Məni təhdid edənlərə…

əvəz etatist 4

Əvəz Zeynallı

avazzeynalli2015@gmail.com

Qaynar Qazan

Biriləri Əjdər Tağızadədən aldığım müsahibəyə görə məni hədələməyə təşəbbüs etmiş. İllərlə yan-yana gəzdiyi adamın müsahibə verməsindən və danışmasından qorxmuş və mənə də xırda bir pay göndərmiş. Təhdid etmiş. Bunlara – bu “inzibatçı demorkrat”lara elə gəlir ki, bunların istəmədiyi heç kim danışmamalıdır. Azərbaycan mətbuatını məhv edənlərin boşqablarını yalayanlar, onların səngərinə girib azad və müstəqil medianı boğanlar, “general” mundiri geyinənlərin əmri ilə üzəduran qismində üzümüzə duranlar, qəzetləri susduranlar bununla yetinmirlər. 3-4 sayt açıblar, 1-2 yazı yazıblar, özlərini bu millətin darğası hesab edirlər. Sən demə, bunların icazəsi olmadan nəfəs almamalı imişik…
Mən bunların dostluğunu gördüm. İşlərinə gələndə ayaqlarının altına kimi sərilənlər, işlərinə gəlməyəndə üstümüzə şeşələndilər. Bu iqtidarın koridorlarında özlərini bəzi “iribuynuzlu” məmurların adına və yanına bağlayan, özlərinə bunlardan qohum tutanlar məni çox yaxşı tanıyırlar. Mən onların şərini, böhtanını, çirkin iftiralarını, üzə durmalarını, Ağır Cinayət Məhkəməsinin zallarında barmaqlarını mənə tuşlayaraq “sənin yerin oradır” demələrini gördüm. Mən onların insanları necə bədbəxt etdiklərini, onların faciələrinin üzərində özlərinə necə xaniman qurduqlarını bilirəm. Mən onların içəri atdırdıqlarını, həbsxana həyatı yaşamağa məcbur etdirdikləri məhbusları tanıyıram. Onları danışdırmışam, hamısını qeydlərə köçürmüşəm. Bunların kürkünə birə düşüb. Bunlar yazıların, müsahibələrin qarşısını ala bilmirlər, qorxudub çəkindirmək imkanları yoxdur, məni tanıyırlar. Bunların fikirlərini dərc edirsən, ondan belə qorxur, yazılarının – cavab haqlarının belə çıxarılmasını tələb edirlər. Bunlar mətbuatı hələ öyrənə bilməyiblər, güman ki, bundan sonra da öyrənə bilməyəcəklər. Çətin…
Mən şərinizi, böhtanınızı, iftiranızı gördüm. Ağır Cinayətlər Məhkəməsinin zallarını yaşatdınız mənə. Ağır həbsxana həyatından keçdim. Düşündükləriniz olmadı. Olmayacaq. Mənə hədə-qorxu, şantaj keçməz. Mən daha sizin körpünüzdən keçmərəm. Buraxın bu məsələləri. Onun-bunun kürəyinin arxasında gizlənib ev yıxmağı, işıq söndürməyi tərk edin. Kimin sözü, cavabı varsa, gəlin fikirlərinizi bildirin, yazılarınızı göndərin. İnanın, mən sizin iblisliklərinizin haqq-hesabını sormağa gəlmədim, onu həbsxanada gördüyüm Tanrının ixtiyarına buraxmışam. Mən mətbuatda at oynadanların, sözü monopoliyaya alanların tərəfində deyiləm.
Ağıllı.olun. Axı “bizi birləşdirən dəyərlər bizi ayıran dəyərlərdən çoxdur”))) İşinizə gələndə belə deyirsiniz amma?)))

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button