Məni Əflatun Amaşovun rəyinə görə tutdular!

Üç il sonra  – indi isə mətbuat Şurasının bütün üzvləri Elşad Abdullayevin rüşvətxor, saxtakar, plagiat olduğunu sübut etməyə girişiblər və bu uğurda yarışmağa başlayıblar.

Üç il öncə – 2008-ci ildə Mətbuat Şurası onlara müraciət etdiyinə görə, ABU rektoruna «təşəkkürnamə» yazırdı MŞ İdarə Heyətinin üzvü və sədri. «Azərbaycan» qəzetinin çox hörmətli baş redaktoru Bəxtiyar Sadıqov isə Elşad Abdullayevin məqalələrinə səhifə-səhifə yer ayırırdı.

Üç il sonra – indi isə həmin hörmətli Bəxtiyar Sadıqovun baş redaktoru olduğu «Azərbaycan» qəzeti Elşad Abdullayevi sərt şəkildə tənqid edir.

«Təzadlar» qəzetininin baş redaktoru Asif Mərzili bu oyunlar haqda hansı dəqiq sübutlara malik deyil?! Mətbuat Şurası üzvlərinin rüşvətxorluğundan tutmuş reketliyinə qədər nələri açıb danışmadı?!

Müsahibədə bunlarla tanış olacaqsınız.

Beləliklə, müsahibimiz Asif Mərzilidir.

 Əvvəli ötən sayımızda

 

Əflatun Amaşovun «təhlükəli və qəliz» dostu

 

– Yəni Siz bununla da rəsmən Mətbuat Şurasında barışdınız, eləmi?

– Bəli, barışdıq.  O toplantıya Elşad Abdullayevin 20 nəfər adamı gəlmişdi, üstəlik MŞ İH-nin bütün üzvləri də orada idilər. Barışdıq. Ondan da əvvəl Əflatun Amaşov dəfələrlə eşitdirdi ki, «ABU-dan yazma, Elşadla işin olmasın, o, bir az qəliz, bir az da təhlükəli adamdır, həm də dostumuzdur».

– Yəni Elşad Abdullayevin qəliz və təhlükəli, həm də dostu olduğunu Əflatun Amaşov sizə deyib?

– Bəli. Dəfələrlə Amaşov mənə xəbərdarlıq edib ki, «sonra sənə qarşı da pislik edər, onunla işin olmasın».

Bu hadisənin üstündən bir neçə gün keçəndən sonra Yasamal Rayon Məhkəməsindən hakim Abbas Rzayevin imzası ilə bildiriş gəldi. Elşad Abdullayev məhkəməyə xüsusi ittiham qaydasında şikayət etmişdi. Hazırlıq iclasına getdim və qarşı tərəflə barışmağımız haqqında məlumat verdim. Dedilər ki, belə bir şey yoxdur, hətta Mətbuat Şurası məhkəməyə mənim haqqımda rəy də təqdim edib. İnanmadım. Bizi barışdıran adam necə ola bilər ki, bir həftə sonra haqqımda mənfi rəy versin? Mətbuat Şurasının məhkəməyə təqdim etdiyi rəylə elə oradaca  tanış oldum və surətini çıxardım. Qaydalara əsasən, Mətbuat Şurası həmin rəyi mənə də təqdim etməliydi, ancaq bu günə kimi verməyib.

Rəydə yazılmışdı ki, guya mən filan kodeksin filan maddələrini, balansı pozmuşam və s. Mənim həbs olunmağımın 99 faizi də həmin rəyə əsaslanaraq həyata keçirildi…

– Belə çıxır ki, bunlar sizi aldadıb, rahat salıblar, sonra arxanızca məhkəməyə mənfi rəy göndəriblər?

– Mən bu hərəkəti xəyanət kimi qiymətləndirdim. Belə olmazdı. Günahım nə idisə, həmin toplantıda üzümə də deyə bilərdilər.

– Məhkəmə zamanı nə oldu?

 

Hakim yaxasını bu zibildən qurtardı

 

– Məhkəmə düz bir il çəkdi. ABU-nun 40-50 müəllimi məhkəmə zalına toplaşıb hakimə psixoloji təsir etməyə çalışır, təhqiramiz sözlər işlədirdilər. Axırda hakim Abbas Rzayev dözmədi, dedi ki, «Asif müəllim, görürəm ki, bu çox qəliz məsələdir, bu işi davam etdirmək istəmirəm və məzuniyyətə çıxıram». Yəni hakimin gücü ona çatdı ki, məzuniyyətə çıxmaqla bu işi davam etdirməkdən yaxasını qurtarsın. Təsəvvür edin ki, hakim vaxtı uzatmaq üçün həmin yazıları ekspertizaya vermişdi, onlar da dərhal əleyhimizə rəy verdilər. Bizim vəkil tutmaq üçün imkanımız yox idi. Onların isə hər cür imkanları vardı… Elə bil, bu oyunların hamısı ona görə qurulmuşdu ki, biz gündəlikdən başımızı götürüb qaçaq həftəliyə. Aprelin əvvəlində işimizi hakim Tahir İsmayılov götürdü. Elşad Abdullayev də mənim haqqımda məhkəməyə materiallar təqdim etmişdi ki, guya «Təzadlar»ı Hacı Məmmədov maliyyələşdirir, guya Mahir Abdullayevi də Hacı Məmmədov oğurladıb, indi də nəzərləri öz üzərindən kənarlaşdırmaq istəyir və s. Hacı Məmmədov o vaxt artıq həbsdə idi, öz canının hayında idi. Onun qəzet-filan nəyinə lazım idi? Belə məntiqsiz, heç bir hüquqi əsası olmayan ittihamlar sürdülər mənə qarşı… Mən də şuşalı Fazil Nəsibova, şair Ənvər Əhmədə, qayınatasına, o biri qardaşına – qarşı tərəfin komandasına daxil olan bu adamlara qarşı xüsusi ittiham qaydasında məhkəməyə müraciət elədim. Hakim Xaqani Tağıyev işi götürdü, çox ədalətli yanaşdı məsələyə… Bizim məhkəməmiz olan gün məhkəmənin qapıları bağlanılırdı. 40-50 adam birdən zala daxil olurdu. Dəhlizdə tərpənmək mümkün olmurdu. Bütün bu təzyiqin qarşısında mən də tək idim. Zümrüd xanımla camaatın arasında qalırıq.    

– Aşıqlar Birliyinin keçmiş sədri?

– Bəli.

– O nə üçün?

– O bizdə Elşad Abdullayevlə bağlı müsahibə vermişdi. Mahir Abdullayevi axtarmaq üçün Elşad Abdullayev hətta Zümrüd xanımın da xidmətindən istifadə etməyə çalışmışdı…

– Yəni o vaxt sizin yazdıqlarınız ilə indi Elşad Abdullayevin dedikləri ilə təxminən üst-üstə düşür?

– Təxminən yox, tamamilə üst-üstə düşür. Hələ biz az yazmışıq, Abdullayev indi hakimiyyətdən tələb etməyə başlayıb ki, mənim qardaşımı siz oğurlatdırmısız, yerini deyin! Belə… 2009-cu il aprelin 7-də hakim hökmü oxudu, məni məhkəmə zalından həbs edərək apardılar. 

– Bir gün sonra da azad etdilər…

 

Mətbuat Şurasının dostu Elşad Abdullayev öz bacısı oğlunu da həbs etdirmişdi

 

– Aprelin 8-də reaksiya oldu, lakin texniki səbəbdən məni ayın 9-da azadlığa buraxdılar. Əslində, həbs olunmamalı idim. Ancaq bildiyim qədərincə, Elşad Abdullayev Arzu adlı bacısı oğlunu əmlak üstündə həbs etdirib.

– Doğma bacısı oğlunu?

– Bəli. Məndən üç gün sonra da onu azad etdilər. Prezidentin göstərişindən sonra məhkəmələrin özlərinə qarşı bir təpki oldu. Mən məhkəmə qaydasında azad edildim, yəni hakimin verdiyi hökm ləğv olundu. Bu da onu lap havalandırdı. Özünü «hüquq elmləri doktoru» hesab edən adam prezidentin bu göstərişini billə-bilə, yenidən Bakı şəhər Apelyasiya Məhkəməsinə müraciət etdi ki, Asif Mərziliyə bundan da ağır cəza verilsin. Təsəvvür edirsinizmi?..

Azad olunandan sonra Mətbuat Şurasının bu məsələyə yenidən baxacağını gözləyirdim. MŞ ən azı gözaydınlığı verməli idi. Çünki Azərbaycanın son 20 illik müstəqillik dönəmində belə bir hadisə olmamışdı ki, məhkəmənin hökmü ilə bir jurnalisti həbs etsinlər, dərhal prezident reaksiya versin və cəmi bir gündən sonra o, azadlığa buraxılsın. Mətbuat Şurası dərhal bunu qiymətləndirməli idi.

– Yaxşı da bir presedent idi.

 

Görün, bunlar nə qədər allahsız adamlardır!

 

– Ümumiyyətlə, dünya mətbuat tarixində belə bir presedent olmamışdı… Bir qədər sonra Rəhim Hüseynov mənə xəbər verdi ki, Mətbuat Şurası İdarə Heyətinin toplantısına qatılım. Mən də özlüyümdə sevinirəm ki, nə yaxşı bunlardan. Getdim, görüşdük! Umud Rəhimov, Rəşad Məcid, Əflatun Amaşovla birgə oturmuşuq. Nə isə, iclas başladı. Gördüm ki, bir-birilərinə baxıb pıçıldaşırlar. Soruşdum ki, Əflatun müəllim, nəsə gözümə qəribə görünürsünüz, nə olub? Rəşad Məcid axırda dözmədi, dedi ki, niyə danışmırsınız? Keçən dəfə müzakirə elədiyiniz bir məsələni indi niyə müzakirə etmirsiniz? Görün, Mətbuat Şurasının düşüncəsi hara kimidir. Prezident məni günahsız bilib həbsdən azad etdirir, bunlar yenidən məni çağırıb, «reket» elan etmək istəyirlər. Təsəvvür edin, bunlar nə qədər qansız, allahsız adamdırlar. Əlimdə məhkəmənin yeni hökmü var və orada göstərilir ki, bu məsələdə mən tam günahsızam və heç bir qanunun tələbini də pozmamışam. Bundan sonra Mətbuat Şurası nəyə əsaslanıb «qərar» çıxara bilər?

– Heç bir məntiqi və qanuni əsası olmayan bir addımdır…

– Sonra Rəşad Məcid açıqlama verdi ki, həmin görüşdən iki gün əvvəl yenə də toplantı keçiriblər və qərara gəliblər ki, «Təzadlar» qəzeti «reket» elan olunsun. Dedim, niyə? Dedi ki, bunu artıq Amaşovun özündən soruş. Əflatun Amaşov mız-mız danışmağa başladı ki, bilirsiniz, Asif bəy, siz o vaxt düzgün eləmədiniz…

– Təbrik etməyin əvəzinə, gilyotin qurublar ki?

– Guya bu adamlar mətbuatın müdafiəçisidirlər. Təzyiqim birdən-birə qalxdı. Soruşdum ki, Amaşov, sən zarafat edirsən, yoxsa ciddi deyirsən? Başladı ki, sənin Elşad Abdullayevin qardaşı ilə nə işin var idi, niyə ABU-dan yazılar dərc etmisən?

– Şeytana papış tikirlər…

– Belə sərsəm fikirlərlə məni yenidən «ittiham» etməyə başladılar. Mən də sakitcə məhkəmənin hökmünü çıxardım və soruşdum ki, burada oturanların az-çox hüquqdan başı çıxanı var? Yerlərindən bir-iki adam söz atmağa başladı ki, sən bizə savadsız deyirsən? Dedim, buyurun, məhkəmə hökmüdür. Bu da onun ləğvi haqqında Bakı şəhər Apellyasiya Məhkəməsinin qərarıdır. Surətini gətirmişəm, oxuyun, tanış olun. Bu ölkədə məhkəmənin çıxardığı qərar qanunidir, yoxsa QHT-nin? Son qərara əsasən, Elşad Abdullayevin iddialarının heç bir əsası olmadığı sübut olunub və mənə bəraət verilib. İddia əsassızdırsa və mən də buna görə bəraət qazanmışamsa, bundan sonra Mətbuat Şurası mənim əleyhimə hansı addımı atsa, demək, artıq özfəaliyyətlə məşğuldur. Axırda da qərara gəldilər ki, bu məsələ baxılmamış hesab olunsun, yenidən bir də onun üzərinə qayıdarlar…

 

Mən Türkiyə səfirliyi ilə barışanda Mətbuat Şurası təlaşlandı

 

– Yenidən «o məsələnin» üstünə qayıtdılar və «Təzadları» «reket» çıxardılar?

– Bir müddət keçdi. Türkiyənin Ermənistanla sərhədləri açma istəyi ilə bağlı silsilə planlar həyata keçirilirdi və bu da Azərbaycanda bir ajiotaj yaratmışdı. Ramazan bayramı ərəfəsi idi və Türkiyənin Azərbaycandakı səfiri Nəşriyyata, Mətbuat Mərkəzinə gəldi və paxlava payladı. Diplomatik qaydalar var. Səfir öz hərəkətləri ilə bağlı öncədən XİN-ə məlumat verməlidir. Səfirin getdiyi hər bir ərazi üzrə trayektoriya seçilir. Burada təhlükəsizlik və digər siyasi məsələlər var. Yoxsa səfir heç bir dövlət orqanını əvvəlcədən xəbərdar etmədən istədiyi yerə gedib, paxlava paylaya bilməz. Bu bir qanundur. Əgər bu addımın siyasi mənası yoxdursa, deməli, başqa bir mənası var. Səfir mətbuatla əlaqələrini həmin ərəfədə isitmək istəyir və onun paxlava paylamağını da biz rüşvət kimi qəbul etdik. Bunu qəzetdə beləcə də dərc etdik. Səhəri gün başılovlu məni yenidən Mətbuat Şurasına çağırdılar.

– Sevinclərinin yəqin həddi-hüdudu olmayıb…

– Mən də üzüyola adam olduğum üçün getdim.

– Üzüyola olubsunuz ki, onlar da istədikləri qərarı könülxoşluğu ilə çıxarıblar da… Siz MŞ-nın üzvüsünüzmü?

– Bəli. İndi də üzvüyəm. Həmin iclasa Türkiyə səfirliyinin mətbuat attaşesi də qatıldı. Dedi ki, səfiri belə bir şeydə ittiham etmisiniz. Mən də dedim ki, bu ölkənin korrupsiya ilə bağlı müvafiq qanunu var. Əvvəlcə onunla tanış olun. Vəzifədə olan insanlara adi qələm bağışlamaq belə rüşvət sayılır. Bəxtiyar Sadıqov dedi ki, bəyəm paxlava rüşvətdir? Dedim ki, Bəxtiyar Sadıqov, bir var prezident sənə qələm bağışlasın, bir də var mən. Onun fərqi olacaq sənin üçün? Dedi, əlbəttə olacaq. Dedim, bir var mən sənə paxlava verəm, bir də var səfir, bunun yerlə göy qədər fərqi var. Bundan əvvəl, vəziyyət gərgin olmayanda Qurban bayramı keçirilmişdi, onda niyə səfirlik jurnalistləri paxlavaya dəvət etmirdi?

Səhəri gün səfirlik məni dəvət etdi. Ora da getdim, məni çox yüksək səviyyədə qəbul etdilər. Səfirin baş müşaviri, müavini, mətbuat attaşesi və digər müşaviri ilə söhbət etdik və belə qərara gəldik ki, bununla bağlı səfirliyin də mövqeyini işıqlandıraq. Sadəcə onlara çatdırmaq istədim ki, bizim qəzetin səfirə qarşı heç bir pis niyyəti yoxdur. Mətbuat Şurası eşidəndə ki, Türkiyə səfirliyi məni qəbul edib, dərhal təlaşlandı ki, demək, bunlar artıq barışmaq üzrədirlər. «Media forum» mənə zəng vurub xəbər verdi ki, MŞ-nın «Təzadlar»la bağlı rəyi yayılıb və qəzeti «reket» elan ediblər.

Allah… Allah… Siz səfirliklə görüşəndən sonra?

– Bəli..

– Hər şey öz normal axarına düşəndən sonra?

 

Davamı gələn saylarımızda

 

Hazırladı:

XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 053 (462), 07 oktyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button