“Məni əmin ediblər ki, TAP dayandırılacaq…”

İtaliyanın Melandunyo şəhərinin meri Marko Potti Azərbaycan qazının Avropaya nəqli üçün çəkilən TAP kəmərinin “dayandırılacağına” əmindir.

Virtualaz.org İtaliya KİV-lərinə istinadən xəbər verir ki, mer bu barədə hökumət koalisiyasının üzvü olan “5 Ulduz” (M5) partiyasından onu əmin etdiklərini bildirib.

Merin bu bəyanatı Leççe əyalətində TAP kəmərinin tikintisinə qarşı baş tutmuş növbəti etiraz aksiyasından sonra səslənib. Marko Potti deyib ki, ona verilən məlumata görə “5 Ulduz” hərəkatı TAP-la bağlı məsələni yaxından izləyir və bu layihənin ətraf mühitə təsirləri barədə narahatlıqları nəzərə alır.

Merin fikrincə TAP-ın yaratdığı ekoloji problemlər və məhkəmə iddiaları baxımından bu layihənin taleyi hələ tam aydın deyil. Onun sözlərinə görə, “5 Ulduz” hərəkatının da mövqeyi hələ müəyyən deyil, ancaq bu hərəkatdan olan nazirlər layihənin dayandırıla biləcəyini deyirlər.

Marko Potti deyib ki, prezident Sercio Matarella ötən bir il ərzində kəmərin keçdiyi cənub bölgəsinin merlərinin məktublarına cavab verməyib. Amma bu günlərdə Azərbaycana səfəri zamanı bəyan edib ki, TAP başa çatdırılacaq və işə düşəcək. “Bu, o cümlədən yerli administrasiyalardan da formalaşan dövlətə qarşı o qədər də sayğılı münasibət deyil”-mer deyib.

“5 Ulduz” hərəkatından hökumət üzvü, xarici işlər və beynəlxalq əməkdaşlıq üzrə dövlət katibinin müavini Manilo Di Stefano isə “La7” telekanalına müsahibəsində deyib ki, TAP qaz kəməri başa çatdırılacaq və hökumət buna hazırdır. “Lakin bizə boru kəmərinin marşrutunun dəyişdirilməsi üçün münasib yer tapmaq lazımdır”-o bildirib. Di Stefano kəmərin San Foka bölgəsindən yan keçə biləcəyini istisna etməyib.

“5 Ulduz” hərəkatı rusiyameylli siyasi qüvvədir və bu hərəkat illərdir İtaliyanın cənubunda TAP kəmərinə qarşı etirazlar təşkil edib, kampaniya aparıb. Hazırda İtaliya hökuməti “5 Ulduz” hərəkatı ilə birlikdə digər rusiyameylli qüvvə-“Şimal liqası” ilə koalisiya şəklində formalaşdırılıb. Yeni hökumətin ətraf mühit naziri Serjio Kosta bəyan etmişdi ki, TAP gərəksiz layihədir və hökumət bu layihəyə yenidən baxacaq.

Belə görünür ki, İtaliyanın yeni hökuməti TAP-ın dayandırılmasının mümkün olmadığını nəzərə alır, amma kəmərin İtaliya hissəsinin marşrutunun dəyişdirilməsi üçün cəhdləri davam etdirir. TAP konsorsiumu isə bildirir ki, kəmərin marşrutunun dəyişdirilməsi onu 4-5 il geri sala bilər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button