonra: “Biz heç bir hərbi gəminin buxtadan çıxmasına icəzə verməyəcəyik” deyə xəbərdarlıq etdik.

Belə olan halda hərbçilər yeni hiyləyə əl atdılar. Dedilər ki, guya iki hərbi gəmi gecə növbəsinə gedir. Onları buraxmaq lazımdır. Dənizçilərin möhkəm dayandıqlarını və rədd cavabını alan admiral V.V.Sidorov yeni bir cinayətə əl atdı. Dənizdən gələn bizim “Aktau” yedək gəmisini gülləbaran etdirdi. Xoşbəxtlikdən ölüm bu dəfə də yan keçdi. Ancaq gəmi sualtı hissəsindən deşildi. Dənizçilərin və kapitanın baş köməkçisi Maarif Xəlilovun fədakarlığı nəticəsində gəmi batmadı.

Artıq bir gün ərzində öz məkrli niyyətlərini həyata keçirə bilməyən general D.Yazov və admiral V.V.Sidorov M.Qorbaçovun və bütün dünyanın qarşısında biabır olmamaq, dənizçilərin mühasirəsini yarmaq üçün hər vasitəyə əl atmağa çalışırdılar. Öz mövqelərində möhkəm dayanan, ölümün gözünə dik baxan dənizçilərimizin arasına qarmaqarışıqlıq salmaq üçün hərbçilər Bakı limanına bir hərbi gəmi buraxdılar. O dəqiqə döyüşə hazır olan “Neftqaz-10”, “Neftqaz-18”, “Neftqaz-64” və “ÜİLKGİ-nin 40 illiyi” güclü avtomat, raket atəşinə məruz qaldılar. Kapitan G.Məcidovun, R.Dəmirovun və digər kapitanların, bütün şəxsi heyətin cəsarəti və mətinliyi sayəsində hərbi gəmi öz yerinə oturduldu, hərbi gəmi taran nəticəsində batmaq təhlükəsi qarşısında qalaraq atəşi saxladı və tülkü kimi sivişib aradan çıxdı.

Döyüşdə dənizçilərimiz get-gedə mətinləşirdilər. Gecə döyüşündə məğlub olan admiral V.Sidorov taktikanı dəyişərək dənizçilərimizlə görüş təyin etmək məcburiyyətində qaldı.

Yanvarın 21-də saat 12.00-da xəbər tutduq ki, idarənin rəisi C.Məmmədov dəniz vağzalında “Sabit Orucov” gəmisindədir və mənimlə telefon əlaqəsinə girmək istəyir. Saat 12.30-da mən telefonla əlaqə saxladım. “Sabit Orucov” gəmisinin kapitanı M.Əliyev mənə xəbər verdi ki, rəisi təcili yardım maşını ilə xəstəxanaya göndərdik…

…1988-ci ilin təlatümlü noyabr günlərində idarənin rəisi və partkomu bilmirdilər nə etsinlər. Xalqın tərəfinə keçsələr, öz kreslolarını itirəcəkdilər. Dövlət mövqeyini də qorumaq mümkün deyildi. Çünki artıq xalq hərəkətə gəlmişdi, küçə-meydanlar dalğalanırdı. Ümumiyyətlə, idarə rəhbərliyi ikili mövqe tutmuşdu – nə “yardan doyur”, nə “əldən qoya” bilirdilər. 1988-ci il noyabr ayının əvvələrində dənizçilər bir neçə dəfə donanmanın ümumi yığıncağını çağırdılar. Bu yığıncaqlarda təklif olunurdu ki, donanmada işləyən qabaqcıl erməni nümayəndələri Yerevana getsinlər, orada yerli radio və televiziya ilə çıxış edib Bakıda onlara heç kimin toxunmadığını bildirsinlər.

Ermənistanda isə azərbaycanlıları ata-baba yurdlarından elliklə qovdular. Belə olan halda həm donanmada işləyən ermənilər və həm də idarə rəhbərliyi, xüsusilə idarənin “partkomu” N.Böyükzadə dənizçilərin bu təkliflərinin əleyhinə çıxdılar. Dedilər ki, əgər donanmadan Yerevan nümayəndə heyəti gedərsə, onları Ermənistandan geri buraxmazlar. Hətta Yerevanda satqın kimi öldürərlər. Belə olan halda, noyabrın 10-da liman-bazada dənizçilərin mitinqi keçirildi, orada mən də çıxış etdim və 300 nəfər dənizçinin imzaladığı etiraz aktını idarənin rəhbərliyinə təqdim etdim. Sonradan həmin sənədin taleyi məlum olmadı. Məndən sonra Faiq Balabəyli çıxış etdi. Sonra rəis də çıxış edərək dənizçilərlə bir olduğunu söylədi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button